Zaur Əliyev “Bu il icbari tibbi sığorta üzrə pasiyent sayı 5 milyon olub” - Yenilənib
Baxılıb: 896 Tarix: 17-12-2024 11:25
“Bu il əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb”.
Qanunvehedef.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ilin yekunlarına dair keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, bu il ərzində icbari tibbi sığorta üzrə pasiyent sayı 5 milyon olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 min nəfər çoxdur. Belə ki, ötən il bu rəqəm 4,7 milyon pasiyent təşkil edib.
Z.Əliyev, həmçinin bildirib ki, ötən il 20,3 milyon müraciət sayı var idisə, bu il bu say 22,1 milyon olub.
Agentlik sədri 2024-cü ilin ilk 11 ayı üzrə əldə edilən nəticələr barədə açıqlamalar verib. O qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.
Xidmətlərin sayı isə ötən illə müqayisədə 20% artaraq 76,8 milyon olub. Zaur Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı da artırılaraq 179-a çatıb. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib. Zaur Əliyev vurğulayıb ki, bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir.
Bundan əlavə, 2024-cü ilin 11 ayı ərzində 248,6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.
Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.
Ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir.
***
Agentlik sədrinin sözlərinə görə, 2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir.
O qeyd edib ki, sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib: “2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub. Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir”.
Zaur Əliyev əlavə edib ki, sığortahaqqı ödəyən və xidmətdən yararlanan pasiyentlər üçün dövlət tibb müəssisələrinə 175.7 milyon manat, özəl tibb müəssisələrinə isə 60.3 milyon manat vəsait ödənilib. Eyni zamanda, dövlət tibb müəssisələrinə müraciətlərin sayı 3.8 milyonu, özəl tibb müəssisələrinə müraciət isə 208 mini keçib. Bu göstəricilər sığorta sisteminin maliyyə dayanıqlığını və tibbi xidmətlərə əlçatanlığın daha da gücləndiyini göstərir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər