Xəzər rayonunda Əməkdar məşqçi, tanınmış ağsaqqal Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər Gənclər Evində Azərbaycan idmanının inkişafına uzun illər ərzində dəyərli töhfələr vermiş Əməkdar məşqçi, rayonun tanınmış ağsaqqalı Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Azərbaycan idmanının inkişafı, sağlam həyat tərzinin təbliği, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi hər zaman dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Bu sahədə uzun illər yorulmadan çalışan, öz peşəkarlığı, zəngin təcrübəsi və yüksək insani keyfiyyətləri ilə seçilən insanların xidmətləri isə xüsusi hörmət və ehtirama layiqdir. Belə şəxsiyyətlərdən biri də ömrünün böyük hissəsini idmana, məşqçilik fəaliyyətinə və gənc nəslin yetişdirilməsinə həsr etmiş Əməkdar məşqçi Firuddin Qurbanovdur.
Yubiley tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan İdman Akademiyası rektorunun müşaviri, Olimpiya çempionu Fərid Mansurov, rayon ağsaqqalları, fəal gənclər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon Gənclər və İdman sektorunun müdiri Gündüz Vəliyev yubilyarın həyat və fəaliyyətindən, onun idman sahəsində qazandığı nailiyyətlərdən, uzunillik məşqçilik təcrübəsindən və gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlərdən ətraflı bəhs edib. Bildirilib ki, Firuddin Qurbanov öz fəaliyyəti ilə yalnız idmançıların formalaşmasına deyil, eyni zamanda onların intizamlı, iradəli, məsuliyyətli və vətənpərvər ruhda yetişməsinə də mühüm töhfələr verib.
Daha sonra çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Firuddin Qurbanovu 80 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, onun çoxillik səmərəli fəaliyyətini və Azərbaycan idmanının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
Elşən Salahov vurğulayıb ki, uzun illər ərzində öz peşəsinə sədaqətlə xidmət edən, həyatını idmanın inkişafına və gənclərin yetişdirilməsinə həsr edən məşqçilər cəmiyyətimiz üçün əvəzolunmaz insanlardır. Onların qazandığı təcrübə, yetişdirdiyi idmançılar və formalaşdırdığı sağlam həyat prinsipləri gələcək nəsillər üçün mühüm örnək təşkil edir. Qeyd olunub ki, Firuddin Qurbanov həm təcrübəli məşqçi, həm də rayon ictimaiyyətində xüsusi hörmət qazanan ağsaqqal kimi uzun illərdir nümunəvi fəaliyyəti ilə seçilir.
Yubiley mərasimində çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Olimpiya çempionu Fərid Mansurov və digər natiqlər də Firuddin Qurbanovun zəngin həyat yolundan, idman sahəsindəki xidmətlərindən, gənc idmançıların yetişdirilməsindəki rolundan söz açıblar. Çıxışlarda vurğulanıb ki, idman sahəsində əldə olunan uğurların arxasında böyük zəhmət, illərin təcrübəsi, əzmkarlıq və öz işinə sonsuz sevgi dayanır. Bu baxımdan Firuddin Qurbanovun fəaliyyəti həm gənc məşqçilər, həm də gələcəyin idmançıları üçün dəyərli həyat məktəbidir.
Olimpiya çempionu Fərid Mansurovun tədbirdə iştirakı da yubiley mərasiminə xüsusi əhəmiyyət qatıb. İdman ictimaiyyətinin tanınmış nümayəndələrinin bir araya gəldiyi tədbirdə məşqçi əməyinin, müəllim-məşqçi ənənələrinin və idman nəsilləri arasında varisliyin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Tədbir boyunca səsləndirilən fikirlərdə xüsusi olaraq qeyd olunub ki, idman yalnız fiziki güc və qələbə demək deyil. İdman eyni zamanda insanda iradə, dözüm, intizam, mübarizə əzmi, Vətənə bağlılıq və sağlam düşüncə formalaşdıran mühüm tərbiyə vasitəsidir. Bu dəyərlərin gənclərə aşılanmasında isə təcrübəli məşqçilərin rolu əvəzsizdir.
Sonda çıxış edən yubilyar Firuddin Qurbanov ona göstərilən diqqət və ehtirama, ünvanına səsləndirilən səmimi təbriklərə görə Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirib. O, idman sahəsində fəaliyyət göstərdiyi illər ərzində əsas məqsədinin gənclərin sağlam, intizamlı və layiqli vətəndaş kimi yetişməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən Firuddin Qurbanova rayonun ictimai və idman həyatındakı xidmətlərinə görə Fəxri Fərman təqdim olunub. Mərasim xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Firuddin Qurbanovun 80 illik yubileyinin belə yüksək səviyyədə qeyd olunması bir daha göstərir ki, cəmiyyətimizdə zəhməti, təcrübəsi və fəaliyyəti ilə iz qoymuş insanlara böyük ehtiram göstərilir. Bu cür tədbirlər, eyni zamanda, gənc nəslə örnək olan şəxsiyyətlərin həyat yolunun tanıdılması, milli idman ənənələrinin yaşadılması və məşqçi əməyinə verilən dəyərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əməkdar məşqçi Firuddin Qurbanovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı həyatında xoş günlər arzulayırıq!
Qəni Hüseynov
Qanun və hədəf qəzetinin şöbə müdiri






















