Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Zirə qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib
Əhalinin gündəlik həyatında qarşılaşdığı çətinliklərin yerində öyrənilməsi, vətəndaş müraciətlərinin birbaşa dinlənilməsi və mövcud problemlərin aidiyyəti qurumların iştirakı ilə həllinə nail olunması məqsədilə Xəzər rayonunda sakinlərlə səyyar görüşlər davam etdirilir.
04 noyabr 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, Aparatın məsul əməkdaşları, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, eləcə də rayonun müxtəlif idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul zamanı sakinlər onları narahat edən məsələləri birbaşa rayon rəhbərliyinin diqqətinə çatdırmaq, gündəlik həyatda qarşılaşdıqları çətinliklər barədə məlumat vermək və mövcud problemlərin həlli ilə bağlı təkliflərini səsləndirmək imkanı əldə ediblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, qaldırılan məsələlərin mahiyyəti və həlli imkanları ətrafında müzakirələr aparılıb.
Səyyar qəbulun diqqətçəkən məqamlarından biri də müvafiq sahələr üzrə məsul şəxslərin görüşdə iştirak etməsi olub. Bu, sakinlərin müraciətlərinin yalnız qeydə alınması ilə kifayətlənməyərək, məsələlərin aidiyyəti üzrə elə görüş zamanı müzakirəyə çıxarılmasına şərait yaradıb. Rayon rəhbəri qaldırılan hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmasının, həlli mümkün olan müraciətlər üzrə zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Müraciətlərin operativ və obyektiv araşdırılması, onların həlli istiqamətində konkret tədbirlərin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, icrası əlavə vaxt və araşdırma tələb edən məsələlərin nəzarətdə saxlanılması və nəticəsi barədə vətəndaşların məlumatlandırılması diqqətə çatdırılıb.
Səyyar qəbulların keçirilməsində əsas məqsəd sakinlərin problemlərini bilavasitə yaşadıqları ərazidə öyrənmək, dövlət qurumları ilə vətəndaşlar arasında birbaşa ünsiyyəti gücləndirmək və müraciətlərin həllinə daha çevik yanaşmanı təmin etməkdir.
Qəni Hüseynov





















