Azərbaycanda COVİD-ə yoluxma son bir ayda 18 dəfə artıb
Baxılıb: 548 Tarix: 19-09-2023 12:40
COVİD-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.
APA xəbər verir ki, son vaxtlar koronavirusa yoluxmada ciddi artım qeyd alınır.
COVİD-19-un yeni ştamları Eg.5 ERİS, BA.2.86 və digərləri daha sürətlə yayılır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son ayda dünya üzrə yoluxma sayı 38% artıb. Avropada yoluxmada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edib.
Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.
Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları da avqustla müqayisədə 5% artıb.
Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.
Qonşu Rusiyada da koronavirusa yoluxmada artım qeydə alınıb. Rusiyada son bir həftədə koronavirusa yoluxmada 48% artım qeydə alınıb.
Hətta Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə bağlanıb.
ÜST risk zonasında olanları, əsasən də, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.
Azərbaycanda əksəriyyət COVİD pandemiyasının arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVİD-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib.
Son bir ayın statistikasına nəzərə saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVİD-ə 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17.75 dəfə artım deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVİD əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər. Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVİD-ə yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.
Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVİD-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVİD-in yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər