Xəzər rayonunda Azərbaycan Polisi Günü" qeyd olundu

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli, 710 nömrəli Fərmanına əsasən hər il iyulun 2-si ölkəmizdə Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu münasibətlə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər Rayon Polis İdarəsində tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının birinci müavini Elşən Qurbanov, RİH Aparatının və Polis İdarəsinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının həyata keçirilməsində Azərbaycan polisinin müstəsna xidmətləri vardır. E. Salahov polis əməkdaşlarına bu şərəfli və məsuliyyətli xidmətdə daim ayıq-sayıq olmağı, xidməti vəzifələrini yüksək məsuliyyət və vicdanla yerinə yetirməyi arzulayıb.
Tədbirdə çıxış edən Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov və YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov da polis əməkdaşlarını təbrik edərək onların fəaliyyətini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıblar.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Qəni Hüseynov



















