Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arıçı-fermer Asim Quliyev: “Azərbaycanda arıçılıq məhsullarından dərman istehsalının təşkili məqsədəuyğun olardı”

Baxılıb: 1 326     Tarix: 29-12-2022 10:49   
 


Arxada qalan illər jurnalist kollektivimizə xeyli dostlar qazandırmışdır. Bu sıraya sadiq oxucular, problemlərini ictimailəşdirməklə həllinə nail olduğumuz vətəndaşlar, ayrı-ayrı sahələrin ekspert kimi rəyini öyrənib dərc etdiyimiz mütəxəssislər, fəaliyyəti təqdir olunan iş adamları və s. daxildir. Bir qayda olaraq, həmin şəxslərə istər fəaliyyət profilləri ilə bağlı tədbirlərə münasibət bildirmələri lazım gələndə, istərsə də ümumiyyətlə, bayram və əlamətdar günlərdə tribuna təklif edir, gözləntilərini soruşur, topluma məsləhətlərini öyrənirik. Sözsüz ki, ilin sonunda hamı, bütün zümrələrin nümayəndələri ilk növbədə özünə, əgər fəaliyyəti ictimai əhəmiyyətlidirsə cəmiyyətə, görəvlidirsə dövlət qarşısında hesabat verir, yeni illə bağlı proqnozlarını dilə gətirir. Tarixə qovuşmaqda olan 2022-ci ilin sonunda “Qanun və Hədəf” qəzetinin (“qanunvehedef.az” veb-saytının) qonağı Masallı rayonunun Ərkivan qəsəbəsi sakini, Azərbaycanı beynəlxalq sərgilərdə, aqrar-turizm forumlarında layiqlə təmsil edən arıçı-fermer Asim İntiqam oğlu Quliyevdir.
Asim müəllimə ilk sualımızla müraciətimiz belə oldu:
 
 - 2022-ci ilin noyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası Arıçılıqda istifadə olunan avadanlıq və texnikanın “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilməsi barədə qərar qəbul etdi. Beləliklə, təməl pətək emalı avadanlığı dəsti, avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəsti, tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar və arı ailələrinin daşınması üçün qoşqu güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil edilib. Arıçılıq məhsullarının maya dəyəri barədə təsəvvürü dəqiq olmayan oxucular üçün bilmək maraqlı olardı: Sizcə, bu qərar təsərrüfatlara nə qədər sərfəli olacaq və arıçılıq məhsullarının qiymətinə təsir edəcəkmi?

 - Bildiyiniz kimi, dövlət tərəfindən hər arı ailəsinə 10 manat subsidiya verilir, arıçılıq məhsullarının sərgi-satış yarmarkaları təşkil edilir. Əlbəttə, qeyd etdiyiniz siyahıda sadalanan avadanlıq və texnikaya güzəşt tətbiq olunarsa, arıçılıq üçün gözəl imkanlar yaradar, bu sahənin məhsullarının maya dəyərinə, qiymətinə mütləq təsiri olar. Təkcə arı ailələrinin daşınması üçün qoşqunu götürək. Məsələn, tutaq ki, hər dəfə arı ailələrini yaylağa daşımaq və mövsüm bitəndə geri gətirmək üçün 10 nəfər işçi çağırmaq, onlara muzd ödəmək lazım gəlir. Amma arıçı fermer güzəştlə qoşqu əldə etsə, həmin işi 2-3 nəfər işçinin zəhməti ilə yerinə yetirə bilər. Bu nöqteyi-nəzərdən, mən Kənd Təsərrüfatı Nazirliyinin məlum qərarını alqışlayıram. Ümid edirəm ki, yəqin əhəmiyyətli dərəcədə güzəştlər tətbiq olunar.



