AZƏRBAYCAN ALİMLƏRİ ÖZ TƏDQİQATLARI İLƏ EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ AKTİV İŞTİRAK EDİRLƏR
Baxılıb: 1 038 Tarix: 19-11-2024 15:24
Akademik Əbülfəz Babayev: “Ümid olunur ki, COP29-da qəbul edilən qətnamələrdən biri qlobal ekoloji problemlərin həlli üçün hərtərəfli elmi tədqiqatların aparılmasına diqqətin artırılmasını və bu məqsədlə lazımi maliyyə vəsaitinin ayrılmasını ehtiva edəcək”
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən 29-cu sessiyasına (COP29) Azərbaycanın sədrlik etməsi birmənalı olaraq ölkəmizin diplomatik uğurudur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Adətən, COP regional qruplara aid olan böyük, inkişaf etmiş və nüfuzlu dövlətlər tərəfindən təşkil edilir. Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksək səviyyədə olduğunu təsdiq edən çox ciddi amildir.
Ölkəmizin enerji resursları ilə zəngin olması və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpa edilən enerji mənbələrindən istifadə də hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl prinsiplərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Hazırda dünya ölkələri üçün ən aktual məsələlərdən biri "yaşıl enerji"yə keçiddir və bu, davamlı inkişafın artıq əsas şərtlərindən birinə çevrilməkdədir. Ən əsası da, iqlim böhranının aradan qaldırılmasında məhz "yaşıl enerji"dən istifadə həlledici əhəmiyyət kəsb edir, istixana qazı emissiyalarını böyük ölçüdə azaltmağa imkan verir. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi "yaşıl enerji"yə uğurlu keçidə imkan yaradır. Amma bunun üçün müvafiq həcmdə sərmayələrin cəlb olunması əsas şərtlərdən biridir. Real mənzərənin təhlili göstərir ki, ölkələrin bir çoxunun, xüsusən də inkişaf etməkdə olanların "yaşıl enerji"yə keçidini əngəlləyən əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Hətta ikişaf etmiş ölkələrin bir çoxunda da investisiya yetərsizliyi "yaşıl enerji"yə keçidin istənilən templə getməsini əngəlləyir. Bu səbəbdən "yaşıl enerji" siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduğu məqamlardan biri müvafiq sərmayələrin cəlb olunması ilə bağlıdır. Sözügedən xüsusda uğur nümunəsi yaradan ölkələrdən biri də Azərbaycandır. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.
Budur, dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət xadimləri və ictimaiyyət nümayəndələri, o cümlədən 80 nəfər dövlət başçısı COP29 çərçivəsində bəşəriyyətin aktual ekoloji problemlərinin həlli yollarını müzakirə etmək üçün Azərbaycanda toplaşıblar. Bu müzakirələr bir daha vurğulayır ki, bəşəriyyət yaşamaq və çətinlik arasında seçim qarşısındadır. Ya gözlənilən ekoloji fəlakətin aradan qaldırılması üçün qətiyyətli qlobal siyasi qərarlar qəbul etməli və onların həyata keçirilməsini təmin etməliyik, ya da dərinləşən ekoloji fəlakətin qurbanı olmaq riskimiz var. Bu kritik problem bütün dünya alimlərini də narahat edir və bütün dünyada bu istiqamətdə fundamental tədqiqatlar aparılır. Azərbaycan alimləri ekoloji problemlərin həlli istiqamətində elmi tədqiqatlarla da məşğul olurlar. Bu sahədə görkəmli tədqiqatçılar arasında texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndislər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının və Azərbaycan Mühəndislər Akademiyasının akademiki, akademik Babayev Əbülfəz İsmayıl oğlu var. 372 elmi əsərin, o cümlədən 107 elmi ixtira və patentin, 16 dərsliyin, 8 metodiki vəsaitin, 2 monoqrafiyanın müəllifidir. Onun beynəlxalq miqyasda tanınmış elmi jurnallarda dərc olunmuş məqalələri böyük maraq doğurmuşdur, bunu aldığı çoxsaylı müsbət rəylər sübut edir.
Təkçə konfrans günlərində alimin müxtəlif ölkələrdən elmi konfranslarda iştirak etmək üçün aldığı çoxsaylı dəvətlər onun beynəlxalq elmi ictimaiyyətdə hörmətli statusundan xəbər verir. Məsələn:
“Hörmətli Babayev A.İ.
Salam!!
Enerji həvəskarlarını, tədqiqatçıları, alimləri, siyasət mütəxəssislərini və s. toplamaq məqsədi daşıyan Enerji Trendləri 2024-də Spiker və ya Nümayəndə kimi iştiraka olan marağınızla maraqlanmaq istərdik.
Mövzu: Enerji, Ətraf Mühit və Davamlı İnkişafda Cari Tədqiqat Trendləri
(Springerin əsərləri) - Hibrid Konfrans 10-cu ICICT 2025, London, Böyük Britaniya”;
“Hörmətli Ə.İ.Babayev,
Ümid edirəm bu mesaj sizi yaxşı tapacaq!
Sizi 14-15 aprel 2025-ci il tarixlərində İtaliyanın Roma şəhərində keçirilməsi planlaşdırılan “Qabaqcıl Nanotexnologiya və Nanomateriallar üzrə 10-cu Avropa Konqresi”nə məruzəçi kimi dəvət etməkdən məmnunam. Mövzu, “Nanomateriallar və Nanotexnologiyada Qabaqcıl Xarakterizasiya Texnikaları”.
Nanomateriallar və nanotexnologiya sahəsində qabaqcıl işiniz sizi ideal natiq edir. Sizi əsas məruzəçi/spiker kimi təqdim edə bilsəniz, biz fəxr edərdik”;
“Hörmətli A.I. Babayev:
Təbrik edirik! Tədqiqat Nəticəniz Neft Emalı və Neft-Kimya Proseslərinin Ekoloji Kibernetikası 2025.13-15, Mart tarixlərində Sinqapurda keçiriləcək 2025-ci il Böyük Məlumatların Analitikası üzrə 10-cu Beynəlxal Konfransı qarşıdan gələn akademik mövzumuza çox uyğun olan verilənlər bazasına uğurla daxil edilmişdir”.
Alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının professoru kimi ekologiya sahəsində mütəxəssislərin hazırlanmasına fəal töhfə verir. Onun üç dildə (Azərbaycan, rus və ingilis) nəşr olunan “Metan krekinqi və metanol sintezi proseslərinin ekoloji xüsusiyyətləri” adlı yeni nəşr olunmuş dərsliyi sənaye ekologiyası üzrə səriştəli mühəndis mütəxəssislərinin inkişafına dəstək verəcəkdir. Onun elmi rəhbərliyi altında universitetin gənc tədqiqatçıları ekologiya sahəsində geniş tədqiqatlar aparırlar, çünki elmi tədqiqatlar ekoloji problemlərin həllində həlledici rol oynayır. Ümid olunur ki, COP29-da qəbul edilən qətnamələrdən biri qlobal ekoloji problemlərin həlli üçün hərtərəfli elmi tədqiqatların aparılmasına diqqətin artırılmasını və bu məqsədlə lazımi maliyyə vəsaitinin ayrılmasını ehtiva edəcək.
Günay Raufqızı
Ən çox oxunanlar
Son xəbərlər