Heydər Əliyevin İranla bağlı müdrik qərarı – Xərrazi danışdı
Baxılıb: 600 Tarix: 06-10-2021 12:24
İran rəsmilərinin Azərbaycana qarşı savaşı getdikcə daha aydın müstəviyə çıxır: ötən gün İran Bakıdan Naxçıvana gedən hərbi təyinatlı təyyarələr üçün hava məkanını bağladı.
Bu, İranın ata biləcəyi ən sonuncu addım idi. Bununla İran 5 oktyabrda Naxçıvanda, Ermənistanla sərhəddə başlayan təlimə bir daha öz münasibətini bildirmiş oldu.
İran Azərbaycan sərhədində hərbi təlim keçirməsinin ardınca Naxçıvanda, Ermənistan sərhədində hərbi təlimə başlayan Azərbaycan və Türkiyə qüvvələrinin Bakı ilə hərbi təchizat əlaqəsini “kəsməklə” mahiyyətini və hədəfini ortaya qoyur.
Guya “sionizm” sərhədlərinə yaxınlaşırmış. Halbuki İlham Əliyev 4 oktyabrda işğaldan azad edilmiş ərazilərə səfərində İrana səslənərək, bu yerlərdə İsrailə məxsus heç bir açıq-gizli qüvvələrin olmadığını, hətta burda məskunlaşmanın başlamadığını, bir nəfərin də yaşamadığını demişdi.
Bu cavabın əvəzində isə İran "əməli addımlar" atır və iki ölkə arasında münasibətləri gərginləşdirmək xəttini davam etdirir. Əlbəttə ki, siyasi bəyanatlar da öz yerində.
Daha bir bəyanat isə İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi tərəfindən səslənib. Bir daha Azərbaycanı təhlükəsizlik məsələsində xarici qüvvələrə arxalanmaqda ittiham edən İran rəsmisi vaxtilə Tehranın Heydər Əliyevə Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında yardım və kömək təklifi etdiyini, Ulu öndərin isə bundan imtina etdiyini xatırladıb.
Azərbaycanın təhlükəsizlik məsələsində “xarici qüvvələrə arxalanması” iddiası əlbəttə ki, İranın növbəti dəfə Azərbaycanı hədələməsidir. Tehran Azərbaycanın Türkiyə və Pakistastanla qardaşlığa söykənən əməkdaşlığına, İsraillə strateji partnyorluğuna bu cür reaksiya verir.
Azərbaycan milli təhlükəsizliyini təmin etmək üçün dostlarını və partnyorlarını özü seçir. Bəs, İran niyə burda yer almır? İranla hərbi əməkdaşlıq niyə əvvəldən qurulmadı?
Xərrazi Heydər Əliyevin İranın bu yöndən təklifindən imtina etdiyini xatırladır.
Heydər Əliyev – dünyanın iki ən böyük gücündən birinə uzun müddət rəhbərlik edən əsas simalardan olan şəxs niyə İranın Azərbaycan ordusunun qurulmasında iştirakını qəbul etməmişdi?
Çünki Heydər Əliyev “islam respublikası” adına iddia edən İranın əsl mahiyyətini bilirdi. Bu ölkədə 1979-cu ildə inqilab baş verəndə Heydər Əliyev Azərbaycan SSR-in birinci katibi, Sov İKP Siyasi Bürösünün üzvlüyünə namizəd, xüsusi xidmət orqanlarına uzun illər rəhbərlik edən general idi. İranda islam inqilabının necə baş verməsini və bu ölkədə nələrin yaşandığını çox yaxşı bilirdi.
SSRİ Amerikanın sərhədləri yaxınlığında bu qədər güclənməsində qətiyyən maraqlı deyildi: SSRİ İran inqilabında hansı rol oynamışdı, bu ölkə ilə SSRİ-nin münasibətlərində nələr vardı? – Heydər Əliyev bunlara ovcunun içi kimi bələd idi.
Heydər Əliyev həm də çox yaxşı bilirdi ki, Naxçıvan blokadaya alınanda İran hansı mövqeyi tutmuşdu; Heydər Əliyev Naxçıvanı blokadadan çıxarmaq üçün niyə “Ümid” körpüsü inşa edirdi ki? Axı, Naxçıvanın böyük hissəsi İranla sərhəd idi!
Heydər Əliyev gözəl bilirdi ki, Tehranda atəşkəs danışıqları gedəndə Şuşa işğal edilmişdi və bunda İranın “xəbərsizliyinə” yalnız sadəlövhlər inana bilərdi.
Heydər Əliyev onu da çox gözəl bilirdi ki, Azərbaycanın Baş naziri olan Pənah Hüseyn ucuz qiymətə İrandan külli miqdarda mərmilər alıb sevinə-sevinə Bakıya qayıtmışdı. Qısa müddətdə mərmilər tədarük olunub, ordunun sərəncamına veriləndə və tətbiqində məlum oldu ki, bur mərmilərin hamısı yararsızdır, mərkəzləşməsi pozulub: yəni Aladağı nişan alıb atırdın, gedib düşürdü 300 km o tərəfdəki Qaradağa!
Heydər Əliyev İranın Qafqaz siyasətinin mahiyyətini bildiyi üçün Tehranın Azərbaycanın ordu quruculuğundakı təklifini qəti şəkildə rədd etmişdi. Azərbaycanın Türkiyə ilə hərbi-siyasi və iqtisadi münasibətlərinin bugünkü səviyyəsi üçün də o vaxt özüllər tökmüşdü.
İndi, təxminən 26 ildən sonra Heydər Əliyevin nə qədər müdrik qərar verdiyini anlamaq artıq çoxları üçün çətin deyil.
Və əlbəttə ki, hərbi “yardım” təklifindən imtinanın bir iqtisadi əsaslandırması da olmuşdu.
1993-cü illərdə Bakı-Ceyhan kəmərinin iki variantı vardı: baha başa gələn, daha uzun məsafədən, coğrafi baxımdan əlverişsiz yerlərdən (dağlıq ərazidən) keçən Tiflis üzərindən olanı, bir də daha qısa məsafə, əlverişli coğrafi şərait, qat-qat ucuz başa gələn İran yolu.
Həmin ərəfədə bir çoxları hətta “millətçilik” edirdilər, iddia edirdilər ki, İran marşrutu gələcəyə hesablanmış ən ideal və ən uyğun, ucuz və tez başa gələn variantdır. Ən “uğurlu”, ictimai rəyə hesablanan və ictimai dəstək qazanmaq üçün işlədilən arqument isə bu idi ki, İran marşrutu gələcəkdə ümumiyyətlə Azərbaycanın daxilindən keçə (Azərbaycan bütövləşəndə) və yaxud Güney Azərbaycan dövləti yarandığı halda qardaşlarımıza səmərə verə bilər.
Həmin dövrdə Azərbaycanın bütövləşməsi barədə siyasi diskussiyalar çox tez-tez gündəmə gətirilirdi və bu baxımdan bu iddianı səsləndirənləri kimsə İran agenti olmaqda açıq ittiham edə bilməzdi.
Heydər Əliyev Tiflis marşrutunu seçdi – yəni daha bahalı, daha çətin, daha uzun müddətə başa gələni (Heydər Əliyevin bu israrını ən ciddi şəkildə dəstəkləyən Əbülfəz Elçibəy idi və Elçibəy müxalifət sıralarında səslənən “İran marşrutu”na qəti şəkildə qarşı çıxırdı).
Bunun da necə müdrik qərar olduğu İranın Naxçıvana gedən hərbi təyyarələrimiz üçün hava məkanını bağladığı bu gün bir daha aydın oldu.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər