“Bu gün daha 14 itkin şəhidin adları ictimaiyyətə açıqlanacaq”
Baxılıb: 444 Tarix: 09-10-2025 10:48

“Mövcud məlumata əsasən, Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Ə.Nağıyev qeyd edib ki, həmin şəxslərdən 3 min 984 nəfəri XX əsrin 90-cı illərində, yəni I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər: “3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır”.
Əli Nağıyev həmçinin bildirib ki, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 251 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi mümkün olub.
O qeyd edib ki, onlardan 187 nəfər barədə artıq məlumat ictimaiyyətə açıqlanıb, nəşləri ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər: “Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin şəhidin adları ictimaiyyətə açıqlanacaq. Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin şəhidimizlə bağlı da məlumat veriləcək”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər