Ermənistan malları üçün təcili tədbirlər paketi hazırlanır

Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Ermənistan mallarının Avropa İttifaqı (Aİ) bazarına çıxışını genişləndirmək üçün təcili tədbirlər paketi hazırlayır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı üçün tariflərin azaldılmasını nəzərdə tutan avtonom ticarət tədbirləri hazırlayır.
AK-nın nümayəndəsi Olof Gillin sözlərinə görə, yeni tədbirlər daha çox Ermənistan şirkətinin Avropa bazarına çıxışına kömək etməli və məhdudiyyətlərdən ən çox zərər çəkmiş iqtisadiyyat sahələrini dəstəkləməlidir.
Bildirilir ki, Aİ Ermənistana etibarlı iqtisadi tərəfdaş kimi çıxış etməyə hazır olduğunu nümayiş etdirmək niyyətindədir. Təxminən 20 məhsul katerqoriyası üzrə ümumi illik dəyəri təxminən 420 milyon avro təşkil edən təşəbbüsün qəbul edilməsi üçün Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqi tələb olunacaq.
Bununla belə, Ermənistanın əsas ixrac məhsullarından biri olan konyak da daxil olmaqla, bir sıra məhsulların Aİ daxilində suallar doğurduğu bildirilir. Digər bir narahatlıq isə ölkənin dənizə çıxışının olmaması ilə bağlıdır. Belə ki, bu halda Ermənistandan tez xarab olan məhsulların Türkiyə və ya Gürcüstan vasitəsilə logistikası Aİ-ni narahat edir.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, meyvə-tərəvəzlərin və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.
Qanunvehedef.az




















