Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bu yol Cavada gedər...

Baxılıb: 571     Tarix: 23-05-2022 11:27   

Cavad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənddir. Tarixi Şirvanşahlar və Səfəvilər dövlətinin şəhəri, sonradan 18-ci əsrdə mövcud olmuş eyni adlı Cavad xanlığının və 1868-ci ilin fevralında yaradılan Cavad qəzasının (1916-cı ilədək) mərkəzi olmuşdur.Qədim tarixə malik bu kənd haqqında müfəssəl məlumatı Şəhid Şirəli Cəbrayılov adına Cavad kənd 2 saylı tam orta məktəbin direktoru Aydın müəllimdən öyrəndik. Əvvəlcə onu qeyd edək ki, Cavad kənd 2 saylı tam orta məktəbi Sabirabad rayonunun sayılıb-seçilən təhsil müəssisələrindən biridir. Məktəbdə 186 nəfər şagird təhsil alır. Riyaziyyat müəllimi Yasəf müəllimin, dil - ədəbiyyat müəllimi Aysel müəllim, ingilis dili müəllimi Gülər müəllim rayonun nümunəvi fəaliyyəti ilə seçilən qabaqcıl təhsil işçilərindən hesab olunurlar. Kollektiv, şagird kontingenti kiçik olsa da, kifayət qədər böyük uğurlara imza atıblar. Şagirdlərdən Ağazadə Seyidvəzifə Seyidhüseyn qızı olimpiada qalibi olmuşdur.
Aydın müəllimin dediklərindən: “Tarixi Cavad xanlığı müasir Cavad kəndinin ərazisində yerləşmişdir. Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi. Mərkəzi Cavad qalası idi. Nadir Şahın ölümündən sonra 1747-ci ildə yaranmışdır. Cavad xanlığının ilk xanı Qiyas xan olmuşdur. Ondan sonra Həsən xan Taleh (Tala) olmuşdur. Və ardınca İbrahim xan və Səfi xan olmuşdur. Həsən xan və iki oğlu İbrahimlə Məhəmmədsalah хan Qalaqayında anadan olmuşdur. Həsən хan bəzi mənbələrdə "Talе Həsən хan", "Tala Həsən хan" kimi хatırlanır. Həsən хan 1768-ci ildən Quba хanı Fətəli хanın vassalı оlmuşdu. Bir çох döyüşlərə qatılmış, Quba хanının tərəfini tutmuşdu. 1778-ci ildə Gilan hakimi Hidayət хan Kərim xan Zəndin göstərişi ilə Cavada hücum еdib Həsən хanı əsir alıb. Aprelin 6-da Gilan xanı Salyanı tutduqdan sonra Cavada hücum edib. 7 dəfə topdan şəhərə atəş açılıb. Şəhər camaatı təşviş içindəydi. Müdafiə oluna bilmirdi. Bundan sonra Həsən xan qardaşı və oğluyla şəhərdən çıxıb Gilan xanının hüzuruna gəldi və əfv dilədi. Tarixi mənbələrə görə Cavaddan 900-7500 nəfər arası əhali əsir olaraq Rəştə köçürüldü. Həsən хan bir müddət sоnra əsirlikdən azad оldu. Cavad əhalisi əkinçilik,maldarlıq və pambıqçılıqla məşğul idilər...”
Aydın müəllim tarixi mənbələrə istinadən xatırladır ki, Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir: “Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibələri dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606-1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson, rus Artemi Suxanov, Fyodor Kotov, alman Adam Oleari, hollandiyalı Yan Streys, şotlandiyalı Bel Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar.  Cavad XVII—XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, Lerx, Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri “fabrik və manifakturalar” olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır.
Kür çayı üzərində və Araz çayının Kürə töküldüyü yerlə üzbəüz yerləşən, əvvəllər böyük şəhər olan Cavad haqqında indi yalnız xatirələr yaşayır. Səfəvilər dövləti dağılmasından sonra adıyla eyni olan xanlığın mərkəz şəhəri olmuşdur. Azərbaycan xanlıqlarının işğalı prosesində çarizm gəmiçiliyin inkişafı üçün əlverişli yer ayılan Cavadda gömrük məntəqəsinin yaradılmasını da yaddan çıxartmamışdı. Cavad bu dövrdə hətta XIX əsrin birinci yarısında da avropalıların da istifadə etdikləri dəniz və quru ticarət yolunun üstündə mühüm məntəqə olmuşdur. Həştərxan-Rəşt yolu adlanan bu xəttin bir qolu da “Şamaxı-Cavad” və “Cavad-Lənkəran” olmuşdur. Cavad yolu el arasında da çox şöhrətli olmuşdur. Bununla əlaqədar olaraq hətta belə bir bayatı da yaranmışdır:
Bu yol Cavada gedər,
Dönər Cavada gedər.
Uçubdur könlüm quşu,
Gör nə havada gedər.
Nəhayət, bu da məlumdur ki, qraf Valerian Zubov çar qoşunları ilə Azərbaycana gələndə 1795-ci il noyabrın 21-də Cavad yaxınlığında düşərgə salmışdı. İki çayın qovuşduğu bu ərazidə o vaxt Yekaterinoserd adlı bir şəhər salmaq, orada iki minə yaxın çar əsgəri yerləşdirmək, onları bura gətiriləcək erməni və gürcü qızları ilə evləndirmək, torpaq və kənd təsərrüfatı alətləri ilə təmin edib məskunlaşdırmaq istəyirdilər. Həştərxandan gələn gəmilər yükünü burada boşaltmalı idi. Bu şəhərdən Gürcüstan, Gəncə, Bakı, Salyan, Şamaxı ilə əlaqə yaratmaq, İranla ticarətdə dayaq məntəqəsi kimi istifadə etmək niyyətində idilər. Bu ildə çoxdan düşünülmüş Cavad şəhərini yaratmaq üçün çiy kərpicdən ilk ikimərtəbəli bina və pravoslav kilsəsi tikilir. Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir”.
Aydın müəllimə doğma kəndinin tarixi barədə verdiyi müfəssəl məlumata görə təşəkkür edib məktəbdən ayrıldıq. Düşünürük ki, çar Rusiyasının Cavad kəndində Yekaterinoserd şəhəri salmaq və əhalinin say tərkibini xristianların xeyrinə dəyişdirmək niyyəti elə yaxşı ki baş tutmayıb.

Əlifağa Məmmədov
Elxan Niftəliyevшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər