Akopyanın 13 qadınla döyüşə girməkliyi: “Plan-2”
Baxılıb: 437 Tarix: 27-10-2020 11:39
Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bu gün 13 qadınla təlimə başlayacağını, bir neçə gündən sonra isə təlimləri yekunlaşdıraraq, Azərbaycana keçəcəyini və burada döyüşə qatılacağını bəyan edib.
Əlbəttə ki, təbliğatdır: heç bir hökumət başçısı və ya onun arvadı müharibəyə birbaşa qatılmayıb. Bu baxımdan Anna Akopyanın da – həm də 13 qadından ibarət dəstə ilə - döyüşlərə qatılacağı mümkün deyil.
Amma bu təbliğatın özü Ermənistandakı ciddi proseslərdən xəbər verir.
Əvvəla, Ermənistan ordusu o vəziyyətə düşüb ki, ölkənin baş nazirinin arvadı və 13 qadına möhtac qalıb və yaxud ölkədə təbliğat üçün ən son yola əl atıblar.
Bəlkə də bunun əvəzində Paşinyanın oğlunun döyüşlərdə “qəhrəmanlığını” təbliğ etmək daha məqbul variant kimi səslənə bilərdi. Amma məsələ budur ki, erməni ictimaiyyəti artıq Paşinyan ailəsinə və onun təbliğat metodlarına inanmır. Paşinyanın guya Qarabağda “xidmət keçən” oğlunun da əvvəlcə Xankəndidə, sonra İrəvanda gecə klublarında kef etdiyini əks etdirən görüntülərdən sonra isə onun döyüşdüyünə heç kəsi inandırmaq mümkün deyil.
İkincisi, Anna Akopyanın Qarabağda döyüşəcəyini açıqlaması ilə bağlı əttökən təbliğat (görəsən, erməni cəmiyyəti bunu həzm edirmi?) əslində Ermənistan hökumətinin işğalçılıq siyasətindən bir addım da geri durmadığının göstəricisidir.
Dünya liderlərinə zəng edib, atəşkəsə nail olmaq istəyən, Qarabağda sülh danışıqlarına hazır olduğunu bildirən Ermənistan Baş naziri Paşinyan bir dəfə də olsun sülh üçün gərəkən bəyanat verməyib; bu şəxs bir dəfə də olsun deməyib ki, BMT qətnamələrinə uyğun olaraq Ermənistan ordusu işğalda saxladığı ərazilərdən çıxmağa hazırdır.
Əksinə, heç bir halda “Qarabağın kapitulyasiyası” ilə razı olmayacaqlarını bildirir: bunun üçün 13-14 yaşlı uşaqları və təlim görməmiş gəncləri, qocaları maşınlara dolduraraq ön cəbhəyə göndərir. Ön cəbhəyə tökülən gənclərin isə hansı şəraitdə olmaları barədə dünən artıq yerli media iki video yayıb.
Üçüncüsü, Ağ Ev rəsmisi Obrayn bir neçə gün öncə olduqca maraqlı bir açıqlama verdi. Bildirdi ki, artıq Rusiyaya tətbiq edəsi sanksiya qalmayıb – nə mümkün idisə, onu da ediblər. Amma Rusiya hələ çökməyib və Putin də geri addım atmayıb.
Bu sıraya İranı da aid etmək olar.
Bu siyasi proseslər fonunda Qarabağda Paşinyanın müharibəyə nail olması diqqət çəkir. Bundan öncə də qeyd etdiyimiz kimi, Paşinyan “Soros planı”nı icra etməli, Qarabağda müharibəni başlatmalı (“yeni ərazilər naminə yeni müharibə” tezisini xatırlayın) və bura üçüncü ölkələrin, konkret olaraq Rusiyanın müdaxiləsinə nail olmalı idi. Rusiya savaşa girəcəyi təqdirdə isə Qərbin “yadına düşəcəkdi” ki, Qarabağ – bütün beynəlxalq aləmdə Azərbaycanın ərazisi kimi tanınır və Rusiya qanunsuz olaraq işğalçılıq siyasəti aparır. Bundan sonra Avropa ölkələrinin Rusiyaya qarşı hərbi-siyasi və iqtisadi təzyiqləri üçün yeni imkanlar yaranacaqdı. Hətta ən mümkün variant Rusiyanın daxildən parçalanması planı idi.
Paşinyan buna nail ola bilmədi – “Plan-1” alınmadı. Rusiya Prezident Putinin simasında Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirərək, birbaşa müdaxilədən (Ermənistana hərbi-texniki dəstək isə davam edir) yayındı.
Beləliklə, Nikol Paşinyan planı icra edə bilmədiyi üçün çox aciz durumdadır.
ABŞ Dövlət katibinin sabiq köməkçisi Pol Qobl ötən gün açıqlamasında da buna işarə etmişdi. Sadəcə bir fərqlə: üçüncü humanitar atəşkəs rejiminin də Ermənistan tərəfindən pozulması səbəbindən danışan P.Qobl Ermənistanın vəziyyəti öz xeyrinə dəyişmək üçün atəşkəs razılaşmalarına əməl etməyəcəyini açıqlamışdı.
Amma burda “vəziyyəti öz xeyrinə dəyişməkdən” yox, müharibənin uzanmasına nail olmaqla üçüncü qüvvələrin Qarabağa müdaxiləsi planını icra etməkdən söhbət gedir.
Ona görə də “Plan-2” başlayıb: yeniyetmələrin döyüşə cəlbi, onlara öləcəyi halda əyinlərindən hərbi paltarı çıxararaq, “uşaqları öldürürlər” təbliğatı, “yeni erməni soyqırım” şüvənliyi... “Plan-2” üçün müharibənin uzanması, Ermənistanın daha ağır zərbələr alması lazımdır. Bunun üçünsə Akopyan da dövrəyə atılıb.
Mümkün görünmür, çünki həmin üçüncü qüvvələr – birmənalı olaraq Rusiya nəzərdə tutulur - Nikolun və ağalarının Qarabağda hazırladıqları “tələ”dən xəbərdardırlar.
Yeri gəlmişkən, İranın tam 30 ildən sonra gözləmədiyimiz halda neytrallıq nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsi və Ordumuzun qələbələrinə sevinməsi, hətta SEPAH generallarının lazım gələrsə, Qarabağda Azərbaycan tərəfdə vuruşmağa hazır olduqlarını bəyan etmələri qətiyyən təsadüf deyil. İran da, Rusiya kimi, Ermənistanın hansı oyun oynadığının və Ermənistanın müharibənin miqyasını böyüdərək, İran və Rusiyaya ağır zərbə vurmaq planından xəbərdardır. İran da fərqindədir ki, Ermənistan bölgədə çox ağır bir oyun oynayır, hədəf isə iqtisadi sanksiyalarla çökdürülməsi mümkün olmayan Rusiya və İrana son və həlledici zərbənin vurulmasıdır.
Paşinyan əslində ölkəsini necə oda atdığını və dəhşətli bir oyun oynadığını dərk etmək imkanında deyil və yaxud, artıq gecdir. Ona görə də ötəngünkü müraciətində “biz yalnız özümüzə güvənməliyik” dedi.
Artıq Paşinyan da bilir ki, heç bir ölkə hazırkı şəraitdə onun əvəzindən döyüşüb, Ermənistanın işğalçılıq siyasəti naminə vətəndaşlarını qırğına verməyəcək. Ancaq buna baxmayaraq, Ermənistan rəhbərliyi “üçüncü ölkələrin” Rusiyaya qarşı planlarını ermənilərin canı-qanı bahasına icra etməyə davam edir və yaxud buna məcbur edilir...
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər