Milli Qurtuluşdan Hüquqi Dövlət Quruculuğuna: Ədliyyə Sisteminin İnkişaf Yolu

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində dövlətçilik ənənələrinin qorunması, milli müstəqilliyin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması ilə səciyyələnən əlamətdar tarixi hadisədir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkəni ağır siyasi böhrandan xilas etdi, dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısını aldı və Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi.
Həmin dövrdə ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik bütün dövlət institutları kimi ədliyyə sisteminin fəaliyyətinə də mənfi təsir göstərirdi. Hüquqi idarəetmənin zəifləməsi, qanunvericilik bazasının natamamlığı və dövlət təsisatlarının səmərəli fəaliyyət göstərə bilməməsi ölkənin qarşısında duran əsas problemlərdən idi. Milli Qurtuluşdan sonra həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində hüquqi dövlət quruculuğu prosesinə start verildi və ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bununla da ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli yaradıldı. Ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericilik sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Milli Qurtuluşdan sonrakı dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi dövlət idarəçiliyinin mühüm institutlarından biri kimi inkişaf etdi. Nazirliyin fəaliyyət istiqamətləri genişləndirildi, normativ hüquqi aktların hazırlanması və hüquqi ekspertizası sahəsində institusional imkanlar gücləndirildi, vətəndaşların hüquqlarının müdafiəsi və hüquqi xidmətlərə çıxış imkanlarının artırılması məqsədilə mühüm layihələr həyata keçirildi.
Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində məhkəmə-hüquq sistemində ardıcıl islahatlar davam etdirildi. Elektron xidmətlərin tətbiqi, vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması və müasir idarəetmə mexanizmlərinin tətbiqi ədliyyə sisteminin fəaliyyətində yeni keyfiyyət mərhələsinin formalaşmasına səbəb oldu. Bu gün Ədliyyə Nazirliyi hüquqi dövlət quruculuğu prosesinin aparıcı iştirakçılarından biri olaraq qanunun aliliyinin təmin edilməsinə, insan hüquqlarının müdafiəsinə və hüquqi münasibətlərin tənzimlənməsinə mühüm töhfələr verir.
15 İyun – Milli Qurtuluş Günü yalnız Azərbaycanın siyasi sabitliyə qovuşmasının deyil, həm də hüquqi dövlət quruculuğu yolunun başlanğıcı kimi qiymətləndirilir. Bu tarixi günün yaratdığı sabitlik və inkişaf mühiti nəticəsində ölkədə müasir ədliyyə sistemi formalaşmış, qanunun aliliyi prinsipi möhkəmlənmiş və hüquqi institutların fəaliyyəti yeni məzmun qazanmışdır.
Bu gün Azərbaycan ədliyyəsi Milli Qurtuluşun yaratdığı möhkəm təməl üzərində fəaliyyət göstərərək dövlətçiliyin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi və hüquqi dövlət prinsiplərinin inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. 15 İyun Milli Qurtuluş Günü isə bu nailiyyətlərin başlanğıc nöqtəsi kimi xalqımızın yaddaşında əbədi yaşayır.
Niyaz Yusifli, Saatlı rayon Notariat Ofisinin xüsusi notariusu



















