Əli Nağıyev həmin maddədən danışdı
Baxılıb: 519 Tarix: 09-10-2025 11:25

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, 2025-ci ilin avqust ayının 8-də Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Saziş layihəsinin 9-cu maddəsi məhz möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına həsr edilib: “Layihəyə əsasən, tərəflər hərbi münaqişədə baş vermiş itkindüşmə və məcburi yoxaçıxma hallarının həlli üçün birbaşa və ya aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər”.
Ə. Nağıyev əlavə edib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanat, eyni zamanda fevral ayında Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında keçirilmiş ilk görüş və sonrakı təmaslar, eləcə də müəyyən informasiya mübadilələrinin aparılması bu sahədə yeni ümidlər yaradır: “İnanırıq ki, Ermənistanın aidiyyəti Dövlət Komissiyası ilə məqsədyönlü təmaslarımız uğurla davam edəcək və hər iki tərəfə aid itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə müsbət töhfə verəcək”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər