Ərdoğan üçün ən ağır sınaq: iki cəbhədə mübarizə gedir
Baxılıb: 587 Tarix: 03-06-2018 10:42
Türkiyədə seçkilər yaxınlaşdıqca aktivlik daha da artır.
Bu sözləri Qanunvehedef.az -a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, artıq namizədlər arasında mübarizənin şiddəti də artmaqdadır:
“Hər tərəf öz müsbət və mənfi cəhətlərinin üzərində çalışır. Hazırda burada iqtidarın vəziyyəti daha çətindir. Buna səbəb həm uzun müddət hakimiyyətdə olmaq, həm də daxili və xarici siyasətdə olan bəzi xətalardır. Xüsusilə iqtisadi məsələdə, yəni beynəlxalq krizlə birlikdə, ABŞ-ın apardığı siyasət nəticəsində dolların türk lirəsinə qarşı dəyər qazanması AKP-yə mənfi təsir göstərir”.
Ekspert vurğulayıb ki, mübahisəli mülahizələr var:
“Bugünkü iqtidarın seçkinin birinci turunda qələbə qazana bilməyəcəyi ilə bağlı fikirlər gündəmdədir. Bu ehtimal da olduqca yüksəkdir. Amma bu seçkidir, hər günün öz dəyəri var. Unutmamaq lazımdır ki, bu seçki digərlərindən çox fərqlidir. Birinci dəfədir ki, Türkiyədə prezident üsul-idarəsi sistemi ilə prezident seçiləcək. Bu, fərqli bir hadisədir. Əslində referendumda da bu cür üsul-idarəyə qarşı olan insanlar var idi. Ona görə də bu seçkilərdə səsvermə zamanı bir çox faktorlar özünü göstərəcək. Yəni Ərdoğana qarşı sadəcə ona müxalif olanlar deyil, eyni zamanda, prezident üsul-idarəsinə qarşı olanlar da aktivliyini ortaya qoyacaqlar. Bütün bunları nəzərə alsaq, nəticələr çox fərqli ola bilər. Ona görə də hazırda səsləndirilən bir çox proqnozların səhv çıxma ehtimalı yüksəkdir. İndiki şəraitdə isə deyə bilərik ki, rəqabət çox güclüdür və şanslar hardasa hər kəs üçün eynidir”.
Ekspert 24 iyunda keçiriləcək seçkilərdə AKP-nin üstünlüyünü itirəcəyi ilə bağlı mülahizələrə də münasibət bildirib:
“24 iyunda keçiriləcək seçkilərdə AKP-nin üstünlüyünün başa çatacağını deyə bilmərik. Çünki AKP hazırki sorğularda belə digər partiyalardan fərqli olaraq, çox irəlidədir. Amma onun Məclisdəki təsiri azala bilər. Burada dəyişik ssenarilər görə bilərik. Bu, eyni zamanda, prezident seçkiləridir. Və indiki liderlər arasında Ərdoğan üstünlüyünü qoruyur. Partiyalar sıralamasında da AKP hələlik digər partiyalardan üstündür”.
Ekspertin sözlərinə görə, burada digər maraqlı məqam yaranan koalisiyalar oldu:
“Bir tərəfdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) yaratdığı Cümhur Birliyi, digər tərəfdə isə Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ, Səadət Partiyasının Millət Birliyi var. Dünənə qədər bir araya gələ bilməyən fərqli baxışlı partiyaların bu şəkildə birləşməsi də rəqabətin nə dərəcə güclü olduğunu göstərir. İrəlidəki proqnozlara da bu öz təsirini göstərəcək”.
Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Ən çox oxunanlar
Son xəbərlər