“Azərbaycanda hər il 400-dək insan həyatına son qoyur” – Rektor
Baxılıb: 584 Tarix: 15-10-2019 11:47
10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş “Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib.
APA xəbər verir ki, tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı, UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin iştirak ediblər.
Tədbirdə çıxışında ATU-nun rektoru G. Gəraybəyli bildirib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir: “Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur. Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var. İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.
Rektor bildirib ki, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırılmalıdır: “İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir. Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”.
Ən çox oxunanlar
Son xəbərlər