Bakının "partladılmasına" kimlər göz yumub? - Dövlət qurumları çətin sual qarşısında
Baxılıb: 1 014 Tarix: 03-01-2019 14:35
Növündən asılı olmayaraq pirotexniki vasitələrin ölkə ərazisinə gətirilməsi və satışı qanunla qadağan olunub. Buna baxmayaraq Yeni il ərəfəsində ölkənin müxtəlif yerlərində, xüsusən də paytaxt Bakıda bu vasitələrin açıq-aşkar satışı aparılıb. Yeni il gecəsi isə şəhərin mərkəzindəki partlayışlar, bulvardakı atəşfəşanlığı kölgədə qoyub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov qaynarinfo-ya açıqlamasında qurumun bu məsələyə münasibətinin birmənalı olaraq mənfi olduğunu və bu vasitələrin Dövlət Gömrük Komitəsi tərəfindən ölkəyə buraxıldığını bildirib:
"Pirotexniki vasitələri Dövlət Gömrük Komitəsi ölkəyə buraxıb. Satışa icazə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid məsələ deyil. Onu satanlar bu məhsulları qeyri-leqal yollarla gətiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin pirotexniki vasitələrlə bağlı bir mövqeyi var: Onlar qadağandır və Bakı şəhərində satışı yolverilməzdir. Bunun qarşısını da hüquq mühafizə orqanları almalı idi. Bakı Şəhər Ticarət Departamenti Yeni il yarmarkaları təşkil etmişdi və həmin yarmarkalarda da yeni ilə aid ləvazimatlar, yolkalar, cürbəcür bəzək əşyaları satılırdı. Orada hər hansı pirotexniki vasitənin satışı yolverilməzdir və buna icazə də verilməyib. Mən özüm də şahidi olmuşam ki, metroların qarşısında səyyar şəkildə pirotexniki vasitələrin satışı aparılırdı. Buna Bakı Şəhər İcra Hakimiyyəti yox, birbaşa hüquq mühafizə orqanları cavabdehdirlər. Onlar cavab verməlidirlər ki, şəhər ərazisində nə üçün bu qədər pirotexniki vasitə var idi?! Keçmək mümkün deyildi. Dənizkənarı bulvarın ərazisində atəşfəşanlıq zamanı olan vəziyyəti hamımız gördük. Buna münasibətimiz çox mənfidi, polis orqanları tərəfindən bu problem aradan qaldırılmalıdır".
Qeyd edək ki, bu vasitələrin satıldığı yerlərdə polis əməkdaşları dolaşsalar da, satışa heç bir şəkildə müdaxilə edilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Qaynarinfo-ya açıqlamasında hüquq mühafizə orqanlarının bu barədə reydlər keçirdiyini deyib:
"Biz bunun qarşısının alınması məqsədilə keçirilən reydlərlə bağlı gündəlik olaraq məlumat vermişik. Dəqiq deyə bilmərəm, amma bunların satışında müəyyən texniki parametrlər olmalıdır. Onu ekspertlərin biri ilə dəqiqləşdirə bilərsiniz. Eləsi var ki, adi bir partlayışdı. Deyirlər ki, o da yığışdırılmalıdır, lakin eləsi də var ki, güclü səsyayma qabiliyyətinə malikdir. Dediyim kimi müəyyən texniki göstərici var ki, həmin həddə qədər yəqin ki, satışına icazə verilir. Bəziləri deyir ki, bu qədər vasitə necə gətirilib və s. Bu, bizim işimiz deyil, amma bütün hallarda polis orqanları tərəfindən müvafiq tədbirlər görülüb".
Dövlət Gömrük Komitəsi isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib. İddia olunur ki, gömrükdə saxlanılaraq depolara yığılmış pirotexniki vasitələr elə qurumun əməkdaşları tərəfindən bazara ötürülüb.
Ən çox oxunanlar
Son xəbərlər