Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

QƏBƏLƏ - 2500: BİGANƏLİK, YOXSA QISQANCLIQ?!

Baxılıb: 556     Tarix: 30-01-2020 13:08   

Qədim Azərbaycan dövləti Albaniyanın ilk paytaxtı olmuş Qəbələ şəhərinin 2500 illik yubileyinin qeyd olunması ilə əlaqədar artıq on ildir ki, aidiyyəti elmi qurumlar və dövlət orqanlarına təkrar-təkrar müraciətlər göndərmişəm . Bununla bağlı dəfələrlə respublikanın rəsmi mətbuat orqanlarında, televiziya və radiolarda çıxışlarım olub.
Üstəlik qədim paytaxt şəhərimizin 2500 illik tarixinin elmi cəhətdən əsaslandırılması və yubileyin keçirilməsi ilə əlaqədar tələb olunan bütün sənədlər paketini də tam olaraq hazırlanaraq aidiyyəti elmi idarə və dövlət qurumlarına təqdim etmişəmƏfsuslar olsun ki, bütün bu səylərim heç zaman təsəvvürə gətirə bilməyəcəyim dərəcədə biganəliklə qarşılanmaqdadır. Sanki bu məmləkətdə heç kəs nə mətbuat oxuyur, nə də teleradio verilişlərini izləyir.


Anlaya bilmirəm, bu dərəcədə biganəlik mənim timsalımda bir elm adamının müraciətinə olan saymazlıqdırmı, qısqanclıqdırmı, yoxsa, sadəcə Qəbələyə, bütövlükdə tarixi-mədəni dəyərlərimizə olan münasibətdirmi?!!
Minnətdarlıq hissi ilə deməliyəm ki, Azərbaycan xalqı son illər öz tarixinin ən möhtəşəm çağlarını yaşamaqdadır. Demək olar ki, hər evdə, hər eldə ilboyu toy- büsatlar, şənliklər, təqdimatlar, ad günləri və yubileylər bir –birini əvəz edir . Etiraf edək ki, bir çox hallarda intəhasız dərəcədə ifratçılıq və israfçılıqla müşayiət olunan bütün bu təntənəli və təmtaraqlı tədbirlərin xeyli qismi ciddi kriteriyalar kontekstində o qədər də aktuallıq kəsb etmir. Əcəba, belə yubileylər bolluğu fonunda dövlətçilik tariximizin şanlı səhifələrinin yadigarı olan Qəbələnin 2500 illik yubileyi niyə də qeyd olmasın?!


Bu yerdə görkəmli alim- jurnalist professor Şirməmməd Hüseynovdan eşitdiyim bir əhvalatı yada salmaq məncə yerinə düşər:
- Növbəti dəfə Şəkidə olarkən M. F. Axundovun ev muzeyini ziyarət etdim. İçəri daxil olanda qeyri - adi bir mənzərənin şahidi oldum. Otaqların içərisində yan-yana çoxsaylı vanna, vedrə, qazan, tas və s qablar düzülmüşdü. Bələdçidən soruşdum ki, bunlar nədir belə! O da dedi ki, muzeyin dam örtüyü bərbad vəziyyətdə olduğundan yağış yağanda hər tərəfdən damır . Biz də məcbur qalaraq daman yerlərə qab-qacaq düzürük.
Axundovun ev muzeyindən çıxıb birbaşa Şəki şəhər mədəniyyət şöbəsi müdirinin görüşünə getdim . Kabinetinə daxil olaraq salam-kəlamsız ona sual etdim:- Yağış yağanda sizin evinizə damır?? O da çiynini çəkərək “ yox”, dedi . Mən isə ona dedim ki, amma Axundovun evinə damır. Oradan çıxıb Şəki şəhər sovetinin sədri və Şəki şəhər Partiya Komitəsinin birinci katibinin qəbuluna getdim. Onlara da eyni sualla müraciət etdim və təqribən eyni ruhlu da cavablar aldım . Sonra onlara da bildirdim ki, amma Axundovun evinə damır...
Bu minvalla Şəkinin bütün rəsmi idarələrinə vəziyyətin nə yerdə olduğunu çatdırım və ertəsi günü Bakıya döndüm. İki-üç gün keçər – keçməz Şəkidən xəbər gəldi ki, artıq Axundovun ev muzeyində təmir işləri başlanıb.
Doğrusu, hər dəfə Qəbələnin 2500 illiyi barədə düşünərkən qeyri-ixtiyari olaraq professor Ş. Hüseynovun Axundovun ev muzeyi ilə bağlı danışmış olduğu bu əhvalat yadıma düşür. Allah Şirməmməd müəllimə də, onun müraciətinə həssas yanaşan və çox operativ olaraq Axundovun ev muzeyinin əsaslı təmirinə qərar verən insanlara da qəni-qəni rəhmət eləsin.


Bu əhvalatı xatırlaya - xatırlaya hey öz - özümə düşünürəm . Bilmirəm ya mənim Qəbələ şəhərinin 2500 illiyini qeyd etməyə yönəlik müraciətlərim Şirməmməd müəllimin müraciətləri qədər təsirli alınmayıb, yaxud da müraciət ünvanlanan məmurlarımız hələ ki, Şəkinin o zamankı məmurları qədər həssas və diqqətli ola bilmirlər.
Qafar Cəbiyev 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalistшаблоны для dle 11.2