Xəbər lenti
14/01/2025 [13:32]
Sabah hava necə olacaq?
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ADNSU çox hörmətli Vazeh Əskərovun rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Baxılıb: 876     Tarix: 14-01-2025 12:07   

2024-cü təqvim ili başa çatsa da, tədris ili davam edir. 2024/2025-ci tədris ili Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 105-ci qəbul ili olmağı ilə əlamətdardır. Bu il universitetə 5500-dən artıq tələbə qəbul olunub. Qəbul göstəricilərinə əsasən, bu il kəmiyyətlə yanaşı, keyfiyyət də, əvvəlki illərlə müqayisədə qəbulda orta bal göstəricisi də yüksəlib.

Ümumiyyətlə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi dosent Vazeh Əskərova həvalə olunandan sonrakı il yarım müddət ərzində müsbət yöndə xeyli dəyişikliklər baş verib. Xatırladaq ki, əvvəlcə ADNSU-da Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradıldı və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olundu. Elm və Təhsil Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edildi. Göründüyü kimi, Vazeh Əskərov son təyinata qədər kollektivə heç də yad adam deyildi.

Dosent Vazeh Əskərovun ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, həmçinin müasir çağrışlara uyğun yeniliklərin operativ olaraq tədrisə tətbiq olunması istiqamətində təklif və göstərişləri səmərəsini verməkdədir.

Müvafiq təhsil pillələrində yüksək akademik göstəricilərə və nailiyyətlərə malik olan məzunların Universitetdə qalıb işlə təmin olunması ilə yanaşı, elmi – pedaqoji fəaliyyətlə də məşğul olmaları istiqamətində bir sıra layihələr gerçəkləşdirilir. Müasir dövrün çağırışlarına, əmək bazarının tələblərinə, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq təhsilin keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə xüsusi diqqət yönəldilən ADNSU-da yaradılmış Karyera və təcrübə mərkəzi tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olan struktur bölmələrdən biridir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunun təmin olunmasında dəstək olmaq və köməklik göstərməkdir. Bunun üçün Karyera Mərkəzi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması məqsədi ilə kompleks tədbirləri həyata keçirir. Bu istiqamətdə Vazeh müəllimin gördüyü əhəmiyyətli işlərdən biri də ADNSU-da ölkənin aparıcı dövlət və özəl şirkət nümayəndələrinin iştirakı ilə Akademik İnkişaf Şurasını yaratması olub. Şuranın əsas məqsədi bakalavr və magistr proqramlarının sosial, peşəkar və iqtisadi mühitdəki dəyişikliklərə uyğun inkişafını təmin etməkdir.

Universitetdə imtahanların keçirilməsi mövcud qaydaların tələblərinə uyğun təşkil edilir. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın qorunması Universitetin dəyişməz mövqeyidir. Tələbələrin valideynlərinin də imtahan sessiyasına gəlib iştirak etmələri üçün zəruri şərait yaradılır. Artıq Universitetdə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb. İmtahan sessiyasında ümimilikdə 12715 bakalavr və 2452 magistrant iştirak edəcək. Payız semestrinin imtahan sessiyasında əsas imtahanlar dekabrın 28-dən yanvarın 31-dək davam edəcək. Sessiyanın obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə "İmtahan Qərargahı" və "Apellyasiya Komissiyası" yaradılıb.

Universitetdə tələbələrlə vətənpərvərlik tərbiyəsi müstəvisində aparılan səmərəli işin nəticəsidir ki, tələbə və məzunları sırasından Vətən müharibəsində qazanılan parlaq qələbəmizə töhfə verən şəhid və qazilər, veteranlar olmuşdur. Universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayır, şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilir. ADNSU-da şəhid məzunların xatirəsininin əbədiləşməsi istiqamətində görülən işlər sırasında universitetdə olan şəhid abidə kompleksi, şəhid məzunların adına açılan auditoriyalar tələbələrin ən çox sevdiyi məkanlardır.

