Qəzetlərin evini nə və ya kim yıxdı? – Peşəkarlar danışdı
Baxılıb: 621 Tarix: 06-02-2019 16:15
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mediaya maliyyə ayrılması üçün qəzetlər qarşısında minimum 5 min tiraj, hər buraxılışdan isə ən azı 2 min nüsxə satılması şərtinin qoyulması, bu şərtdən sonra bir neçə qəzetin fəaliyyətini dayandırması medianın müzakirə mövzusuna çevrilib. Bir çoxları bunun qəzetlərə qarşı zərbə olduğunu bildirsə də, bir qism də o fikirdədir ki, satılmayan qəzetlər sıradan çıxsa yaxşıdır.
Bu mövzu ilə əlaqədar “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu etiraf edib ki, dövlət dəstəyi olmasa, qəzetlərin rentabelliyi aşağı düşəcək. R.Arifoğlunun sözlərinə görə, KİVDF-dən yardımlar olmasa, qəzetlər üçün çətin olar.
“Cumhuriyyət” qəzetinin baş redaktoru Rəfael Becanov isə hesab edir ki, qəzetlərə marağın olmaması, satılmamasına səbəb onun oxucunun gözünə görünməməsidir. R.Becanov bildirib ki, qəzetlərin evini səyyar və metro satışının qadağan edilməsi yıxdı:
“Qasid” firması var idi ki, qəzet yayımını həyata keçirirdi. “Qasid”in təkcə Bakıda 300-dən çox köşkü var idi və orada qəzetlər satılırdı. Hazırda cəmi 30-40 köşk fəaliyyət göstərir ki, o köşklər də elə bir yerdədir ki, alıcılar çox vaxt onu görmür.
Əvvəl redaksiyaların əl yayımı imkanları da var idi. Bundan başqa, metro yayımı da qəzet satışına ciddi şəkildə dəstək idi. Ancaq təəssüf ki, metroda da qəzet satışı tamamilə qadağan edildi, əl yayımına da qadağa qoyuldu”.
Təhsil eksperti Etibar Əliyev isə hesab edir ki, qəzet böhranında birinci səbəb qəzetlərin oxunmaması, ikinci səbəb qəzetlərin maraqsız olması, üçüncü səbəb isə qəzet oxumaq mühitinin yoxa çıxmasıdır:
“15-20 il bundan öncə köşklərin qarşısında xeyli sayda adamın qəzet gözləməsinin şahidi olmuşuq. Metroda qəzet oxuyan görmürəm. Qoltuğunda qəzet olan adama rast gəlmək olmur. Rus məktəblərinə olan maraq artır. Rus dilində qəzet oxucularının sayı da artır. "Ədəbiyyat qəzeti" ilə "Literaturnaya qazetanı", "İqtisadiyyat" adlı qəzetlə "Kommersant" qəzetini müqayisə etmək mümkündürmü? Qətiyyən. Qəzet rəhbərləri bundan sonra daha yaxşı və məzmunlu qəzet buraxacaqlarına söz versələr də, bu, mümkün deyil. Potensial ona imkan vermir. İtirilmiş oxucu kütləsi də buna inanmayacaq”.
E.Əliyevin sözlərinə görə, gənclik qəzetə torbada ilan kimi baxır:
“Rusiyada, Türkiyədə çıxan çoxtirajlı qəzetlərin çoxsaylı səhifələrində siyasətə və intriqalara çox az yer ayrılır. Bu, qəzetin oxunaqlığını artırır. Qəzetin süqutunun bir səbəbi də yazarların məzmunsuz köşələridir. Yazıçılar, sənət adamları, alimlər yazı yazmırlar. Qəzet bizim kimi cəmiyyətlərdə dəyər daşıyıcısına çevrilə bilmədi. Onu reanimasiyadan çıxarmaq çox çətindir. Saytlar qəzeti dalana sıxıb. Saytların tam şəkildə qəzeti əvəzləməsi arxivin və istinadın itməsidir”.
“Qaya” mətbuat yayımı firmasının rəhbəri Xanhüseyn Əliyev isə bildirir ki, günah elə qəzetlərin özlərindədir. O bildirib ki, oxucu görmək istədiyini qəzetdə tapa bilmir:
“Mən özüm də axtarıram ki, qəzetdə özümə uyğun nə isə tapım oxumağa. Ancaq tapa bilmirəm. Ona görə mən özüm də qəzet almıram”.
Media eksperti Zeynal Məmmədli isə o fikirdədir ki, media biznesə çevrilməlidir. Onun yeganə xilas yolu budur:
“Media spesifik biznesdir. Burada əldə hazırlanan, toxunan bir məhsul satılmır. Media ideal məhsul satır, düşüncə, fikir satır. Deməli, burada sərbəst bazar, rəqabət mühiti, yarış olmalıdır. Sən çox satılacaqsansa, digərləri də sənə baxıb, sənin ideyalarından yararlanacaq ki, çox satılsın. Ancaq bizim cəmiyyətdə bu olmadı. Bütün dünyada medianı, ümumilikdə Kütləvi İnformasiya Vasitələrini yaşadan reklamdır. Estoniyanın rəsmi reklam bazarı 200 milyon avro təşkil edir. Bizdə isə hallanan ən böyük rəqəm 50-70 milyon dollar olub. Halbuki bizim əhalinin sayı Estoniyanın əhalisindən 8 dəfə çoxdur.
İstisnasız, bütün Avropa ölkələrində məktəbdə mediadan necə yararlanmaq məsələsi öyrədilir. Türkiyə də buna başlayıb. Bizdə isə mediadan necə yararlanmaq lazım olduğunu bilmirlər”.
Ən çox oxunanlar
Son xəbərlər