Sağlam gözəlliyə necə qovuşaq?
Baxılıb: 714 Tarix: 29-11-2024 11:55
Sağlam gözəllikdən danışırıqsa, mütləq sağlam həyat tərzini gözdən keçirməliyik.
“Qafqazinfo”nun məlumatına görə, həkim dermato-kosmetoloq Rəna Soltanova bildirib ki, məlum olduğu kimi, hər birimiz ətraf mühitin zərərli təsirlərinə məruz qalırıq. Qəbul etdiyimiz qidalarda olan kimyəvi qatqılar və konservantlar, avtomobillərin tüstüsü, ekoloji şərait sağlamlığımıza mənfi təsir göstərən amillərdir.
Sağlamlıq insanın ən dəyərli xəzinəsidir. Sağlam gözəllik də vacib məsələlərdəndir. Bu şüuru formalaşdırmaq, əhali arasında sağlam həyat tərzinin təbliğ etmək EKM İctimai Birliyinin məqsədlərindəndir.
Dünya Səhiyyə Təşkilatı (DST) hesab edir ki, sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların olmaması deyil, eləcə də tam fiziki, mənəvi və sosial əmin-amanlıq vəziyyətidir. Beləliklə, sağlamlıq özündə mənəvi və əxlaqi inkişafı da birləşdirir. Əks halda insan, ümumilikdə cəmiyyət ağrılı durumla üzləşir. Sağlamlığın qorunması üçün yalnız fiziki deyil, həm də mənəvi aspektlərə diqqət yetirmək lazımdır. Qəlbin gözəlliyi üzə də yansıyır.
Sağlam həyat tərzi – sağlamlığı qorumağa və xəstəliklərin qarşısını almağa yönəlmiş həyat tərzidir. Sağlamlığımızın və gözəlliyimizin qayğısına qalmaq üçün nə etməliyik?
- Aktiv həyat tərzi keçirmək – passiv idmançı olmaqdan (idman verilişlərinə baxmaqla) aktiv idmana (üzgüçülük, fiziki hərəkətlər və s.) keçməliyik.
- Şəxsi gigiyena qaydalarına, evdə üzə qulluğuna düzgün riayət etmək.
- Sağlamlığınızla və xarici görünüşünüzlə bağlı yalnız peşəkarlara müraciət etmək.
- Qidada mövsümə uyğun vitamin mənbəyi olan bol meyvə-tərəvəzdən istifadə etmək.
- İmmun müqaviməti artıran və orqanizmi xəstəliklərdən qoruyan bitki çaylarına üstünlük vermək.
- Hər gün bir neçə saat təmiz havada gəzmək, stress və gərginlikdən uzaq olmaq.
- Siqaret, spirtli içki və narkotik vasitələrdən tam imtina etmək, bunlara qarşı dövlət və cəmiyyət olaraq düşmənə qarşı mübarizə aparırmış kimi mübarizə aparmaq.
Cəmiyyətə sağlam həyat tərzi aşılamaq üçün nə etmək lazımdır?
Cəmiyyətdə sağlam həyat tərzinin formalaşdırılması üçün ilk növbədə sağlam və real düşüncə tərzinin olması vacibdir. Bu səbəbdən əhalinin mənəvi və əxlaq tərbiyəsi cəmiyyətin vacib məqsədlərindən biri olmalıdır. Bütün dünyəvi dinlər də sağlam həyat tərzinə diqqət yetirir, insanlara öz sağlamlıqlarını qorumağı tələb edir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər