Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dəyiş, inkişaf et, sabahın sahibi ol!

Baxılıb: 487     Tarix: 19-05-2025 18:16   
  

14 May tarixində Bakı Biznes Universitetində  "REHA" Təlim Təhsil Mərkəzinin və Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən  (layihə rəhbəri "REHA" Təlim Təhsil Mərkəzinin rəhbəri İlhamə Axundovadır) “Gələcək Gənclərlə Gələcək-2” forumunda spiker kimi çıxış edən gənclərin maraqlı və kreativ  çıxışları bir daha sübut etdi ki, Azərbaycan gəncləri təkcə gələcəyin daşıyıcıları deyil, eyni zamanda bu günün düşüncə liderləridir. Gənclərin təqdimatları həm məzmun baxımından zəngin, həm də təqdimetmə üslubu baxımından son dərəcə kreativ idi.
Onların toxunduğu mövzular – texnologiyadan təhsilə, sosial innovasiyalara qədər-geniş spektri əhatə edirdi. Hər bir çıxışçı özünəməxsus yanaşması və fərdi baxış bucağı ilə seçilirdi. Bu çıxışlar yalnız bilik paylaşımı ilə kifayətlənməyib, dinləyicilərə düşünmək, ilham almaq və hətta fəaliyyətə keçmək motivasiyası verirdi. Xüsusilə, vizual materiallardan yaradıcı şəkildə istifadə, hekayəanlatma texnikalarının tətbiqi və interaktiv ünsiyyət vasitələri təqdimatları daha da maraqlı və yaddaqalan etdi. Bu cür təqdimatlar, auditoriya ilə sağlam körpü quraraq, gənclərin nə qədər hazırlıqlı, məqsədyönlü və təşəbbüskar olduğunu bir daha nümayiş etdirdi.
Belə forumlar, gənclərin səslərinin eşidildiyi və onların ideyalarının dəyər qazandığı platforma rolunu oynayır. Spiker kimi çıxış edən hər bir gənc bu fürsəti ən yaxşı şəkildə dəyərləndirərək, gələcəyin nə qədər ümidverici olduğunu göstərdi.
Səhnəyə ilk çıxan Bakı Biznes Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin 1-ci kurs tələbəsi Asim Novruzov oldu. Onun "2030  hazırlıq" adlı mövzusu diqqətimi çox çəkdi. Danışmağa başlayanda sanki qarşımda bir təqdimatçı yox, həyatın içindən çıxıb gəlmiş təcrübəli bir insan vardı. Asim hekayəsini danışdı, qorxularını, səhvlərini, cəhdlərini bizimlə bölüşdü və mən anladım ki, bu təqdimat sadəcə bacarıqlardan yox, özünü yenidən kəşf etməkdən, bacarıqlarını və  biliyini cilalamaqdan, dəyişib inkişaf etməkdən bəhs edir. Asim Novruzov bizə göstərdi ki, dəyişmək üçün fövqəladə şəraitə ehtiyac yoxdur. Bəzən bir qərar, bir addım da kifayət edir. O  deyəndə ki, “İşdən atıldı,  amma sonra öyrənməyə başlayıb şirkətin online satışlarını idarə etdi”, ani olaraq beynimdən bir fikir keçdi: “Əgər o bacarıbsa, mən niyə bacarmayım?”
Onun məni ən çox təsirləndirən cümləsi bu oldu:
“Niyə sən olmayasan?”
Bu cümlə mənim üçün sadəcə bir motivasiya yox, çağırış idi. Çünki mən də çox şey istəmişəm, amma öyrənməyə başlamağa cəsarət etməmişəm. Asim Novruzov danışanda başa düşdüm ki, uğur yalnız istəkdən yox, daha çox hərəkət etməkdən doğur.
Asim Novruzov bizə gələcəyin bacarıqlarını sadaladı: süni intellekt, data analitikası, emosional intellekt, liderlik, yaradıcılıq... Amma o bunu quru siyahı kimi yox, həyatın içindən gələn nümunələrlə anlatdı. Dedi ki, Agıl dünyanı dəyişir, amma insanlığı qoruyacaq olan bizim empati qabiliyyətimizdir. Yəni, hər şey dəyişir, amma dəyişənə uyğunlaşmaq bacarığı dəyişməyən dəyərdir. O, ulu qurdun 10.000 ildən sonra canlandırılmasını misal gətirəndə başa düşdüm ki, artıq tarixdə belə dəyişikliklər olur. Texnologiya o qədər irəliləmişdir ki, tarix dirilir. Bu halda, biz niyə öz gələcəyimizi diriltməyək?
Asim Novruzov sonda dedi: “Özünü kəşf et!”
Bu tədbir mənim üçün sadəcə bir təqdimat deyil, oyanış oldu.
