ZƏHMƏTKEŞ İNSANLAR
Baxılıb: 939 Tarix: 21-01-2019 13:33
Müəlliflərdən: “İnsan zəhmətkeş deyilsə, xoşbəxt ola bilməz”.
Hər bir insan zəhməti ilə seçilir. İnsan nə qədər zəhmətkeş olarsa o qədər də xoşbəxt olar. Əlbəttə, öncə bir şeylərə başlamaq göz qorxuducudur. Amma unutmayın ki, hər bir insan hansısa bir şeyi bütün səmimiyyəti ilə istəyirsə və onu əldə etmək üçün bir zaman və zəhmət sərf edirsə mütləq çıxış yolu tapır. Amma natamam şəkildə istəyirsə, belə olduqda çıxış yolu tapa bilmir. Bu səbəbdən nəyə nail olmaq istəyirsənsə mütləq zəhmətə alış. İnsanı hər bir uğura aparan yolun başlanğıcı zəhmətlə başladığı kimi, nəticəsi də zəhmətdən asılıdır. Hətta statistikalara görə insanın əldə etdiyi nailiyyətin cox cüzi faizini istedad təşkil edir. Çox böyük faizi isə zəhmətin payına düşür. O üzdən bütün nailiyyətlər bilavasitə zəhmətlə baglıdır.
Əziz oxucular! Siz hər dəfə əlinizə hər hansı qəzet və jurnalı alanda ilk dəfə oradakı yazıları, eləcə də fotoşəkilləri görür, onların müəllifləri ilə tanış olursunuz. Hansı publisistik yazının, hekayənin, oçerkin, araşdırmanın yaxşı və ya zəif olduğunu özünüz müəyyənləşdirir, istədikdə xoş sözlərinizi, iradlarınızı, arzu və təkliflərinizi həmin müəllifə, yaxud redaksiyaya zəng edib bildirirsiniz. Beləliklə, Siz jurnalistlərimizi və qələm sahiblərimizi imzaları ilə tanıyırsınız. Lakin mətbuat aləmində çalışan, nəcib, xeyirxah əməkləri, yaradıcı fəaliyyətləri ilə qəzet və jurnallarımızın nəfis, gözəl çıxmasına səy göstərən adamları nə görür, nə də tanıyırsınız. Necə deyərlər, teatrda olduğu kimi, səhnə arxasında qalırlar. Onlar neçə-neçə peşənin sahibidirlər. Çapçılar, yığıcı-operatorlar, dizaynerlər, texniklər, fotoqraflar, cildçilər, korrektorlar, təsisçilər...
Hamısını sadalamaqmı olar? Bax, həmin səhnə arxasında olanların böyük zəhmətini yalnız redaksiya əməkdaşları görürlər. Qəzetimizin, eləcə də digər mətbuat orqanlarının gözəl, yaraşıqlı, səhvsiz çıxmasında böyük xidmətləri olan işçilərdən bir qismi də yığıcı-operatorlardır. Onların işlərini bir növ zərgər əməyi ilə müqayisə etmək olar. Çox diqqət, səriştə, səbir, hövsələ tələb edən işdir yığıcı-operator işi. Heç də təsadüfi deyil ki, bu işdə çalışanların hamısı qızlar və qadınlardır.
“Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində kompüter mərkəzi yerləşir. Orada xeyli müddətdir Sevda Əliyeva adında yığıcı-operator çalışır. Öz peşəsinin vurğunu olan Sevda xanıma başqa redaksiyalardan təkliflər gəlsə də, o öz doğma iş yerini atıb getməyib. Buradakı hörmətini başqa kollektivə dəyişmək istəməyib. Öz sənətinin bütün incəliklərini öyrənən Sevda xanım dizayner işini də görməyə qadirdir. Nə vaxt redaksiyaya getsən, burada canlı, yaradıcı iş gedir. Kim səhvsiz yazı yazmaq istəyirsə, Sevda xanıma müraciət edir. Çünki o, mətni yığmaqla bərabər oxuyur, hətta redaktə də edir. Qəzet işçiləri, jurnalistlər yaxşı bilirlər ki, redaktə işi çox qəliz və çətindir. Bu işin öhdəsindən bacarıqla gələn S.Əliyevanı məhz buna görə çox istəyirlər. Ona yığmaq üçün mətn verən şəxslər narahat olmurlar. Bilirlər ki, Sevda xanımın əlindən çıxan işə söz ola bilməz. İnsanı yer üzünün əşrəfi qılan yüksək mənəvi keyfiyyətlərdən biri də “xeyirxahlıq” adlı anlayışın əməldə təzahürüdür. Bu keyfiyyətə qədər insan kiçik yaşlarından müəyyən mərhələlər, tərbiyə prosesi keçir. Həmin mərhələlərdən biri əməksevərlik, əməyə məhəbbət tərbiyəsinin aşılanması dövrüdür. Bu mərhələni lazımi səviyyədə qət edən şəxs, nəticədə, xeyirxah bir insana çevrilir.
