Fuad Muradovdan böyük gözləntilər var - Deputat
Baxılıb: 599 Tarix: 28-06-2018 15:05
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfər etməklə yüksək səviyyədə görüşlər keçirdi. Yeni rəhbərliyin səfəri çox önəmli idi. Onun həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə görüşləri oldu. Gürcüstanda yaşayan azərbaycanlılarla çox isti münasibət saxladı və məhsuldar görüşlər keçdi. Nəinki bu səfər rəsmi, siyasi tərəfdən, eyni zamanda, sadə vətəndaşlar tərəfindən də sevinclə qarşılandı. Açığını deyim ki, Diaspor Komitəsinin bu vaxta qədər bu formatda görüşləri olmamışdı.
Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu ilin iyunun ortalarında Gürcüstana səfərini şərh edərkən deyib.
Azərbaycanlı deputat, Fuad Muradovun Gürcüstana səfəri ilə bağlı Ermənistan hakimiyyətinin narahatlığına da münasibət bildirib.
“Ümumiyyətlə, ermənilərin hərəkətləri ciddi qəbul olunmur. Bədnam qonşularımızın o cür qıcıq yaradan davranışlarına fikir vermirik. Təbii ki, bu cür hallar olacaq. Həmçinin, Fuad müəllimin Gürcüstana səfəri rəsmi olub. Gürcüstanın dövlət adamları ilə görüşləri baş tutub. Kimin nə düşünməsindən asılı olmayaraq Gürcüstan-Azərbaycan münasibətləri çox yaxşıdır. İki ölkə arasında dost münasibətlər mövcuddur. Fuad müəllimin Gürcüstana səfəri bunun bir daha təsdiqidir”
Ruslan Hacıyev bildirib ki, Gürcüstanda yaşayan sadə azərbaycanlılar üçün komitənin bu cür görüşlər keçirməsi təqdirəlayiqdir.
“Gürcüstanda yaşayan sıravi insanlar bu görüşü yüksək qiymətləndirirlər. İnanırıq ki, gələcəkdə Diaspor Komitəsinin yeni rəhbərinin atdığı addımlar bütün dünyada yaşayan azərbaycanlıları sevindirdiyi kimi, bizi də sevindirəcək. Çox istərdik ki, komitə daha aktiv işləsin. İnanıram ki, Fuad müəllimin rəhbərliyi dövründə bu daha da yaxşı olacaq. Çünki artıq ilk addımlar göz önündədir”.
Qeyd edək ki, Fuad Muradovun Gürcüstana səfər etməsi və bu çərçivədə keçirilən çoxtərəfli görüşlər Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub.
Ermənistanın Gürcüstandakı səfiri iyunun 27-dən başlayaraq Marneulinin ermənilər olan kəndlərində Diaspor Komitəsinin keçirdiyi formatda görüşlər təşkil edir və guya problemlərlə maraqlanırlar.
Ən çox oxunanlar
Son xəbərlər