Məleykə Abbaszadə tələbələrin müraciətini nəzarətə götürdü – BDU-nun C korpusunda tədris şəraiti ilə bağlı araşdırma aparılacaq
Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciəti diqqətə alınıb. Universitetin rektoru Məleykə Abbaszadə tələbələrin sosial şəbəkələr vasitəsilə səsləndirdikləri narahatlığa münasibət bildirərək məsələni şəxsi nəzarətinə götürdüyünü açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, cari həftə ərzində tələbələr tərəfindən universitetin C korpusu ilə bağlı müraciətlər daxil olub və səsləndirilən problemlərin araşdırılması üçün müvafiq addımlar atılacaq.
Rektorun sözlərinə görə, məsələ ilə əlaqədar xüsusi işçi qrupu yaradılıb. Yaxın zamanda işçi qrupu C korpusunun yerləşdiyi əraziyə baxış keçirəcək, mövcud vəziyyəti yerində araşdıracaq və əldə olunan nəticələr əsasında zəruri tədbirlərin görülməsinə başlanılacaq.
Məleykə Abbaszadə tələbələrin müraciətinə operativ münasibət göstərilməsinin vacibliyini vurğulayaraq, məsələni diqqətə çatdıran tələbələrə təşəkkürünü bildirib.
Xatırladaq ki, BDU-nun C korpusunda təhsil alan tələbələr universitet rəhbərliyinə müraciət edərək dərs prosesinə mane olan səs-küyün aradan qaldırılmasını və tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər. Onların bildirdiyinə görə, korpusun yaxınlığından keçən magistral yolun nəqliyyat səsi, eləcə də ərazidə fəaliyyət göstərən qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər auditoriyalarda dərs zamanı diqqətin cəmlənməsinə çətinlik yaradır.
Tələbələrin bu narahatlığının universitet rəhbərliyi tərəfindən diqqətə alınması və problemin yerində araşdırılması ilə bağlı qərar verilməsi məsələnin həlli istiqamətində atılan ilkin addım kimi qiymətləndirilə bilər.
İndi əsas diqqət işçi qrupunun keçirəcəyi baxışın nəticələrinə və tələbələrin qaldırdıqları problemlərin aradan qaldırılması üçün görüləcək tədbirlərə yönəlib. Gözlənti ondan ibarətdir ki, aparılacaq araşdırma nəticəsində C korpusunda təhsil alan tələbələr üçün daha əlverişli və rahat tədris mühitinin yaradılması istiqamətində konkret addımlar atılacaq.
Qəni Hüseynov





















