200 manatlıq pul nişanı ən yaxşı "beşlik"ə düşdü
Baxılıb: 751 Tarix: 31-05-2018 17:14
Azərbaycan Mərkəzi Bankı tərəfindən 200 manatlıq pul nişanının tədavülə buraxılması ilə əlaqədar cari ilin 23 may tarixində Bakıda keçirilmiş təqdimatla eyni gündə ABŞ-ın Dallas şəhərində keçirilmiş beynəlxalq konfransda yeni pul nişanının geniş təqdimatı keçirilib. Qanunvehedef.az-ın Mərkəzi Bankın saytına istinadən verdiyi məlumata görə, konfransda Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti yeni pul nişanının dizaynı və istehsalını həyata keçirmiş ABŞ-ın “Crane Currency” və Almaniyanın “Giesecke+Devrient” şirkətləri ilə birgə 200 manatlıq pul nişanını konfrans iştirakçılarına təqdim edib.
Təqdimatda pul nişanının yaradılması, o cümlədən dizaynı, təhlükəsizlik konsepsiyası və istehsal mərhələləri ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verilmiş, yeni pul nişanında tətbiq olunmuş ən müasir texnologiyalar nümayiş etdirilib.
Ümumilikdə 70-dək mərkəzi bankdan və 150 beynəlxalq təşkilatdan 750 nümayəndənin iştirak etdiyi konfransda 200 manatlıq pul nişanı ilə yanaşı bir sıra ölkələrin, o cümlədən Avstraliya, İsrail, Meksika, Rusiya, Qırğızıstan və Madaqaskarın yeni seriya banknotları da təqdim olunub.
Azərbaycanın 200 manatlıq pul nişanı öz dizaynı və təhlükəsizlik konsepsiyasına görə ekspertlər tərəfindən ümumilikdə təqdim olunmuş 30 banknot içərisində ən yaxşı beş banknotdan biri kimi qiymətləndirilmiş və növbəti ildə Dubay (BƏƏ) şəhərində keçiriləcək beynəlxalq Nağd Pul Konfransında “Ən yaxşı dizayn və mühafizə sistemlərinə malik banknotlar” üzrə nominasiya müsabiqəsinə təqdim edilib.
Konfransın gedişində 200 manatlıq pul nişanının hazırlanması zamanı tətbiq olunan ən son mühafizə texnologiyalarının, onların seçim proseslərinin və ümumi dizayna inteqrasiyasının geniş marağa səbəb olması ilə əlaqədar iştirakçıların müraciətləri nəzərə alınaraq əlavə panel görüşlər keçirilmiş, konfransın təşkilatçıları – “Currency Research”, “Beynəlxalq Nağd Pul Assosiasiyası”, “Beynəlxalq Banknot Dizaynerləri Assosiasiyası”, müxtəlif banknot çapı şirkətləri və digər təşkilatların rəhbərləri, eləcə də Mərkəzi Bankların nümayəndələri ilə müzakirələr aparılıb.
Yeni pul nişanının təqdimatı barədə məlumatlar bir sıra xarici xəbər portallarında (ABŞ, Böyük Britaniya və Almaniya) öz əksini tapmış və eləcə də, konfransın işıqlandırılmasını həyata keçirən beynəlxalq jurnallar, o cümlədən “Currency News” (ABŞ), “Watermark” (Rusiya), “Banknote Industry News” (Almaniya), “Banknote News” (Böyük Britaniya) və s. jurnallar tərəfindən geniş məlumatlar götürülüb.
Ən çox oxunanlar
Son xəbərlər