Elşən Salahov Mərdəkan məktəblərində şagird və valideynlərlə görüşdü – geyim qaydaları müzakirə olundu

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Mərdəkan qəsəbəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagird və valideynləri ilə görüş keçirib. Görüşdə məktəblərdə geyim qaydalarının tətbiqi, müvafiq qanunvericiliyin tələbləri və təhsil mühitində vahid yanaşmanın təmin olunması məsələləri ətrafında müzakirələr aparılıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun iştirakı ilə keçirilən görüşdə Mərdəkan qəsəbəsində yerləşən 123, 181 və 183 nömrəli tam orta məktəblərin, eləcə də Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagird və valideynləri iştirak ediblər.
Tədbirdə şəhid ailələrinin üzvləri, din xadimləri, ağsaqqallar, Mərdəkan qəsəbəsi üzrə inzibati ərazi dairəsinin nümayəndəsi, bələdiyyə sədri və adıçəkilən təhsil müəssisələrinin direktorları da iştirak ediblər.
Görüş çərçivəsində sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təhsil müəssisələrində mövcud vəziyyət, məktəb rəhbərliyi ilə valideynlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və şagirdlərin təhsil prosesində müəyyən edilmiş qaydalara uyğun davranışının təmin olunması diqqət mərkəzində olub.
Müzakirələrin əsas mövzularından biri dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydaları olub. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr və 6 oktyabr tarixli müvafiq qərarları ilə dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilib.
Görüşdə həmin tələblərin mahiyyətinin şagirdlərə, valideynlərə və müəllimlərə düzgün çatdırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, məktəblərdə geyim qaydalarına əməl edilməsi yalnız zahiri görünüş məsələsi deyil, eyni zamanda təhsil müəssisəsində nizam-intizamın, vahid yanaşmanın və sağlam pedaqoji mühitin qorunması baxımından əhəmiyyət daşıyır.
Bununla yanaşı, ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməməsi və müəllimlərin geyiminin təsdiq edilmiş tələblərə uyğun olması məsələlərinə də toxunulub. Bu tələblərin tətbiqi zamanı mövcud normativ hüquqi aktların əsas götürülməsi, qərarların mahiyyətinin aydın şəkildə izah edilməsi və yanlış anlaşılmalara yol verilməməsi önə çəkilib.
Görüşdə məktəb rəhbərlərinin, müəllimlərin və valideynlərin bu məsələdə əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığı bildirilib. Vurğulanıb ki, qaydaların tətbiqi zamanı şagirdlərin hüquq və mənafeləri nəzərə alınmalı, hər bir uşağın özünü təhlükəsiz və rahat hiss etdiyi, ayrı-seçkiliyə yol verilməyən təhsil mühitinin qorunması əsas prinsiplərdən biri olmalıdır.
Valideynlərlə məktəb rəhbərliyi arasında açıq ünsiyyətin qurulması, yaranan sualların qarşılıqlı dialoq əsasında aydınlaşdırılması və mövcud tələblərin vahid şəkildə izah edilməsi də müzakirə olunan məsələlər sırasında yer alıb.
Elşən Salahovun Mərdəkan qəsəbəsində şagird və valideynlərlə keçirdiyi görüş təhsil müəssisələrində gündəlik məktəb həyatını əhatə edən məsələlərin müzakirəsi, ictimaiyyətin mövqeyinin dinlənilməsi və mövcud qaydalar barədə məlumatlandırmanın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Belə görüşlər məktəb, ailə və yerli idarəetmə orqanları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, valideynləri maraqlandıran məsələlərin müzakirəsinə və təhsil mühitində sağlam münasibətlərin formalaşmasına xidmət edir.
Qəni Hüseynov
Qanun və hədəf qəzetinin şöbə müdiri




















