Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İnsan bu yaş dövrlərində qəfil qocalır

Baxılıb: 813     Tarix: 19-05-2026 09:25   

Stanford Universitetində aparılan genişmiqyaslı araşdırma insan orqanizminin qocalma prosesinin düşündüyümüz kimi tədricən deyil, müəyyən yaş dövrlərində kəskin şəkildə sürətləndiyini ortaya qoyub.

 Qanunvehedef.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, insan bədəni, əsasən, 44 və 60 yaşlarında iki böyük “qocalma dalğası” yaşayır.

Araşdırmaya rəhbərlik edən genetika alimi Maykl Snayder və komandası müəyyən edib ki, molekulyar səviyyədə baş verən dəyişikliklər bu yaş dövrlərində nəzərəçarpacaq dərəcədə artır. Bildirilir ki, hansı molekul qrupunun araşdırılmasından asılı olmayaraq, insan biologiyasında ən dramatik dəyişikliklər məhz bu mərhələlərdə müşahidə olunur.

Tədqiqat çərçivəsində yaşı 25-70 arasında dəyişən 108 nəfər uzun müddət müşahidə altında saxlanılıb. İştirakçılardan mütəmadi olaraq götürülən nümunələr əsasında RNT, zülallar, lipidlər və mikrobiom daxil olmaqla, 135 mindən çox bioloji xüsusiyyət analiz edilib.

Alimlər milyardlarla məlumat nöqtəsinin təhlili nəticəsində müəyyən ediblər ki, Alzheimer, ürək-damar xəstəlikləri və digər yaşla bağlı problemlərin riski zamanla yavaş şəkildə deyil, əsasən, bu iki kritik yaş mərhələsindən sonra kəskin artır.

Araşdırılan molekulların təxminən 81 faizində 44 və ya 60 yaş dövrlərində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunub.

Tədqiqat nəticələrinə görə, 44 yaş ətrafında lipid, kofein və spirt mübadiləsi ilə bağlı molekullarda, həmçinin dəri və əzələ toxumalarında ciddi dəyişikliklər müşahidə olunur.

Əvvəlcə alimlər bu prosesin qadınlarda menopauza ilə əlaqəli ola biləcəyini ehtimal etsələr də, sonradan kişilərdə də oxşar dəyişikliklərin baş verdiyi məlum olub. Bu isə hər iki cinsə təsir edən ümumi bioloji mexanizmlərin mövcudluğunu göstərir.

Araşdırmaya əsasən, ikinci böyük dəyişiklik dalğası təxminən 60 yaşda baş verir. Bu mərhələdə karbohidrat mübadiləsi, immun sisteminin fəaliyyəti və böyrək funksiyalarında ciddi dəyişikliklər qeydə alınır.

Qeyd edilir ki, əldə olunan nəticələr gələcəkdə yaşlanma ilə əlaqəli xəstəliklərin qarşısının alınması və daha effektiv müalicə üsullarının hazırlanması baxımından mühüm rol oynaya bilər.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar