Azərbaycan Respublikasında ədliyyə sistemi gündən-günə inkişaf edərək daha da möhkəmlənməkdədir


Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.
Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.
Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında, Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında, ADR-in yaranmasından ilyarımın keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.
Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.
İfrat mərkəzləşdirilmiş hakimiyyətə alüdəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu.Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının göstəricisidir.
26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” Qanunlar qəbul olunmuşdur. “Açıq hökumət” prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir.Dövlət başçısının məhkəmə-hüquq islahatlarına və məhkəmə fəaliyyətinə verdiyi müsbət qiymət hər birimizin qəlbini qürur hissilə doldurduğu kimi, bu sahədə, xüsusilə insan hüquqlarının etibarlı müdafiəsi, korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa qarşı mübarizə ilə bağlı qarşıda duran vəzifələrə dair tapşırıq və tövsiyələri məsuliyyətimizi qat-qat artırır, daha əzmlə çalışmağa səfərbər edir, göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün bütün bilik və bacarığımızı, təcrübəmizi əsirgəməməyə sövq edir.
Azərbaycan Respublikasında qanunun aliliyini, insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyini və səmərəliliyini təmin etmək məqsədi ilə son illər məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar vətəndaşların müraciət imkanlarının asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artmasına, ümumilikdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və bölgələrdə hüquq institutlarının inkişafına təkan vermişdir.
Müstəqil Azərbaycan Respublikasında ədliyyə gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.
Xalqımızı 28 may – Müstəqillik Günü münasibətilə təbrik edr, hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik arzulayıram.
Emin Cəfərov,
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi


















