“ABŞ-nin 3 ştatında məhkumlar azot qazı ilə edam edilir”
Baxılıb: 560 Tarix: 18-01-2024 14:10
Azot qazından istifadə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan cəza növü hesab edilməlidir. Amma gələn həftə Alabama ştatında məhkum Kennet Yucin Smitin məhz bu yolla edam edilməsi planlaşdırılıb.
Qanunvehedef.az “Report”a istinadən xəbər verir ki, bu, beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Ravina Şamdasani tərəfindən ciddi tənqid edilib.
Onun sözlərinə görə, hələ 2022-ci ildə Alabama səlahiyyətliləri Smiti öldürücü inyeksiya ilə edam etməyə cəhd ediblər və o vaxt məhbus artıq sərt rəftarla üzləşib.
Yeri gəlmişkən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi bildirib ki, hətta baytarlıqda azot qazı evtanaziyası protokolu ilkin sedasiya ilə həyata keçirilir. Lakin Smit belə bir sedasiya ilə də təmin edilmir. Bu, ona qarşı xüsusi qəddarlığın təzahürü sayıla bilər. Üstəlik, ABŞ-də insanları edam etmək üçün heç vaxt azot qazından istifadə olunmayıb. Belə bir edam üsulu insanların daha çox əzab çəkməsinə səbəb ola bilər.
“Ölüm cəzası yaşamaq hüququ ilə bir araya sığmır. Bu üsulun insanları cinayətdən çəkindirdiyinə dair heç bir dəlil yoxdur. Lakin bu cəza günahsız insanların edam edilməsi riski yaradır. Ölüm cəzasından istifadənin yeni üsullarından istifadə edilmək əvəzinə, bütün dövlətləri onun istifadəsinə moratorium qoymağa çağırırıq”, - R.Şamdasani vurğulayıb.
Ümumiyyətlə, mütəxəssislərin fikrincə, ölüm cəzasının bu üsulu Üçüncü Reyxin qaz kameralarını xatırladır. Özünü demokratik ölkə hesab edən ABŞ ölüm hökmünün hələ də tətbiq olunduğu bir neçə ölkədən biridir. Bundan başqa, ölüm cəzasının olduğu hər bir dövlət onu özünəməxsus şəkildə həyata keçirir. Bəzən hökmün icrası zamanı texniki problemlər yaranır və məhkum bir müddət əzab çəkir.
“Associated Press”in məlumatına görə, ABŞ-nin üç ştatında azot qazından istifadə edilməklə məhkumların edamına icazə verilir, lakin bu üsuldan heç vaxt istifadə olunmayıb. Azot hipoksiyasında insan inert qazla nəfəs almağa məcbur edilir. Nəticədə insan boğulmadan deyil, tədricən oksigen çatışmazlığından ölür.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər