Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşüb
Baxılıb: 675 Tarix: 11-10-2023 12:58
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin qəbullarını həyata keçirir. Növbəti belə görüş oktyabrın 10-da Respublika Perinatal Mərkəzində baş tutub.
Qanunvehedef.az xəbər verir ki, icraçı direktor ilk olaraq Suqovuşan-Ağdərə istiqamətində şəhid olan Ağayev Rəşad Rövşən oğlunun ailəsi ilə görüşüb, şəhidin tibb mərkəzində 8 aylıq dünyaya gələn bacısına baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
Vüqar Qurbanov daha sonra tibb mərkəzində yeni doğulan üçəmlərə baş çəkərək valideynlərinə övladlarının doğum şəhadətnamələrini yerində təqdim edib.
İcraçı direktor tədris fəaliyyətlərini Respublika Perinatal Mərkəzində davam etdirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra icraçı direktorun müavinləri, aidiyyəti departamentlərin rəhbərləri, tibb müəssisəsinin direktoru və rəhbər şəxslərin iştirakı ilə 7 nəfər tibb və qeyri-tibb personalı ilə təkbətək görüş keçirilib.
Sığortanın təşkili, ginekoloji, neonatoloji, reanimasiya və intensiv terapiya kimi xidmətlərin yaxşılaşdırılması, bu sahədə kadr potensialının gücləndirilməsi, avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat, xidmət əlçatanlığının təmin edilməsi, kadr çatışmazlığı, tibbi heyətin stimullaşdırılması, tibbi tullantıların utilizasiyası və s. kimi məsələlərlə bağlı müraciətlər dinlənilib.
Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti struktur bölmələrinə zəruri tapşırıqlar verilib.
Xidmət əlçatanlığının, keyfiyyətinin və pasiyent məmnunluğunun artırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirən Vüqar Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya, müəyyən etdiyi strateji xəttə uyğun olaraq bütün tibb müəssisələrində çalışan personalın əhalinin sağlamlığı istiqamətində TƏBİB tərəfindən müəyyən olunan hədəflərə nail olmaq üçün bundan sonra da əzmlə çalışmaqlarının vacibliyini vurğulayıb. O, qarşıdakı müddətdə mövcud çatışmazlıqların ətraflı təhlil olunaraq həlli istiqamətində intensiv və davamlı addımların atılacağını qeyd edib.
Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin Təhlükəsizlik bölməsində çalışan II Qarabağ müharibəsinin qaziləri İsmayılov Elvin Əli oğlu və Qəniyev Sadiq Rövşən oğlu ilə də görüşüb.
Ölkə başçısının müvafiq sərəncamları ilə İsmayılov Elvin Füzulinin, Xocavəndin azad olunmasına görə medalı, “Vətən Müharibəsi iştirakçısı” ordeni, Qəniyev Sadiq isə Füzulinin, Cəbrayılın azad olunmasına görə medal, eləcə də “Vətən Müharibəsi iştirakçısı” ordeni ilə təltif edilib.
Qəbulların məqsədi xəstəxana idarəçiliyinin və kadr potensialının yaxşılaşdırılması, eləcə də personalın rastlaşdığı problemlər, çatışmazlıqlarla yerində tanışlıq və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
Məlumat üçün bildirək ki, qəbulların TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində keçirilməsi nəzərdə tutulub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər