145 illik Milli mətbuatımız-"Əkinçi" izi ilə!
Baxılıb: 657 Tarix: 22-07-2020 09:56
Bu gün ölkəmizdə və dünyada baş verən bütün prosesləri və hadisələri bizə xəbər verən, insanların məlumatlanmasında və maariflənməsində böyük rol oynayan milli mətbuatımızın yaranmasından 145-il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və ölkəmizin ilk mətbu orqanı olan "Əkinçi" qəzetinin nəşrə başladığı tarix 1991-ci ildən Azərbaycan Milli Mətbuat günü kimi qeyd olunur.
Həmin dövrdə ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən böyük mütəfəkkir Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmiş və xeyli zəhmətdən sonra Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olmuşdur.1875-ci il 22 iyul tarixindən 1877-ci il sentyabradək fəaliyyət göstərən və cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, bu qəzetin Azərbaycan mətbuatının təşəkkülündə böyük rolu olub. Bu illər ərzində qəzetdə dövrünün bir çox ziyalı və maarifpərvərlərinin - Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Heydərinin Dərbənddən göndərdikləri məktubları, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Mirzə Fətəli Axundovun"Vəkili-naməlumi millət" imzası ilə məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunub.
Həsən bəy Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan maarifpərvər, demokratik naşirlər "Əkinçi"nin çıxdığı vaxtlarda xalqın şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verirdilər, həmçinin Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Buna görə də onlar, "Əkinçi" qəzetinin səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verilir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdılar.
Lakin belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Azərbaycan tarixində ilk mətbu orqan olan "Əkinçi" sonrakı illərdə yerini "Kəşkül" (1883), "Ziya" (1884) qəzetlərinə verdi.
XX əsrin əvvəllərində nəşr olunan mətbu orqanlar isə Azərbaycanın milli-azadlıq, milli oyanış hərəkatının əsas istiqamətverici qüvvəsi kimi tarixə düşüblər.
Ölkəmizdə milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə nəşr olunan qəzetlər isə cəmiyyətin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. Xüsusilə, Azərbaycanda milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan bu illərdə "Həyat", "Təzə həyat", "Füyuzat", "Şəlalə", "Açıq söz", "Şərqi-rus" və s. kimi qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıb, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində müstəsna xidmət ediblər. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Ölkəmizin mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən, ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görmüş "Molla Nəsrəddin" jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun səviyyədə görmək idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.
Lakin heç şübhəsiz demokratik cəmiyyətin inkişafına mane olan amillərdən biri də senzuranın mövcudluğudur. Azərbaycanda hələ sovet dövründən həm mətbuat, həm də incəsənətin müxtəlif növlərinin yayımında çox ciddi senzura tətbiq olunurdu. Azad yaradıcılığa, müstəqil fikrə ciddi senzuranın tətbiq olunduğu yerdə hansı inkişafdan söz açmaq olar? Mediada senzuranın tətbiqi həm də demokratik dəyərlərin tapdalanması deməkdir. Buna görə də demokratiya yolunda addımlayan ölkələr ilk olaraq mətbuat senzurasını aradan qaldırırlar.
Artıq XX əsrin 80-ci illərindən milli mətbuatımız azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, həmçinin yenilənən informasiya vasitəsilə operativ məlumatlandırmanın daşıyıcısı olub.
Ölkəmiz üçün bu yolda ilk addım isə ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpasından sonra atıldı. Belə ki, əvvəlcə sistemli formada KİV-in hüquqi bazası yaradıldı. Demokratiyanın yüksək inkişaf etdiyi qabaqcıl ölkələrin təcrübəsini əsas tutaraq Azərbaycan Konstitusiyasında mətbuat dövlət tərəfindən öz hüquqlarının yüksək səviyyədə qorunmasının təminatını həyata keçirdi. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.
Daha sonra ulu öndər Heydər Əliyevin 16 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Təbii ki, senzuranın birdəfəlik ləğvi ilə Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə keçdi, jurnalistlər azad sözü, müstəqil fikri hər vəchlə boğmağa çalışan senzura "bəlasından" xilas oldular.
Ölkəmizdə mətbuata olan diqqət və qayğı Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da gücləndirildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun yaradılmasında məqsəd Azərbaycanda söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsidir.
Azərbaycan mətbuatı tarixində ilkə imza atan, ana dilli mətbuatının ilk təməl daşlarını qoyan Həsən bəy Zərdabi belə deyirdi: "Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə-beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bə qədər məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər".
Həmin vaxtdan ötən 145 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Hesab edirəm ki, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyətdə inkişaf etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyəti ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Bu meyarlar Azərbaycan mediasının yeni keyfiyyət göstəricisinə çevrilir.
Bütün dövrlərdə mətbuat cəmiyyətin aynası hesab edilir. Bu səbəbdən mətbuat ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, eləcə də dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir, müstəqil media qurumları yaradılır. Xüsusilə müharibə şəraitində yaşadığımızı nəzərə alaraq düşmənə qarşı hər cəbhədə mübarizə aparmalı olduğumuzu unutmamalıyıq. Müasir dövrdə isə informasiya mübarizəsinin qalibi olan tərəf bütün mübarizələrdən qalib ayrılmağa təkan verən qüvvələrdəndir.
Hazırkı şəraitdə Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim müdafiə edərək uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır.
Milli Mətbuat Günü münasibətilə işinə vicdanla yanaşan bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli işlərində yeni-yeni uğurlar arzu edirəm!
Aydın Tağıyev
Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər