Şuşa Fatehi Şəhid İsmət İmanovun Əziz Xatirəsi Anıldı

Dünən “AktualXəbər.az” informasiya portalının çəkiliş qrupu Ağsu rayonunun Ərəbmehdibəy kəndində Vətən müharibəsi şəhidi İsmət İmanovun ailəsini ziyarət edərək geniş reportaj hazırladı. Qeyd edək ki, İsmət İmanov Ərəbmehdibəy kəndinin yeganə şəhididir və kənd sakinləri tərəfindən böyük hörmət və ehtiramla yad edilir.
Çəkiliş zamanı şəhidimizin anası Aynur xanımla görüş keçirildi. Aynur xanım 31 ildir ki, Ərəbmehdibəy kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərir və vaxtilə öz oğlu İsmətə də müəllimlik edib. Oğlunun vətənə bağlılığı, vətənpərvər ruhda böyüməsi və şəhidlik zirvəsinə ucalması haqqında danışarkən duyğulu anlar yaşandı.
Şəhidimizin nənəsi Zümrüd nənə də çəkiliş zamanı nəvəsinin xatirəsini böyük kövrəkliklə yad etdi. Göz yaşlarını saxlaya bilməyən Zümrüd nənənin ən böyük arzusu Ərəbmehdibəy kəndinin məktəbinə və kənd küçələrindən birinə şəhid İsmət İmanovun adının verilməsidir. Bu arzu ailənin və kənd sakinlərinin ürəyindən gələn haqlı istək kimi diqqət çəkdi.
Çəkilişdə Binəqədi Rayon Təşkilatının sədri, Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin sədr müavini Sevda xanım, iki şəhid qardaşı Azər bəy, tanınmış və peşəkar həkim Dr. Fidan Mirzəyeva, həmçinin Ərəbmehdibəy kəndinin icra nümayəndəsi Hacıağa Hüseynov da iştirak etdilər.
Görüş zamanı ailə üzvləri və kənd sakinləri şəhid İsmət İmanovun döyüş yolundan bəhs etdilər. Bildirildi ki, İsmət İmanov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb və döyüşlərin ən ağır istiqamətlərində böyük qəhrəmanlıq nümunələri göstərib. O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini verib.
Məhz buna görə də kənd sakinləri və onu tanıyanlar İsmət İmanovu bu gün də böyük qürur hissi ilə “Şuşa Fatehi” adlandırırlar. Onun göstərdiyi igidlik və şücaət dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə şəhid İsmət İmanov müxtəlif döyüş və xidmətlərinə görə beş medalla təltif olunub.
Səfərin sonunda “AktualXəbər.az” informasiya portalının çəkiliş heyəti şəhidimizin uyuduğu məzarlığı ziyarət etdi. Məzarı önünə əklil qoyuldu, ruhuna dualar oxundu, əziz xatirəsi dərin ehtiramla yad edildi.
Şəhidlər ölməz, Vətən bölünməz! Şəhid İsmət İmanovun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Məqamı uca, ruhu şad, məkanı cənnət olsun.
“AktualXəbər.az”-a istinadən xəbəri paylaşırıq
Ceyhun Süleymanov

























