Trampın İrana sanksiyasının əsl hədəfi – Bazar savaşı?
Baxılıb: 617 Tarix: 05-11-2018 14:11
Əlbəttə, ABŞ-ın İrana qarşı sanksiyalarının arxasında siyasi məqamlar durur. Amma burda maliyyə məsələlərini istisna etmək olmaz.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, burada ilk növbədə İranı iqtisadi cəhətdən çökdürməklə, siyasi rejimin dəyişdirilməsi nəzərdə tutulur:
“Əslində, avqust sanksiyalarından sonra İranda iqtisadi vəziyyətlə bağlı çətinliklər yarandı. Hətta Ruhani bununla bağlı bəyanat da vermişdi. Amma İran təxminən ötən əsrin 50-ci illərindən başlayaraq, dəfələrlə sanksiyalarla üzləşib. Uzun müddət İran iqtisadiyyatında avtarkiya (ölkə tələbatı olan malları maksimum dərəcədə özü istehsal edir, iqtisadi baxımdan idxaldan və kənar mənbələrdən asılı olmamağa çalışır) rejimi olub. Yəni ölkə bu cür sanksiyalara hazırlıqlı vəziyyətdədir. İran öz tələbatı olan məhsullarla özünü təmin edə bilir. Bu rejim demək olar ki, artıq İran cəmiyyətində bir növ belə sanksiyalara qarşı immunitet yaradıb. İran dəfələrlə belə böhranlı vəziyyətlərdə kəmərləri bərk sıxa bilir. Qənaət və müəyyən çətinliklər hesabına bu böhranlı vəziyyətlərdən çıxmağı bacarıb”.
Politoloqun sözlərinə görə, bütün bunlar ABŞ-ın bu məsələdə istədiyinə tam nail olacağını şübhə altında qoyur:
“Digər tərəfdən, sanksiyaların birinci mərhələsindən əvvəl ABŞ-dan olan böyük ekspert qrupu dünya, xüsusilə də Avropa ölkələrini İrandan neft idxalını dayandırmağa səsləmişdi. Amma onların bu addımı uğurlu olmadı. Çünki İranın dünya birjalarına çıxartdığı neftin həcmi çoxdur. Avropa ölkələri bundan imtina etsə də, İrandan neft almağa hazır olduğunu bəyan edən başqa ölkələr var. Sanksiyalarla bağlı müzakirələr yeni başlayanda Türkiyə və Çin ABŞ sanksiyalarına baxmayaraq, İrandan neft alacaqlarını bəyan etmişdi. Bunu istəyir rəsmi, istərsə də qeyri-rəsmi yollarla həyata keçirəcəklər. Hindistan da yəqin ki, İrandan neft idxalını dayandırmayacaq”.
Politoloq qeyd edib ki, bu məsələdə xüsusilə Çinin üzərində dayanmaq lazımdır:
“Çin dünyada hazırda ən güclü maliyyə ixracatçısı, yəni sərmayədardır. Məsələn, İranın enerji sektoruna Çinin qoyduğu sərmayə onmilyardlarla ölçülür. İranın iqtisadiyyatında Çin yalnız idxalçı kimi deyil, eyni zamanda, sərmayə qoyub, buradan qazanc götürən tərəf kimi iştirak edir. Buna görə də düşünürəm ki, Çinin qətiyyəti birmənalıdır. Nəzərə alaq ki, ABŞ artıq Rusiya və Çini öz milli maraqlarına birbaşa təhlükə hesab edib və Çinlə açıq şəkildə iqtisadiyyat müharibəsi aparır. Bu baxımdan Çinin və Türkiyənin bu məsələdə geri çəkiləcəyi inandırıcı görünmür”.
Politoloq vurğulayıb ki, son vaxtlar neft idxalı və ixracı məsələsində ABŞ-ın oyunlarının arxasında öz maraqları durur:
“Dünya bazarında İranın böyük bir kvotası var. Embarqolar tətbiq edildikdən sonra həmin kvotaların bir hissəsi bazara çıxarılmayacaq. Bu zaman digər dövlətlər artıq həmin kvotanı doldurmaq mübarizəsinə başlaya bilər. Bu yaxınlarda Səudiyyə Ərəbistanı İranın dünya bazarlarında embarqo qoyulacaq kvotasının yerini doldura bilməyəcəyi ilə bağlı bəyanat verdi. Bu çox spekulyativ bəyanatdır. Amma mənə elə gəlir ki, istənilən halda o yer boş qalmayacaq. Həmin yeri doldurmaq üçün Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela, eləcə də OPEK ölkələri mübarizə aparacaq. İranın payını öz aralarında bölüşməyə çalışacaqlar. ABŞ-ın özü də bu oyunda maraqlı ola bilər. Çünki Tramp biznesmendir və pulu da yaxşı hesablamağı bacarır. ABŞ-ın özünün istehsal etdiyi şist neftinin uğurlu satış qiyməti 60 dollardan sonra başlayır. ABŞ-da şist neft istehsal edən böyük şirkətlər var. Digər tərəfdən ABŞ ixracatçıdır və neft hasilatında aparıcı dövlətlərdən biridir. Kim təminat verə bilər ki, Tramp bu sanksiyalar yolu ilə ABŞ şirkətlərinin dünya bazarında müəyyən kvotaları ələ keçirməsinə çalışmır?! Əsas məsələlərdən biri budur və bu məqam nəzərdən qaçırılmamalıdır. Həmin şirkətlər ABŞ-a çox güclü vergi ödəyir. Düşünürəm ki, Trampın İran nefti ilə bağlı oyunlarının arxasında bu məqam da durur”.
Ən çox oxunanlar
Son xəbərlər