Özümə söz verdim: yol xəritəmi yazacağam. Həftəlik hədəflər qoyacağam. Çünki mən bu tədbirdə başa düşdüm ki,  gələcəyin sahibi olmaq istəyən, bu gündən başlayar.
İkinci cıxış edən gəncimiz Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Murad Hümbətov, kütlə qarşısında çıxış etməyin önəmini kiçik hekayələr söyləyərək,  izah etdi. "Nitqinlə fərq yarat!" deyərkən təkcə danışmaqdan söhbət getmədiyini, göz təması, bədən dilinin önəmini də insanlara çatdırır, məhz bunun üçün də "Nitq üçbucağı" metodunu təqdim edərək düşünür ki, göz təmasını düzgün qurub, sözləri doğru tərzdə səsləndirdikdə, bədən dilindən də doğru qaydasında istifadə etdikdə sözün əsl mənasında fərq yaratmış oluruq. Natiqlik təlimləri keçən Murad belə hesab edir ki, danışmaq kifayət deyil, arzulayaraq danışmaq lazımdır ki, tərəf müqabilimizlə anlaşmış olaq. Elə bunun üçün bizlərə ünsiyyətdə ADA(arzula, danış, anlaş) metodunu təqdim edir və deyir; arzulayaraq danışıb anlaşırıq. Muradın çıxışında diqqət çəkən məqamlardan biri də Böyük Britaniyada qadınların nitqi ilə bağlı aparılan araşdırmalardır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, nitq nə qədər düzgündürsə, qadın şəxsi və professional həyatda da, bir o qədər xoşbəxtdir. Gənc natiq  bildirdi ki, effektiv nitq insana anadangəlmə verilmir. Bunun üçün davamlı olaraq metod və texnikalardan istifadə etmək lazımdır. O,  tövsiyə etdi ki, insanların natiq olmaq fikri olmasa belə,  gözəl nitq hər zaman şəxsi inkişafa müsbət təsir göstərir.
Murad Hümbətov nitqini Anton Çexovun bu sözləri ilə bitirdi:; "Gözəl nitqə etinasız yanaşan adamlar, özlərini insan üçün nəzərdə tutulmuş ən ali, nəcib bir zövqdən məhrum edirlər".
3-cü maraqlı və kreaktiv fikirli gəncimiz  Bakı Biznes Universitetinin  Biznesin İdarə Olunması  fakultəsinin Biznes və Menecment  ixtisası üzrə 1-ci  kurs tələbəsi
Mirzəyeva Nurcan oldu. Nurcanın bu  çıxışını  hazırlamaqda əsas məqsədini bir cümlə ilə ifadə edə bilərik: "Hər kəsin içində gizlənən işığı görünənə çevirmək". Biz hər birimiz bənzərsiz bacarıqlara, daxili gücə və yaradıcılığa sahibik. Sadəcə, bəzən bu rəngi kəşf etmək üçün bir işığa ehtiyacımız olur.
“Gələcəyə İşıq Ol” sadəcə bir çıxış deyil, bir çağırışdır. Gənclərin daxili rənglərini, yəni istedadlarını, sənətə olan bağlılıqlarını, ifadə ehtiyaclarını üzə çıxarmaq və onlara özlərini ifadə edə biləcəkləri şərait yaratmaq məqsədi daşıyır. Bu layihə vasitəsilə onların incəsənətə–rəsmə, rənglərə, formaya və duyğuya söykənən istedadlarını stimullaşdırmaq, gələcəyin yaradıcı və fərqli düşüncəli insanlarını formalaşdırmaq istəyir.
Nurcan inanır  ki, "rənglər sadəcə gözə görünən deyil, ruhumuzun səssiz dilləridir". Hər bir gəncin içində bir rəng var–bəlkə sakit mavilik, bəlkə ehtiraslı qırmızı, bəlkə də ümid dolu sarı…
Bu çıxışın köməyilə gənclər öz rənglərini tapacaq, öz hekayələrini sənət vasitəsilə danışacaq və ən əsası-özlərinə inanacaqlar. Bu gün bu layihə ilə Nurcan, təkcə işıq saçmaq deyil, başqalarının da öz işığını tapmasına yardım etmək istəyir. Çünki o,  inanır ki–"hər kəs gələcəyə bir işıq ola bilər", sadəcə bu işığı görmək və onu paylaşmaq lazımdır.
Dördüncü  çıxışçımız aktual mövzu ilə tədbir iştirakçılarını düşündürən  Bakı Biznes Universitetinin  İqtisadiyyat və  İdarəetmə  fakültəsinin 3-cü kurs  tələbəsi  Səbuhi Musayev oldu.
Səbuhi Musayevin fikrincə, "Beyin köçü" günümüzdə cəmiyyətimiz tərəfindən aktual olan, lakin çox zaman həlli yolu axtarılmayan, eyni zamanda hər kəsi narahat edən bir yaradır. O, bu hadisəni sadəcə insanların ölkədən getməsi kimi deyil, gələcəyin səssizcəsinə əldən çıxması kimi dəyərləndirir. Onun müşahidələrinə əsasən, gənclər yalnız daha yaxşı maaş üçün deyil, eyni zamanda dəyər verilmədiklərini düşündükləri üçün ölkəni tərk edirlər. Səbuhi bildirir ki, bir çox hallarda gənclər ideyalarını reallaşdırmaq üçün uyğun ekosistem tapa bilmədiklərinə görə, xaricə üz tuturlar. Onun fikrincə, təkcə iqtisadi səbəbləri hədəf almaq bu problemin qarşısını almağa kifayət etmir. Səbuhi belə hesab edir ki, gənclərin içindəki potensialı boğmayan, əksinə stimullaşdıran mühitin formalaşması əsas açardır. O, beyin köçünün statistik rəqəmlərdən daha artıq  mənəvi itki olduğunu vurğulayır. Hər bir istedadlı gəncin gedişi, bir xalqın və millətin öz gələcəyini itirmə hekayəsidir. Səbuhi qeyd edir ki, ölkədə yaradıcı təşəbbüslərə yer verilməməsi, gənclərin qərarvermə proseslərindən kənarda qalması motivasiyanın azalmasına səbəb olur. Onun sözlərinə görə, bu sahədə islahatlar yalnız yuxarıdan deyil, aşağıdan da gəlməlidir–yəni gənclərin səsini eşitmək şərtdir. O, düşünür ki, gənclərin ölkəyə inamı yalnız rəsmi çıxışlarla deyil, real dəstək və imkanlarla qazanıla bilər. Səbuhi alternativ olaraq "Beyin axını"nı "Beyin dövriyyəsi"nə çevirməyi təklif edir. Yəni, gənclər ölkədən getsələr belə, onların yenidən geri dönməsi üçün real zəmin yaradılmalıdır. Bu səpkidə xaricdə qazandıqları bilik və təcrübəni vətənə ötürmək üçün təşviqedici mexanizmlər ön planda olmalıdır. O, bu modelin həm diaspora, həm də yerli resursların gücləndirilməsi baxımından effektiv olduğunu düşünür. Səbuhi vurğulayır ki, hər bir insanın ölkəsinə bağlanması üçün sadəcə torpaq deyil, həm də mənəvi bağlılıq vacibdir. Əgər gənc hiss edirsə ki, burada onun fikrinə, əmək fəaliyyətinə, ideyasına ehtiyac var-o, getmək deyil, qalmaq istəyəcək. Bu mənada beyin köçünün qarşısı inzibati yox, sosial və psixoloji yanaşmalarla alınmalıdır. O, son olaraq qeyd etdi ki, beyin köçünü dayandırmaq üçün ilk addım, ölkədə beyinlərə ehtiyac olduğunu qəbul etməkdir.  
Forumun bədii hissəsində isə Bakı Biznes Universitetinin  yaradıcı  gəncləri çıxış etdilər.
İqtisadiyyat və İdarəetmə fakültəsi, Sosial İş  ixtisası tələbəsi Cəfərova Xatirə  şair-publisist Aysel Fikrətin "Əsgərim" və "Biz döndük"  şeirıərini, Bakı Biznes Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin  Sosial iş ixtisası tələbəsi İbrahimova Aytac Zəlimxan Yaqubun "İlk andımız, son andımız Turandı" şeirini  səsləndirdilər. Azərbaycan  Dövlət Neft Akademiyasının magistr tələbəsi Hüseynzadə Ziya və Bakı Biznes Universitetinin  Tərcümə ixtisası üzrə 4-cü kurs tələbəsi Bağırov Elvin isə gitarada biri-birindən gözəl musiqilər ifa etdilər.
Bu layhiyədə  tələbələrin hazırlanmasında, onların  potensialının   ortaya çıxarılmasında xüsusi dəstəyi olan Bakı Biznes Universitetin Humanitar Elmlər kafedrasının   müəllimi,  Filologiya elmləri üzrə fəlsəfə doktoru    Reyhan Dadaşovaya,  layihə rəhbəri "REHA" Təlim Təhsil Mərkəzinin rəhbəri İlhamə Axundovaya belə savadlı, vətənpərvər  Azərbaycan gəncliyini bizə tanıtdığı üçün  təşəkkürümüzü bildiririk.
"REHA" Təlim Təhsil  Mərkəzinin mətbuat xidməti



 
 





шаблоны для dle 11.2