Müsahibim Sumqayıt şəhər 1 saylı Uşaq Poliklinikasının Həkim-pediatrı Dr. Səbinə Musayevadır.
Baxılıb: 972 Tarix: 29-04-2019 12:39
Həkimlə dünyada geniş yayılmış qurd invoziyalarının əlamətləri, simptomları və müalicəsi haqda danışacayıq.
-Səbinə həkim zəhmət olmasa, Qurd invoziyaları (Helmintozlar ) haqqında oxucularımızı məlumatlandırasınız?
Helmintozlar müxtəlif parazit qurdların-helmintlərin törətdiyi və əhali arasında, xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklərdir. Ölkəmizdə insanlar arasında bu qurdların bir neçə növü (askarid, bizquyruq, tükbaş, öküz teniyası, exinokokk və s.) xəstəlik törədir.
Askarid qurdları 15-20 sm uzunluğunda olub, insanlarda askaridoz xəstəliyi törədir. İnsan bağırsağında 1 ilə qədər yaşayır. Bunların törətdiyi xəstəlik zamanı, ümumi zəiflik, qarın nahiyəsində ağrı, yatanda ağızdan su axması və dişləri biri-birinə sürtmə halları baş verir. İnsanlar askarid yumurtaları ilə əsasən çirklənmiş meyvə-tərəvəz, göyərti və su vasitəsi ilə yoluxurlar.
Bizquyruq qurdları 1-1,5 sm uzunluğunda nazik sapabənzər formada olur. Bu qurdlar insanlarda enterobioz xəstəliyi əmələ gətirir. İnsan bağırsağında 25-30 günə qədər yaşayır. Ən çox uşaqlar arasında müşahidə edilir. Bu xəstəlik nəticəsində xəstənin anus (oturacaq) nahiyəsində tez-tez qaşınma baş verir. Belə uşaqlar əsəbi olub, gecələr pis yatırlar. İnsanlar bu xəstəliyə əsasən, təmas vasitəsi ilə, yəni, bu qurdların yumurtaları ilə çirklənmiş məişət əşyaları və çirkli əllərlə yoluxurlar.
Askarid və bizquyruqla yoluxmuş uşaqlar boy və zehni cəhətdən zəif inkişaf edir, dərslərdən geri qalırlar.
Öküz teniyası lent şəkilli, 5-6 metr uzunluğunda olur. Bu qurdların törətdiyi xəstəliyə teniarinxoz, əhali arasında isə “kəpənək qurdu” xəstəliyi deyilir. Müalicə olunmadıqda insan bağırsağında uzun illər (10-20 il) qalaraq ağır fəsadlar törədir. Bu xəstəlik insanlara tam bişməmiş mal əti yedikdə yoluxur.
Exinokokk qurdları 3-5 sm uzunluğunda olub, insanlarda, əsasən qara və ağ ciyərlərin çox ağır exinokokkoz xəstəliyini əmələ gətirirlər. Bu qurdlar ev itlərinin, canavarların, çaqqalların və s. itlər ailəsinə aid olan vəhşi heyvanların bağırsağında parazitlik edirlər. Bu heyvanlar xırdabuynuzlu xəstə heyvanların (qoyun, keçi və s.) daxili orqanları ilə qidalandıqda yoluxurlar. İnsanlar isə belə vəhşi heyvanların ifrazatları ilə çirklənmiş meyvə- tərəvəz, göyərti, su və s. ilə yoluxurlar. Bu xəstəliyin müalicəsi yalnız cərrahi yolladır.
-Helmintlərlə invaziyanın diaqnozu hansı müayinələr vasitəsilə aşkarlanır?
Helmintlərlə invaziyanın diaqnozu epidemioloji və kliniki laborator müayinələr kompleksinin təhlilinə əsaslanır. Orqanizmdə helmintlərin olması spesifik diaqnostika metodları — parazitoloji, seroloji və immunoloji metodlarla təsdiq olunmalıdır. Parazitoloji tədqiqat metodları helmintləri, onların toxumalarda olan sürfələrini, orqanizmin ekskret və ya sekretlərində olan yumurtalarını aşkara çıxarmağı nəzərdə tutur. Kliniki praktikada helmintlərin diaqnostikasında koproloji yaxma metodundan geniş istifadə olunur.
-Helmintozların müalicəsi necə aparılır?
Helmintozların müalicəsi antihelmint dərmanların tətbiqi ilə aparılır. Həmin preparatlar qurdu hərəkətsiz edir, odur ki müalicə dövründə uşağa sürüşkən qidalar (yulaf sıyığı, tərəvəz və meyvələr) təyin edilir ki, hərəkətsiz olan qurdlar orqanizmdən xaric edilsin.
-Valedeynlər hansı hallarda qurd xəstəliyinin əlamətlərindən şübhələnməlidirlər?
-Uşaqda tez-tez, qəflətən başlayan və qəflətən də kəsilən bağırsaq sancıları,
-Dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri,
-Bədən çəkisinin yaş normalarından geri qalması,
-İştahanın zəifləməsi, qidaya qarşı ikrah hissi,
-Ürəkbulanma, qusma, ağızdan suyun axması,
-İshal və ya qəbizlik,
-Bəzən nəcisdə qurdların və ya onların fraqmentlərinin görünməsi,
-Tez-tez baş verən tənəffüs yolu və bağırsaq infeksiyaları,
-Yuxunun pozulması, yuxuda dişlərin qıcanması kimi əlamətlər varsa, hökmən helmintozlardan şübhələnmək lazımdır.
Səbinə xanım, sonda qurd xəstəliklərindən qorunmaq üçün hansı gigiyenik qaydalara əməl etmək lazımdır?
Qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Belə ki, mütəmadi olaraq dırnaqların artıq hissələri kəsilməli, hər dəfə ayaqyolundan sonra və yemək qəbulundan əvvəl əllər sabunla yuyulmalı, yataq ağları və alt geyimləri sabunlu suda və ya hər hansı yuyucu məhlullarda qaynadılmalı və ütülənməlidir. Meyvə-tərəvəz məhsulları və xüsusilə də göyərti yaxşı yuyulmalıdır. Bunun üçün istifadə olunacaq göyərtilərin bərk hissələrini (köklərini) kəsdikdən sonra onu axar su altında ilkin yuduqdan sonra xüsusi qaba yerləşdirmək üzərinə su əlavə edib xeyli müddət saxladıqdan sonra axar su altında təmiz yumaq lazımdır. Mal ətindən hazırlanmış xörəklər mütləq tam bişirilməlidir.
Ən çox oxunanlar
Son xəbərlər