Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

MƏHZ SAĞLAM RUHLU HƏKİMLƏR İNSAN SAĞLAMLIĞININ KEŞİYİNDƏ DURMAQ VƏZİFƏSİNİ DAHA LAYİQLƏ YERİNƏ YETİRİRLƏR

Baxılıb: 1 355     Tarix: 25-10-2019 10:18   
 
-Doktor Afər Allahverdiyev: "Həkim digər hüquqi və fiziki şəxslərin reklamı və ya maraqlarının təbliqatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir"

Əvvəllər neyroxəstəliklərin mürəkkəb patologiyalarından əziyyət çəkən vətəndaşlarımız Azərbaycanda müalicə oluna bilmədikləri üçün xarici ölkələrə üz tutur, həm mənəvi, həm fiziki əziyyət çəkirdilər. Ancaq son illərdə ümumən səhiyyədə, o cümlədən, sözügedən sahədə vəziyyət müsbətə doğru xeyli dəyişmişdir. İstər dövlət, istərsə də özəl sektorda neyrocərrahiyyənin inkişafını şərtləndirən tədbirlər görülmüş, tibb müəssisələri müasir texnologiyalarla təmin edilmişlər. Sahə üzrə maarifləndirmə işi genişləndirilir, təkmilləşdirilmiş diaqnostika üsullarından istifadə olunur. Neyrocərrahlar həm ölkə daxilində, həm də xaricdə keçirilən konfranslarda, toplantılarda, təcrübə kurslarında fəal iştirak edirlər. Bu, şübhəsiz ki, müalicə prosesinin keyfiyyətinə mühüm təsir edir. Bütün dünyanın məşhur neyrocərrahiyyə mərkəzlərində edilən əməliyyatlar eynilə bizdə də icra olunur. Bu gün ölkəmizdə bu işi kifayət qədər yüksək səviyyədə bacaran mütəxəssislər var. Onlardan biri də haqqında söz açdığımız doktor Afər Allahverdiyevdir.

Arayış:

Afər Seyfəddin oğlu Allahverdiyev 1989-1990-cı illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında kiçik tibb işçisi vəzifəsində çalışıb. 1996-cı ildən 1998-ci ilə kimi ATU-nin Neyrocərrahiyyə kursunda klinik ordinatura keçib. 1999-2001-ci illərdə ATU-nin Neyrocərrahiyyə kursunda aspiranturada olub. Aspiranturada “Bel-omba diskogen mənşəli radikulitlərin diaqnostika, klinika və cərrahi müalicəsinin müasir aspektləri” mövzusunda dissertasiya işini müdafiə edib. 2002-ci ildən bu gunədək ATU-nin Neyrocərrahiyyə kafedrasının assistenti vəzifəsində çalışır.
Bu müddətdə bir neçə xarici dövlətdə (Rusiya Federasiyası Moskva şəhəri N.N.Burdenko adına Neyrocərrahiyyə İnstitutu, Ukrayna Kiyev şəhəri Romodanov adına Neyrocərrahiyyə İnstitutu, Türkiyə Ankara şəhəri Hacet Tepe Universiteti, Almaniya Berlin şəhəri Vivantes klinikası, Türkiyə İstanbul şəhəri Anadolu Sağlıq Mərkəzi) ixtisasartırma kursları keçib. Kafedrada işlədiyi müddətdə tədris prosesi üçün metodik materialların hazırlanmasında fəal iştirak edib. 30-a yaxın elmi məqalə və tezislərin müəllifi və həmmüəllifidir.
Bu günədək Azərbaycanın bir sıra özəl tibb müəssisələrində (Caspian Hospital, Xəzər klinikası, Lanset klinikası, City Hospital, Baku Medical Plaza, Oki klinikası, Oksigen klinikası, Unikal Klinika, Milana Hospital) müxtəlif çeşidli neyrocərrahi əməliyyatları uğurla icra etmişdir.

Doktor Allahverdiyevlə görüşümüzün vaxtını qabaqcadan dəqiqləşdirsək də, əməliyyat apardığı üçün xeyli gözləməli olduq. Təbii ki, xəstənin taleyi planladığımız müsahibədən çox önəmliydi. Bizim gözləməyimiz xəstənin narahatlıq keçirən yaxınlarının gözləmələri ilə müqayisəyə gələn deyildi. Ancaq əməliyyat otağından ara-sıra sızan xəbərlərdən dolayı xəstənin qohumlarının üzündə gördüyümüz təbəssüm bizdə də məmnunluq hissi doğurdu.

Afər həkimi uğurlu əməliyyat münasibətilə təbrik etdik. İlk sualımızla müraciətimiz isə bu oldu:

- Hazırda müşahidə olunan mənfi tendensiyalardan biri budur ki, cərrahi əməliyyatlar müalicənin digər növlərinə nisbətən bahalı olduğuna görə, yəni, özəl tibb müəssisələrinə qazanc baxımından daha cazibədar göründüyü üçün özəl sektor həkimləri xəstələrə ciddi ehtiyac olmadığı hallarda belə cərrahi əməlliyyatlar üçün mütləq göstəriş verirlər. Hansı hallarda cərrahi müdaxilə qaçılmazdır?

Həmsöhbətimiz təbrikə görə minnətdarlıq bildirib sualımızı məmnuniyətlə cavablandırdı:
- Neyrocərrahiyyə sinir sisteminin cərrahi müalicəsi ilə məşğul olan bir tibb sahəsi olub, kəllədə, kranyal baş-beyində, onurğada və periferik sinirdə aparılan cərrahi əməliyyatları ehtiva edir. Neyroxəstəliklərin, o cümlədən, onların cərrahi müdaxilə tələb edən ağır patologiyalarının yaranmasında irsiyyətdən tutmuş qidalanma, mühit, həyat tərzinə qədər müxtəlif faktorların rolu var. Xəstələrin müalicəsinə gəlincə, dərman müalicəsi, fiziki müalicə üsulları, ən sonda isə cərrahiyyədir. Cərrahi əməliyyata müəyyən nisbi və mütləq göstərişlər olur. Mütləq göstəriş xüsusi hallarda yaranır. Həmin hallarda müdaxilə edilməzsə, xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam mümkün olmaya da bilər. Əgər xəstə uzun müddət ağrılardan əziyyət çəkirsə və ağrılarda azalma tendensiyası müşahidə olunmursa, dərman müalicəsi, fizioterapiya üsulları effekt vermirsə, ağrıları ağrıkəsici vasitələrlə aradan götürmək mümkün olmazsa, əməliyyat təklif olunur.

- Bu gün səhiyyə xidmətlərinin bütün növləri üzrə, eləcə də neyrocərrahiyyədə özünüreklam meyli artmışdır. Səhhəti ilə qayğılanan insanlar bunca reklam çoxluğunda seçim edərkən yanılmamaq üçün nəyə fikir verməlidirlər?

- Qızılın təriflənməyə ehtiyacı yoxdur. Amma əlbəttə ki, onun da parıldaması üçün üzərinə işıq düşməlidir. Hərçənd, tərifin də bir həddi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi "Tibb işçilərinin etik davranış Qaydaları"na görə həkim, kütləvi informasiya vasitələri ilə sağlam həyat tərzini təbliğ etməlidir. Həmin Qaydaların tələblərindən biri də budur ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, kütləvi informasiya vasitələri ilə maarifləndirici fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Həkim digər hüquqi və fiziki şəxslərin reklamı və ya maraqlarının təbliqatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir. Məhz buna riyaət edilməməsi səbəbindəndir ki, özəl tibbi müəssisələr arasında haqsız rəqabətin aradan qaldırılması üçün televiziya proqramlarında, şou verilişlərdə həkimlərin və dərmanların reklamının qadağan edilməsi təklifləri səslənir.

- Avropada "ailə həkimi" institutu var. Necə bilirsiniz, hər bir ailənin dostluq etdiyi tibb müəssisəsi, ya da ən azı bir həkim olsa, onları səhhət durumlarından şikayətləndikləri vaxt doğru istiqamətə yönləndirmək, reklam bazarında meydan sulayan işbazların məkrindən qorumaq olarmi?

- Bizim Azərbaycan Tibb Universitetində "ailə həkimi" kafedrası açılıb. Amma bu işin intişar tapdığını demək hələ tezdir. Zənnimcə, Azərbaycanda icbari sığorta tətbiq olunandan sonra bu müstəvidə inkişafa nail olmaq mümkündür.

- Yeri gəlmişkən, icbari tibbi sığortanın tətbiqindən özəl tibb müəssisələri nə gözləyə bilərlər?

- İcbari tibbi sığorta haqda qanun layihəsi hələ 1999-cu ildə irəli sürülmüşdü. Həmin vaxt cəmiyyət buna hazır deyildi. Amma hesab edirəm ki, bu tədbirin faydasını xalqımız tezliklə hiss edəcək. İcbari sığortanın dövlət və özəl tibb müəssisələri arasında necə bir əlaqə yaradacağını, yaxud, mövcud bağların qırılmasına səbəb olacağını deyə bilmərəm. Amma mən bir Azərbaycan vətəndaşı kimi, həkim kimi icbari sığortanın tətbiqini ürəkdən alqışlayıram. Düşünürəm ki, icbari sığortaya keçidlə əlaqədar əhali həmin əsasla göstəriləcək minimal tibbi xidmətlərlə qane olacaq.

- Dərman bazarında xaos hökm sürür. Həkimləri dərman firmaları ilə qeyri-məqbul əlaqələri barədə söhbətlər artıb...

- Bunu siz deyirsiniz və yəqin ki, müşahidələrinizə, jurnalist araşdırmalarınıza əsaslanırsınız. Əlbət, elə buna görədir ki, özəl klinikalara özlərinin istifadə zəruriliyi həddində dərman idxalına icazə verilməsi barədə təkliflər gözə dəyir. Mən də o təklifə tərəfdar çıxıram. Klinikalara özlərinin istifadə zəruriliyi həddində dərman idxalına icazə verildiyi halda bazarda dərmanların qiymətlərinin aşağı düşməsi, bazara xeyli keyfiyyətli məhsulların daxil olması, əhalinin buna müsbət reaksiyası mümkündür. Həmçinin, bütün özəl tibb müəssisələrinin üzv olacağı assosiasiyanın yaradılması, həmin qurumun tibb müəssisələrinin fəaliyyətini əlaqələndirməsi, tibbi xidmətin qiymətlərinin ölkə üzrə alt səviyyəsini tənzimlənməsi yaxşı olardı.
                                                                ***
Afər həkimlə sağollaşıb ayrıldıq. Amma hələ əməliyyatdan çıxmasını gözlədiyimiz vaxt həmkarları ilə, tibb bacıları ilə, pasientləri ilə ayaqüstü söhbət edib onun haqqında bəzi məlumatları əldə etdik. Barəsində yüksək fikirlər söylədilər: Doktor Alılahverdiyev öz qərar və hərəkətlərinə tam məsuliyyətlə yanaşır, pasiyentə göstərdiyi tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıdığını unutmur. Xəstələrə göstərdiyi yardımın keyfiyyətini artırmaq məqsədi ilə öz bilik və bacarıqlarını daimi təkmilləşdirir. İndiyədək vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Afər həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət edir, ona səmimi münasibət göstərir. Qətiyyətlidir, cərrahi əməliyyat prosesində gözlənilməz ağırlaşmalar baş verdiyi anlarda özünü itirmir, göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlayır.
Amma əlbəttə ki, Afər həkimin uğurlarının birinci səbəbi onun istedadıdır. Sözsüz ki, zəhmətkeşliyi, yorulmazlığı olmasaydı, məlum istedad qeyri-münbit torpağa atılmış sağlam toxum kimi cücərməzdi. Afər həkimi işlədiyi kollektivlərdə və ümumən tibb ictimaiyyətində elitar həkimlər sırasına gətirib çıxaran amillər içərisində onun bənzərsiz nikbinliyini, həyat eşqini ayrıca qeyd etmək lazımdır. Onun bu məsuliyyəti təbii ki, xırda hissləri yaxına buraxmamasından, sağlam duyğulara daha çox fıkir verməsindən irəli gəlir. Məhz belə sağlam ruhlu həkimlər insan sağlamlığının keşiyində durmaq kimi müqəddəs vəzifənin öhdəsindən layiqlə gələ bilərlər.

Hazırladılar:
Mehman Ziyadov
Pünhan Şükür
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar