Məşhur film adaya 850 milyon qazandıra bilər

Tanınmış rejissor Kristofer Nolanın “Odissey” filmində baş qəhrəmanın vətəni olan İtaka adasına aid səhnələrin çəkildiyi Siciliyanın qərb sahilindəki Favinyana adası turizm bumuna hazırlaşır.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, filmin dünya prokatına çıxmasından sonra xarici qonaqların, xüsusilə ABŞ-dən olan turistlərin adaya olan marağı kəskin şəkildə artıb.
Bildirilib ki, Nolan Odisseyin sarayını canlandırmaq üçün Favinyana adasında yerləşən XV əsrə aid Santa-Katarina qalasını və ətraf buxtaları seçib. May ayından etibarən “Airbnb” platforması çəkiliş məkanlarının yaxınlığındakı mənzilləri reklam etməyə başlayıb, adanın özü isə kinoturizm istiqaməti kimi tanıdılmağa başlanıb.
İlkin qiymətləndirmələrə görə, yaxın üç il ərzində film Favinyana iqtisadiyyatına təxminən 287 milyon dollar (təxminən 488 milyon AZN) gəlir gətirəcək, uzunmüddətli perspektivdə isə gəlirin 500 milyon dolları (təxminən 850 milyon AZN) keçəcəyi gözlənilir.
Qeyd edək ki, Homerin eyniadlı poeması əsasında ekranlaşdırılmış “Odissey” filmi Troya müharibəsinin başa çatmasından sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına evə qayıtmağa çalışan İtaka çarı Odisseyin macəralarından bəhs edir. Büdcəsi 250 milyon dollar (təxminən 425 milyon AZN) olan film dünya prokatının təkcə ilk həftəsonunda 264,1 milyon dollar (təxminən 449 milyon AZN) toplamağa nail olub.
Qanunvehedef.az





