Nədir əməyə məhəbbət, əməksevərlik? O, insana hansı duyğuları bəxş edir, onda hansı keyfiyyətlər formalaşdırır? Nəhayət, əməksevərlik bir insanda necə təcəlli edir? Ən əvvəl qeyd edək ki, insan oğlunun ilk tərbiyə məktəbi olan ailə mühiti, digər tərbiyə növləri kimi, gələcəyimiz olacaq övladlarımıza əməksevərlik tərbiyəsini də təlqin etməyə borcludur. Bu tərbiyəyə, başlıca olaraq, uşaqların etdiklərinə, dediklərinə görə məsuliyyət hissi duyduqları andan başlanmalıdır. Elə bir insan tapılmaz ki, istəyi, arzusu və diləyi olmasın. Yenicə anadan olmuş körpənin belə, istəyi olur. Bu istəyə zaman ötdükcə arzu, daha sonra isə dilək əlavə olunur. Məhz arzulara, diləklərə çatmaq əməksevərliklə mümkündür; zəhmət çəkməklə arzuya çatmaq insana verilən ən dəyərli nemətdir. Sevda xanım tez-tez mətbuatımızın moqikanı Məzahir Süleymanzadənin adını çəkir. Bildirir ki, vaxtilə onun baş redaktoru olduğu “Səhər” gündəlik qəzetində çalışıb, müəyyən təcrübə toplayıb, yaşca özündən böyüklərdən öyrənərək təcrübə əldə edib. Nəsimidən, Mehdidən, Rizvandan, Mahirdən, Zemfiradan, Sənubərdən, Svetlanadan, Süleymandan və adlarını unutduğu digər işçilərdən çox şeyi görüb-götürüb. Əsl kollektivçiliyin də məhz “Səhər” qəzetində şahidi olub. Deyir ki, kollektivin rəhbəri yerində olanda orada mehribançılıq da var, səmimiyyət də, ruzi-bərəkət də... Tanınmış qələm sahibləri, bayaq adını çəkdiyimiz Məzahir Süleymanzadəni, Hidayət Elvüsalı, Rəhman Orxanı, Nemət Veysəlini, Mahir Nemətoğlunu, Əməkdar jurnalist İldırım Dəmirlini, böyük naşir və şair Əlirza Xələflini, tanınmış jurnalistlər Zərbalı Mirzəni, Mahir Süleymanzadəni, istedadlı qələm sahibi Hikmət Məlikzadəni və başqalarını burada görəndə adamın ürəyi dağa dönür. Bu iftixar hissini yaradan məhz Sevda xanımın özüdür. Onu həmişə müasir gənclərin arasında da görmək olar. Çünki gənclər daim ondan öyrənməyə çalışırlar. Sevda xanım da səbirlə, təmkinlə bildiklərini bu gənclərə ötürür. Özünün şirinliyi, həlimliyi, mehribanlığı onu deməyə əsas verir ki, nə yaxşı indi belə xasiyyətli qəzet işçiləri var. Cəfakeş, fədakar xanım Sevda Əliyevanın hər iş günü gərgin və həm də maraqlı keçir. O, bütün işlərin öhdəsindən bacarıqla, operativliklə gəlir. - Çox adamla ünsiyyətdə oluram - peşəmin xüsusiyyətidir bu. Böyük fəxrlə gözəl-göyçək qızlarımıza, yaraşıqlı oğlanlarımıza yaxınlaşıram, inanın bir-iki kəlmə ardıcıl deyə bilmirlər. Qolum-qanadım yanıma düşür. Min bir çalarlı dilimiz bumu? İstəyirəm, bütün insanların nitqi gözəl olsun, savadlı gəncliyimiz yetişsin. Savadlılarımız da, biliklilərimiz də var, amma 10 milyonluq bir dövlət üçün çox azdır - deyir Sevda xanım. Bir arzusunu bildirdi: - Kaş inamları öldürülmüş, ümidləri qırılmış qızlarımızın hamısı evlərinə dönəndə pəncərələrində işıq görsünlər. Və bu, yaddan çıxıb söndürülməyən işıq olmasın. Onların istəklilərinin yandırdığı işıq olsun... Yazımızın başlanğıcında “İnsan zəhmətkeş deyilsə, xoşbəxt ola bilməz” dedikdə məhz bunu nəzərdə tuturduq.
Axı həyatda heç bir istədiyinə çata bilməyən, heç bir nailiyyət əldə edə bilməyən biri necə xoşbəxt ola bilər?
Cəmil ZƏBHULLAOĞLU,
Daşdəmir ƏJDƏROĞLU.
Ən çox oxunanlar
Son xəbərlər