- Belə bir fikir mövcuddur ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən keyfiyyətli bal orta statistik Azərbaycan vətəndaşının qida zənbilinə daxil deyil. Hesab etmirsiniz ki, hökumət arıçılıq məhsulları bazarını stimullaşdırmaq üçün əlavə mexanizm hazırlamalıdır – məsələn, tutaq ki, Azərbaycan Ordusunun əsgərlərinin qida rasionuna bal da əlavə edilməlidir və s.?
 - Etiraf olunmalıdır ki, bal satışında çətinliklər olur. Yarmarkalarda məhsul çoxdur, təklif tələbi üstələyir. Olsun ki, tələbat da az deyil, amma qiymətlər əksəriyyətin alıcılıq qabiliyyətinə uyğun deyil. Olur ki, məhsulumuz bu ildən gələn ilə qalır. Bizə Qələbənin şanını, şirinliyini daddırmış Müzəffər Azərbaycan Ordusunun əsgərlərinin rasionuna balın da əlavə edilməsi yaxşı təklifdir. Başqa paralel variantlar da mümkündür. Məsələn, Azərbaycanda arıçılıq məhsullarından hazırlanan dərmanların istehsalı qurulub-inkişaf etdirilərsə, məqsədəuyğun olar, sahənin perspektivini və məhsuldarlığını daha da artırmağa böyük stimul verərdi. Bu gün istər təbabətdə, istərsə də kosmetik vasitələrin hazırlanmasında arı məhsullarından geniş istifadə olunur. Bal, çiçək tozu, vələmum, mum, arı südü, arı zəhəri, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir.


- Beynəlxalq ekspertlərin fikrincə, ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana məxsusdur və “premium” rəflərdə yer almalıdır. Bəs elə isə Azərbaycan balının ixracının artması üçün hansı işlər görülməlidir?

- Düzgün qeyd etdiniz. Hələ ötən əsrin əvvəllərində Azərbaycanın arı növləri damazlıq üçün Amerikaya aparılırdı. Hazırda ABŞ dünyada bal istehsalına görə lider ölkələrdəndir. 2022-ci ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Arıçılıq Assosiasiyalarının Beynəlxalq Federasiyasının 47-ci Konqresi keçirildi. Dünyanın 40-dan çox ölkəsindən 160-dan çox qonağın qatıldığı tədbirdə ölkəmizi Arıçılıq Assosiasiyasının, Peşəkar Arıçılar Birliyinin 20 nəfərdən çox üzvü təmsil edib. Tədbir çərçivəsində təşkil olunan sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdiriblər. Ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim olunub. Çoxsaylı münsiflər heyətinin qiymətləndirməsinə görə, Şəkidən olan “Qinyətoğulları” şirkəti dünya səviyyəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. Azərbaycan balı ilk yarışmada bu uğuru qazandı. Növbəti illərdə hətta birincilik də qazana bilərik. Məhsullarımız həqiqətən də “premium” məhsul kimi ixrac potensialına malikdir. Sadəcə Çin, İran, Türkiyə kimi nəhəng bal istehsalçısı olan ölkələr ərazilərinin genişliyinə və maya dəyərini aşağı salan ixtisaslaşma işini yaxşı qurduqlarına görə dünya bazarına da geniş qapılardan daxil olublar. Düşünürəm ki, ölkəmizdə arıçılıq məhsullarının istehsalının maya dəyərini aşağı sala biləcək tədbirlər həyata keçirilərsə, söhbətimizin əvvəlində sadaladığımız kimi mexanizmlər daha çox tətbiq olunarsa, Azərbaycan balının xarici bazara çıxmaq imkanı artar.


- Yeni illə bağlı xalqımıza arzularınız və həmvətənlərimizə tövsiyələrinizi bilmək maraqlı olardı?

- Möhtərəm Prezidentimiz və ailəsi başda olmaqla, Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, firavanlıq arzulayıram. Qoy, 2023-ci il dünyanın hansı ölkəsində yaşamasına baxmayaraq, hər bir azərbaycanlı ailəsinə bol-bol uğurlar gətirsin. Tövsiyəm budur ki, 2020-ci ilin payızında gücünü gördüyümüz və bütün dünyaya göstərdiyimiz milli birliyimizi, həmrəyliyimizi, xoşbəxt gələcəyə inamımızı qoruyaq və inkişaf etdirək.

 - Müsahibə üçün çox sağ olun, Asim müəllim! Sizin də bayramınız mübarək!
- Siz də sağ olun!

Müsahibəni apardı: Gül Bənizшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər