Rövşən Almuradlını nə öldürdü? - xalq artisti GİZLİNLƏRİ AÇDI
Baxılıb: 688 Tarix: 04-04-2019 14:26
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının aznews-a müsahibəsi
- Azərbaycan mədəniyyəti daha bir sənətkarını itirdi. Mərhum rejissor Rövşən Almuradlının qəfil ölüm xəbərini necə qarşıladınız?
- İnanmadım. Daha döğrusu, inanmaq istəmədim. Onsuz da bir gün gələn bir gün də gedər. Amma baxır necə gedir? Qəfil getməyi qəbul eləmək çətindir. Elə adamlar var ki, onların gedişini istəmirsən, ağır gəlir. Çünki Rövşəni tələbəlik illərindən tanıyırdım. Elə bil bizim nəsilə yarpaq tökümü başlayıb. Bundan əvvəl İlham Əsgərovu itirdik. Onun ardınca Rövşən getdi. Yaxşı dost, yaxşı insan, istedadlı rejissor getdi… Hələ çox işlər görəcəkdi, tamaşaları ilə bizləri heyrətləndirəcəkdi. Amma o, artıq bizdən deyil. Mənim qəbul etmək istəmədiyim də budur. Neyləyək, həyat bir oyundur, odur ki, Rövşənin ölümünü qəbul eləmək məcburiyyətindəsən.
- Rövşən Almuradlını nə öldürdü?
- Təbii hadisələri və insan həyatı ilə bağlı olan məsələləri rəngləmək istəmirəm. Bundan sonra ona rəng qatmağın nə mənası… Onun sağlamlığı və səhhətində yaranan problemlərdən yaxından tanışam. Ürəyində problem vardı. Xəstəxanaya düşdü, reanimasiyada yatdı. Sonra Bakıdakı xəstəxanaların birinə köçürdük. Sənət adamını bir şey yaşadır. O da iş, səhnə, kamera qarşısı. Sənət adamları işləyəndə yaşayırlar, xəstələnmirlər. Onlar səhnədən uzaqlaşdırılanda, istədiklərini reallaşdıra bilməyəndə onu ürəyinə salır, özünə dərd edir. Bir də baxır ki, ürək yoxdur. Ümumiyyətlə, Rövşənin ətrafında lazım olmayan söz-söhbətləri təkrarlamaq istəmirəm. Bir şeyi dəyişə bilmiriksə, sonradan nəyisə müzakirə etməyin, yaxud da qabartmağın heç bir əhəmiyyəti yoxdur. Neyləsək də biz Rövşəni qaytara bilməyəcəyik.
- Mərhumun ölüm xəbəri yayılandan sonra onu yaxından tanıyanlar sosial şəbəkədə "Rövşən özünü qorumadı" deyə müxtəlif fikirlər səsləndirdilər. Kimi dedi "sağlamlığının qeydinə qalmadı", kimi də "müalicədən yayındı" dedi…
- İndi çox şey demək, danışmaq olar. Bu kimi fikirlər bizim hamımızda var. Əgər bütün günümüzü ona kökləsək, onda gərək isləməyək, danışmayaq, dünyanın hay-küyünə qulaqlarını kar edəsən. Belə yaşamaq mümkin deyil. Bəlkə başqa sahənin sənət adamları belə yaşaya bilər, amma bunu sənətkarlar üçün deyə bilmərəm. Bədii yaradıcılıqla məşğul olanlar bu şəkildə yaşaya bilməz. Əgər sənətkar düşünsə ki, onun ürəyində problem var, səhhəti qaydasında deyil, o, səhnəyə çıxa bilməz. Ölsən də səhnəyə çıxıb tamaşanı oynamalısan. Bu qanundu. Onu düşünsən, yaradıcılığından qalmış olursan. Bu isə daha pis ölümdür. Rövşən bu mənada bir az fərqli, daha dərin və dünyada heç nədə gözü olmayan adam idi. Arzuları vardı. Bütün həyatını çalışdı ki, həmin arzularını həyata keçirsin. Film çəkmişdi, elə günü də həmin filmin Quba rayonunda təqdimatı olacaqdı. Sənət adamları özlərini yandırırlar, onlar Səməndər quşudurlar. Sən yanmasan, o yanmasa, bəşəriyyət qaranlıqdan necə çıxar? Bu dünyada yaxşı adam olmaq üçün mütləq yanmalısan. Çox təəssüf yananda da çox yaşaya bilmirsən. İstedadlı adamlar abırlı olur, az yaşayırlar. İstedadsızlar isə uzun ömürlü olurlar, həm də abırsız idi.
- Rövşən Almuradlı yaradıcılığı Azərbaycan Akademik Milli Dram Teatrının repertuarında necə qalacaq?
- Rövşən Almuradlı Azərbaycan teatrlarının bir çoxunda tamaşalar qoydu. Akademik teatrda isə "Ölüləri qəbiristanlıqda basdırın" və "Yaşlı xanımın gəlişi" tamaşalarını qoydu. Çox uğurlu tamaşalar idi, uzun illər repertuarda oynanıldı. Həmin tamaşalarda kassalarda kifayət qədər satış olurdu. Tamaşalar da insan ömrü kimidir. Uzun yaşamır. Doğulur, baxılır, gəncliyini, orta yaşını yaşayır, qocalır və bizi tərk edir. Tamaşa isə xatirələrdə qalır. Məncə Rövşən Almuradlını əbədi yaşadan onun "Cavad xan" filmidir. O, bu filmlə Azərbaycan filminə çox gözəl bir miras qoydu. Rövşən Almuradlı uzun ömürlü və unudulmayan sənətkar olacaq.
- Azərbaycan mədəniyyəti istedadlı bir rejissoru itirdi. Bəs, xalq artisti Nurəddin Mehdixanlı kimi itirdi?
- Rövşənlə tələbə yoldaşı idik. Mən aktyor olaraq onun tamaşalarında oynayırdım. O, mənim rejissorum idi. Rövşən peşəsinin ustadı idi. Saf, səmimi, dürüst, millətini, ölkəsini və dinini sevən şəxs, əsl mənada dost və gözəl ata idi. Allah ona hər şeyi könlünün xoş vaxtında vermişdi. Dostlarını axtarardı. Həmişə də deyərdi ki, "qardaş, gəl bir dərdləşək". Saatlarla dərdləşərdik, sonra mən onu aparıb yola salardım. Belə-belə dərdini yaxından duyurdum. Söhbət məndən deyil, Azərbaycan mədəniyyətindən gedir. Azərbaycan mədəniyyəti çox böyük bir sənətkarını itirdi. Allah ona rəhmət eləsin.
Ən çox oxunanlar
Son xəbərlər