Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İşğaldan azad olunan torpaqlarda böyük potensial imkanlar mövcuddur

Baxılıb: 601     Tarix: 22-10-2021 15:03   
 
  Həmid Pənahov: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək işlər ölkəmizin əhalisinin bir çox kənd təsərrüfatı məhsullarına olan tələbatını idxaldan asıllıqdan qurtaracaq”

   YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edib. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Həmin proses Qazax rayonunda da öz həllini tapdı. Partiyanın rayon təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar, rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində yaşayan Heydər Əliyevçilərin Yeni Azərbaycan Partiyası ətraflarında birləşdirilməsinə başlanıldı. Həmin dövrdə hakimiyyət qüvvələri partiyanın rayon təşkilatının yaradılmasına mane olmağa çalışır və təzyiqlər göstərirdilər. Məhz bunun nəticəsi idi ki, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 1993-cü ilin mart ayından fəaliyyətə başlasa da, rayon təşkilatının təsis konfransını ulu öndər hakimiyyətə gələnə kimi keçirmək mümkün olmamışdı.
YAP Qazax rayon təşkilatının təsis konfransını ümummilli lider hakimiyyətə gəldikdən sonra 1993-cü il iyul ayının 24-də keçirmək mümkün olub. AXCP - Müsavat hakimiyyəti dövründə təsis konfransının keçirilməsinə maneçilik törətmiş olsalar da, rayon təşkilatının formalaşmasının qarşısını ala bilməmişdilər. Rayon təşkilatının təəssübkeşləri təşkilatın formalaşması və təşkilatlanması üçün mütəmadi olaraq iclaslar keçirir, təəssübkeşlərini artırır, rayonda və respublikada gedən proseslərə öz münasibətlərini bildirirdilər. Həmin dövrdə Azərbaycanı düşdüyü bəladan yalnız Heydər Əliyevin qurtara biləcəyi rayonda təbliğ olunurdu. Nəhayət, 1993-cü il iyul ayının 24-də YAP Qazax rayon təşkilatı 124 nəfər təəssübkeşinin iştirakı ilə öz təsis konfransını keçirib. Bundan sonra rayon təşkilatında təşkilatlanma işləri daha da sürətlənib, partiya üzvlərinin sayı artmağa başlayıb. YAP qısa vaxtda həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilat olub. YAP-a bəslənən ümidlər əsas etibarı ilə özünü doğrultmağa başlayıb. YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit edə bilib, Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bilib.
   Bu gün partiya ulu öndərin siyasi xəttini inamla və dönmədən həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, o zamandan bəri ölkədə keçirilmiş bütün seçkilərdə YAP və onun lideri qalib gəlib. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 721 mindən artıq üzvü birləşdirən YAP Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Bu baxımdan YAP Qazax rayon təşkilatı təsis olunduğu gündən hal-hazıra kimi Heydər Əliyev ideyalarını daim əzmlə həyata keçirir. YAP Qazax rayon təşkilatının bu gün 10000 nəfərdən çox yaxın üzvü vardır. Onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. Partiya sıralarına qəbul məsələsi daim gündəmdədir. Rayon təşkilatı həmişə partiyanın qarşıya qoyduğu tapşırıqların həyata keçirilməsi, seçkilərdə daha fəal iştirak edərək partiyanın qələbəsinin təmin edilməsi, iqtidarın ölkəmizin idarə edilməsindəki uğurlarının rayon sakinlərinə çatdırılması istiqamətində işlərini günün tələbi səviyyəsində qurmuşdur.

   Bu sadaladığımız məlumatları YAP Qazax rayon təşkilatının sədri cənab Həmid Pənahovdan öyrəndik. Həmid müəllimdən həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Qələbənin bir illiyinə münasibət bildirməsini xahiş etdik. Təklifimizi məmnuniyyətlə qəbul edən Həmid Pənahov ilk növbədə qeyd etdi ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib:
   -  Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Zəfər çaldı, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qanı, canı bahasına Vətəninin azadlığı uğrunda canından keçən oğullarımız Şəhidlik zirvəsinə ucalaraq torpağı Vətən etdilər. Gerçəkdən də şəhidi olmayan  xalq torpaq məhəbbətindən, yurd sevgisindən  məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən  minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq  Vətənə döndü. Azərbaycan xalqının  birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi  möhkəm  xalq-iqtidar birliyi  qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu. Möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa  malik, qətiyyətli lider kimi  hərb işinə də böyük bacarıqla  rəhbərlik edən  ölkə başçımız, eyni zamanda informasiya  müharibəsində də sarsılmaz  iradə göstərib  xarici ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə dərin məzmunlu müsahibələr verərək  Azərbaycan xalqının sülhsevər, sülhməramlı olduğunu bütün dünyaya bəyan etdi. Budur, artıq qələbəmizin 1 ilinin tamam olmasını təkcə Azərbaycan və dost ölkələr deyil, dünyanın faşizmdən zaval görmüş bir çox ölkələrində də qeyd edirlər. Buradan bəlli olur ki, biz Vətən müharibəsində qalib gəlməklə, yalnız öz torpaqlarımızı işğaldan azad etməmişik, həm də erməni faşizminə qalib gəlməklə bütün tərəqqipərvər dünya ictimaiyyətini sevindirmişik.
   
   Qeyd etməyimizə dəyər ki, Həmid Pənahov YAP rayon təşkilatına uğurla rəhbərlik etməklə yanaşı, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru kimi milli-müstəqil iqtisadiyyatımızın mühüm istiqaməti olan kənd təsərrüfatımızın Qazax rayonunda inkişafına əhəmiyyətli xidmətlər göstərir. Həmid Pənahov söhbət zamanı bildirdi ki, Qazax rayonunda da son illərdə kənd təsərrüfatı məhsulunun istehsalında dinamik artım müşahidə olunur:
   -  Rayonda 2021-ci ilin məhsulu üçün 2020-ci ilin payızında 10003 hektar, 2021-ci ilin yazında isə 79,5 hektar olmaqla cəmi 10082,5 hektar taxıl səpilmişdir ki, bunun da 5061 hektarı buğda, 4481 hektarı isə arpa sahələri olmuşdur. 2021-ci ilin yazında 1060 hektar kartof, 91 ha vələmir, 454 ha qarğıdalı, 80 ha sorqo(süpürgə), 23 ha noxud, 174 ha lobya, 731 ha təzə yonca, 49 ha günəbaxan, 35 ha bostan, 11 hektar sarımsaq, 23 hektar soğan, 139 hektar xiyar, 234 hektar pomidor, 72 hektar kələm, 45 hektar badımcan, 60,5 hektar bibər, 90 hektar göyərti, 32 hektar qarpız, 3 hektar yemiş olmaqla cəmi 3451 hektar yazlıqlar əkilmişdir. Ümumi 1393,3 hektar meyvə bağlarından 365,85 hektarı fındıq bağıdır ki, bunun da 275 hektarı məhsuldar bağlardır, üzüm bağları 279 hektar təşkil edir. Rayonda 14 nəfər sahibkar tərəfindən ümumi sahəsi 8,15 hektar olan bir neçə müasir konstruksiyalı istixanada pomidor, xiyar və gül kələmi becərilmişdir. 10082,5 hektar taxıl sahəsində biçin tam başa çatmış, 34636 ton taxıl istehsal olunmuş, məhsuldarlıq 34,35 sentner olmuşdur ki, bu da ötən ildəkindən çoxdur. O cümlədən  4481,5 hektar arpa sahəsindən 13896,2 ton arpa, məhsuldarlıq 31 sentner, 5061 hektar buğda sahəsindən 20739,8 ton buğda, məhsuldarlıq 37 sentner olmuşdur. Biçinə 53 ədəd taxılbiçən kombayn cəlb edilmişdir ki, bunun da 24 ədədi "Aqroservis" ASC-nin ayrı-ayrı rayon şöbələrindən dislokasiya edilmişdir.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları qəbul edilmişdir. Buna görə də hər bir kənd təsərrüfatı məhsullarının istehsalçıları subsidiya almaları üçün "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə (EKTİS) qeydiyyatdan keçərək öz əkinlərini bəyan edirlər. EKTİS-də 9557 nəfər fermer tərəfindən 23698 əkin bəyanı verilmişdir. Subsidiyanın Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənişləri davam etdirilir. "Aqroservis" ASC-nin Qazax filialı tərəfindən rayonumuzda fəaliyyət göstərən fermerlərə aqrokartlar vasitəsilə ödəniş edilməklə 150 ton gübrə satılmışdır ki, bundan 129,4 tonu ammonium nitrat, 12,6 tonu ammofos, 12,35 tonu nitroamofaska, 1,65 tonu ammonium sulfat, gübrələridir. Həmçinin, 569 litr pestisid satılmışdır. Rayonda bitkilərin zərərvericilərdən və digər xəstəliklərdən qorunması istiqamətində mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
   Qazax Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən ilik yarım il ərzində 10802 hektar ərazidə müşahidələr aparılmışdır. Çəyirtkəkimilərə qarşı 2234 hektar sahədə müşahidə aparılmış, 639 hektarda sirayətlənmə qeydə alınmış, 530 hektar sahədə büdcə vəsaiti hesabına kimyəvi mübarizə aparılmışdır. Siçanabənzər gəmiricilərə qarşı 700 hektarda müşahidə aparılmış və 247 hektarda sirayətlənmə qeydə alınmışdır. Sirayətlənmə qeydə alınmış 236 hektarda büdcə vəsaiti hesabına kimyəvi mübarizələr aparılmışdır. Ümumi müşahidə aparılmış müxtəlif növ əkin sahələri və meyvə bağlarında təsərrüfat subyektlərinin hesabına 69,25 hektarda mexaniki, 9049 hektarda isə kimyəvi mübarizə tədbirləri aparılmışdır.
   Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə rentabelli sənaye sahələrindən olan ipəkçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır. Cari ildə  110 qutu ipəkqurdu toxumundan 23 nəfər kümçü tərəfindən 4436 kq yaş barama istehsal edilərək "Azəripək" MMC-yə təhvil verilmişdir. Qısa zaman kəsiyində əldə olunan gəlir insanların bu sahəyə olan marağını daha da artırır. Hazırda kümçülər 10 qutu baramaqurdu bəsləyir və yüksək məhsuldarlıq əldə edəcəklərinə tam əmindirlər. Kümçülərin EKTİS-də qeydiyyatı aparılmışdır.
   Qazaxda kənd təsərrüfatı məhsullarının becərilməsi üçün rayon ərazisində işəyararlı vəziyyətdə olan 259 ədəd traktor, 121 ədəd kotan, 115 ədəd mala, 25 ədəd gübrəsəpən, 68 ədəd taxıl toxumsəpən, 41 ədəd ox arxı çəkən tək korpus kotan, 29 ədəd taxılbiçən kombayn və başqa kənd təsərrüfatı texnikaları mövcuddur.
   Son üç ildə rayon əhalisinin arıçılığın inkişafına marağı daha da artır. Bu ilin aprel ayında rayonda 537 nəfərə məxsus 8612 arı ailəsi subsidiya alınması üçün EKTİS-də qeydiyyatdan keçirilmişdir.
   Qazaxda aqrar sektorun vacib sahəsi heyvandarlığın inkişafına münbit şərait var. İribuynuzlu heyvanlarda süni mayalama aparılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2021-ci ilin birinci yarısında 117 baş iribuynuzlu heyvanlarda  süni mayalama aparılmış,  67 baş cins tərkibi dəyişdirilmiş sağlam bala alınmışdır. Həmin balalara görə subsidiyanın alınması üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) qeydiyyatı aparılmış və təsdiq edilmişdir. Hər bir sağlam buzova görə 100 AZN olmaqla 6700 AZN subsidiya hesablanmışdır.
   Tədbirlər Planına uyğun 2021-ci ilin 6 ayı ərzində 22831 baş iribuynuzlu, 69982 baş xırdabuynuzlu, 1209 baş təkdırnaqlı heyvan qarayara xəstəliyinə qarşı, 2748 baş sahibli həyət itləri quduzluq xəstəliyinə qarşı, 23736 baş iribuynuzlu, 72798 baş xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı, 25065 baş iribuynuzlu heyvan Nodulyar Dermatit, 1154 baş xırdabuynuzlu heyvan  isə Çiçək xəstəliyinə qarşı, 11108 baş iribuynuzlu heyvan vərəmə qarşı peyvənd edilmişdir. Eyni zamanda 335 baş iribuynuzlu və 72 baş xırdabuynuzlu heyvanda yoluxmayan xəstəliklərə görə müalicə tədbirləri aparılmışdır.
   Dövr ərzində 32500 kvadratmetr ərazidə profilaktik, 600 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işi aparılmışdır.
Aparılmış baytarlıq tədbirlərinin nəticəsinə görə rayon ərazisində kənd təsərrüfatı heyvanları arasında heç bir təhlükəli yoluxucu xəstəlik qeydə alınmamışdır.
   Torpaqların aqrokimyəvi analizi ilə bağlı 17 nəfər müraciət etmiş və həmin şəxslərin 1484 hektar torpaq sahələri analiz olunaraq nəticələri onlara təqdim edilmişdir.

   Söhbətinin sonunda Həmid Pənahov əminlik ifadə etdi ki, işğaldan azad olunan torpaqlarda böyük potensial imkanlar mövcuddur və həmin ərazilərdə tezliklə həyata keçiriləcək işlər iqtisadiyyatımıza mühüm töhfələr verəcək və ölkəmizin əhalisinin bir çox kənd təsərrüfatı məhsullarına olan tələbatını idxaldan asıllıqdan qurtaracaq.

   Qələmə aldı: Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar