Ağstafa qətliamı və erməni nümunəsi...
Baxılıb: 941 Tarix: 19-06-2019 12:44
2010-cu ilin iyununda Mübariz İbrahimov cəbhə xəttini keçərək, erməni hərbçilərini məhv etdi və xalqımızın qisasını aldı. 2019-cu ilin iyununda qarabağlı gənc Ağstafada bazara girərək, öz həmvətənlərini güllələdi və atasının “qisas”ını aldı.
İki hadisə arasındakı paradoks bizim cəmiyyət olaraq bəzi şeyləri hələ də yanlış etdiyimizi göstərir. Ağstafada qətliam törədən gənc atasının intiqamını almaq üçün 12 il gözləyib, silah-sursatını hazır saxlayıb. Və atasının qatilləri ilə yanaşı, günahsız insanları, xüsusən qadınları da güllələyib.
Yuxarıda qeyd etdiyimiz kimi, qətli törədən gənc Qarabağdandır. O Qarabağ ki, ermənilər orada həmin gəncin babalarını, nənələrini maşına bağlayıb sürüyüb, bacılarını zorlayıb, analarının qarnından qardaş-bacılarını çıxarıb süngüyə taxıblar. Ortaya belə bir sual çıxır: Axı niyə bu gənc onun özünə, xalqına olmazın zülmlərini vermiş ermənilərə qarşı qisas hissi ilə alışıb yanmır? Əvəzində isə hətta öz günahsız həmvətənlərini də öldürür?
Tutaq ki, bu gəncin milli qisas hissi yoxdur. Yalnız şəxsi qisasını düşünür. Bəs niyə şəxsi qisas hissini ermənilərə qarşı yönəltmir? Axı ermənilər ona daha böyük zərbə vurublar!
Ötən gün Ağstafada baş verən olay sadəcə bir nümunədir. Belə hallarla dəfələrlə rastlaşırıq. Gənclər qisas adı ilə həm öz həmvətənlərinin, həm özlərinin həyatlarını məhv edirlər. Təbii, burada günah əsasən valideynlərdədir. Bu gənc atası öləndə cəmi 12 yaşında idi. Çox güman ki, onu bu qisas psixologiyası ilə ailəsi böyüdüb – istər şüurlu, istərsə də şüursuz şəkildə.
Erməni analar da körpələrini qisas hissi ilə böyüdür. Amma onlar övladlarının beyninə türklərə nifrət hissi yeridir. Təxminən belə nəticə çıxır: övladına qan davası aparmağı öyrədən azərbaycanlı ana deyir ki, bala, get intiqam al. Yəni öz millətini – azərbaycanlıları qır. Eynilə erməni analar da deyirlər ki, bala, get azərbaycanlıları qır.
Qarabağla bağlı proseslərin bu qədər aktivləşdiyi bir dövrdə, siyasilərin durmadan bəyanat verdiyi bir vaxtda xalqımız niyə belə susqundur? Niyə ikinci Mübariz hadisəsi yaşanmır? Əgər bizdə intiqam hissi ilə alışıb-yanan belə gənclər varsa, bu qətliamı törətməyə cəsarətləri çatırsa, niyə bunu cəbhə xəttinin o tayında həyata keçirmirlər?
Nə vaxta qədər bir-birimizi qıracağıq, bir-birimizdən qisa alacağıq?
Yadımıza salaq: axı biz Qarabağı niyə itirdik? Məhz o dövrdə qüvvələrin bir-birini qırmasına, hakimiyyət üstündə saçyoldusuna görə.
Biz bütün nifrətimizi torpaqlarımızı işğal etmiş, qız-gəlinlərimizə, körpələrimizə, qocalarımıza qarşı vəhşilik etmiş düşmənə qarşı çevirməliyik. Bir ordunun ən böyük gücü, ən önəmli silahı qoruduğu xalqın düşmənə olan nifrət və mübarizə əzmidir.
Ən çox oxunanlar
Son xəbərlər