Bayram və əlamətdar günlərdə Vazeh Əskərov başda olmaqla, ADNSU-nun rəhbərliyi Universitetin məzun şəhidlərinin ailələrini ziyarət edirlər. Şəhid valideynləri də onlara göstərilən diqqətdən razıdırlar və övladlarının vaxtı ilə təhsil aldığı ali məktəbi və onun böyük kollektivini özlərinə doğma bilirlər. Qeyd edək ki, ADNSU-nun 23 məzun şəhidi var və bu gün onların ailə üzvləri universitetin ən doğma və əziz insanlarıdır.

Bildiyimiz kimi, 2024-cü il həm də ölkəmizdə COP29 kimi əhəmiyyətli bir beynəlxalq tədbirin keçirilməsi ilə yaddaqalan oldu. ADNSU-nun bir qrup tələbəsi həmin nüfuzlu tədbirdə könüllü olaraq aktiv iştirak ediblər. Könüllü tələbələr texniki dəstək göstərir, xarici qonaqlara bələdçilik edir və tədbirin ümumi işinə əhəmiyyətli töhfələr veriblər. Bununla yanaşı, universitetin müəllim və tələbələri COP29 çərçivəsində təşkil olunan "Yaşıl Zona"nı ziyarət edərək müxtəlif ölkələrin, yerli və xarici şirkətlərin guşələri ilə tanış olublar. Onlar təqdim olunan ekoloji layihələr və innovativ həllərlə yaxından maraqlanaraq iqlim dəyişmələri mövzusunda biliklərini daha da artırıblar. Onu da qeyd edək ki, il boyu ADNSU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş müxtəlif tədbirlərin təşkilinə xüsusi önəm verilib. Universitetdə iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsuliyyət mövzularını əhatə edən seminarlar, müzakirələr və maarifləndirici layihələr həyata keçirilib. Ümumiyyətlə, dosent Vazeh Əskərov bu qənaətdədir ki, müasir sənayenin tələbələrinə cavab vermək üçün mühəndis təhsilinin elm və innovasiyalara əsaslanmasın mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, gələcəyin mühəndislərinin yaşıl texnologiyalara dərindən bələd olan kadrlar kimi yetişdirilməsi böyük önəm daşıyır.

Bu da bir aksiomdur ki, yeniliklər və yenilikçilər heç də hər mühitdə birmənalı olaraq tiolerant qarşılanmır. Xüsusilə də elm tutumlu əmək kollektivlərində kadr siyasətində edilən gedişlərə dirəniş göstərilir. Baxmayaraq ki, Vazeh Əsgərov kadr yerdəyişmələrində əslində müəssisənin köhnə rəhbərliyindən miras qalan problemlərin həllinə xüsusi diqqət ayırıb, işdən haqsız yerə kənarlaşdırılmış təcrübəli kadrları əvvəlki vəzifələrinə bərpa edib, həyata keçirdiyi bəzi, ələlxüsus da yaş senzi ilə bağlı zəruri rotasiyalar bir çoxunun xoşuna gəlməyib. Yeri gəlmişkən, bu tendensiya bütün digər ali təhsil müəssisələrində mövcuddur və müəssisə rəhbərlərini haqsız qınağa tuş gətirilməsi, əsasslz şikayətlər ilə müşayiət olunur. Düşünürəm ki, bütün bunlar zamanla keçici olaylardır. Vazeh Əskərov özü hansı mövqenin gənc və perspektivli qüvvələrə, hansı mövqenin isə çoxillik təcrübəyə ehtiyaclı olduğunu gözəl bilir.

Bir valideyn kimi, peşə fəaliyyətində uzun illərin təcrübəsinə əsaslanan müşahidə qabiliyyətinə malik bir jurnalist, media orqanı rəhbəri kimi ADNSU-da gördüklərim məni yaxşı mənada təəccübləndirib. Bu qənaətdəyəm ki, ADNSU çox hörmətli Vazeh Əskərovun rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İnanıram ki, ADNSU yeni 2025-ci ildə də ölkəmizin gələcək tərəqqisinə, milli-müstəqil iqtisadiyyatımıza töhfə verməyə hazır ali təhsilli vətəndaş yetişdirmək vəzifəsinin öhdəsindən layiqlə gələcək. Bu yolda Vazeh Əskərova və onun rəhbərlik etdiyi professor-müəllim heyətinə, tələbə kontingentinə uğurlar arzulayıram.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar