Türkiyə S-400-dən sonra Su-57 alır? – Sensasion gediş
Baxılıb: 464 Tarix: 28-08-2019 15:05
ABŞ Müdafiə nazirinin satış və və logistika təminatı üzrə müavini Ellen Lord ötən gün Türkiyənin bir ildən sonra tam şəkildə F-35 proqramından kənarlaşdırılacağını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfər etməsi, eləcə də MAKS-2019 aviasalonunda nümayiş olunan Rusiyanın ən yeni Su-57 qırıcısına baxması, Putindən “Su-57-ləri almaq olar?” deyə soruşması və müsbət cavab alması Türkiyənin bu qırıcıları alacağı məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı açıqlama verən politoloq Natiq Cəfərli bildirib ki, sözügedən qırıcıların alınması üçün uzun müddət danışıqlar aparılmalıdır. Onun sözlərinə görə, hazırkı vəziyyətdə qısa zamanda bu qırıcıların alınması real görünmür:
“Əslində, Türkiyə ilə Rusiya arasındakı hərbi yaxınlaşma Qərb dövlətlərini, o cümlədən NATO üzvü ölkələri və ABŞ-ı narahat edir. Çünki burada təhlükəsizlik məsələsi var. Hərbi texnologiyalara giriş əldə edən Rusiya sistemləri NATO üçün də təhdid yarada bilər. S-400-ləri aldıqdan sonra ABŞ-la Türkiyə arasında gərginlik artdı. Türkiyə uzun zamandır F-35 proqramının iştirakçısı idi. Hətta türk şirkətləri F-35-in müəyyən detallarının istehsalı ilə məşğul idilər. Bu, həm Türkiyəyə əlavə qazanc gətirirdi, həm də bu yolla yeni ixtisaslaşmış mütəxəssislər yetişdirirdi. S-400 böhranından sonra F-35-lərlə bağlı proqramda durğunluq yaranıb. Türkiyə bu hərbi təyyarələrdən cəmi ikisini ala bilib. Qalanlarının təslim edilməsi isə ümumiyyətlə təxirə salınıb. İndi isə F-35 qırıcılarının əvəzinə Rusiya istehsalı təyyarələrin alınması məsələsi gündəmə gəlib. Türkiyə NATO üzvü olduğu üçün hərbi sahədə atdığı addımları müəyyən mənada NATO ölkələri ilə razılaşdırılmalıdır. Ərdoğanın bu günə qədər atdığı addımları NATO dövlətləri ilə razılaşdırmaması ciddi reaksiyalara səbəb olub. Düzdür, burada Türkiyəni tam şəkildə günahlandırmaq olmaz. Çünki S-400 almamışdan əvvəl Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-la danışıqlar aparırdı. Bu danışıqlar nəticə vermədiyi üçün S-400-lər alındı. Rusiya qırıcı təyyarələrinin və hava hücumundan müdafiə qurğularının həmin sistemə inteqrasiya olunması məlumatların təhlükəsizliyi ilə bağlı müəyyən suallar yaradır. Çünki Türkiyə NATO ölkəsi olduğuna görə digər NATO sistemləri ilə də inteqrasiya olunmuş bir müdafiə sistemi var. Buna görə də düşünürəm ki, Rusiyadan qırıcı təyyarələrin alınması ilə bağlı sürətli bir qərarın qəbul olunması real görünmür. Amma Rusiya çalışır ki, Türkiyə NATO-dan uzaqlaşsın və Rusiya ilə hərbi əməkdaşlıqda daha ciddi addımlar atsın”.
Politoloq Türkliyə ilə Rusiyanın tam yaxınlaşmasının mümkün olmadığını bildirib:
“Hərbi, siyasi, geosiyasi məsələlərdə Rusiya ilə Türkiyənin mövqeləri tamamilə bir-birinə ziddir. Yəni bu iki dövlətin yaxınlaşması bir az çətin görünür. Suriya məsələsinin özündə də Türkiyə ilə Rusiya iki müxtəlif qütblərdə dayanıblar. Düşünürəm ki, Ərdoğanın Rusiyaya səfərinin əsas məqsədi qırıcı təyyarə alınması deyil, Suriya ətrafında, əsasən də İdlibdə baş verən son hadisələrlə bağlı Rusiya tərəfdən müəyyən güzəştlərin edilməsinə çalışmaqdır”.
N.Cəfərli Ərdoğanın Rusiya səfərindən sonra ABŞ-ın F-35-lərlə bağlı qərarının ləğv edilə biləcəyini də söyləyib:
“Belə gözlənti hər zaman var. Düşünürəm ki, bununla bağlı danışıqlar da gedir. Bir sıra məsələlər mətbuata açıqlanmasa da, danışıqlar davam edir. Hətta belə bir ehtimal da var ki, bu ilin sonuna qədər ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etsin. Əgər bu səfər reallaşsa, ciddi fikir ayrılığı olan məsələlərdə yaxınlaşma müşahidə oluna bilər. Açığı, son bir həftədə ABŞ-Türkiyə arasında müəyyən yaxınlaşma da var. Məsələn, Türkiyə ilə ABŞ əsgərləri Suriyanın şimalında təhlükəsizlik bölgəsinə birgə nəzarət etməyə başlayıblar”.
Ekspertin fikrincə, Ərdoğan yaranmış ziddiyyətlərdən istifadə edərək Türkiyə üçün daha yaxşı nəticələr əldə etməyə çalışacaq:
“Türkiyə anlayır ki, Rusiya ilə hərbi məsələlərdə yaxınlaşma ABŞ tərəfindən qıcıqla qarşılanır və bu qıcıq qarşısında ABŞ güzəştə getməyə razılaşır. Mənə elə gəlir ki, Türkiyə xarici siyasəti çoxtərəfli bir oyunun üzərində qurulub. Yəni Ankara Rusiya ilə danışıqların davam etdirilməsinə və bunun fonunda Qərbdən müəyən güzəştlərin əldə edilməsi üçün şəraitin yaradılmasına çalışır. Hələlik görünən odur ki, belə bir taktika seçilib. İlin sonuna qədər Trampın səfəri baş tutsa, ola bilsin ki, daha ciddi razılaşmalar imzalansın. Yəni Türkiyə ilə ABŞ arasında yaxınlaşma daha da dərinləşə bilər. Razılaşmalar alınmasa və Türkiyə doğrudan da üzünü Şərqə tərəf çevirsə, Qərblə münasibətləri daha da gərginləşə bilər. Təəssüf ki, Türkiyə iqtisadiyyatı çox ciddi şəkildə Qərbdən asılı vəziyyətdədir. Ona görə də Qərbdən uzaqlaşma Türkiyə iqtisadiyyatında çox ciddi dalğalanmalara səbəb ola bilər”.
Ən çox oxunanlar
Son xəbərlər