Ordumuzun Mi-17-si düşmən tankını darmadağın edir - Video
Baxılıb: 974 Tarix: 28-12-2020 11:36
Qarabağda 44 günlük müharibə zamanı Azərbaycan ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silahlar, geniş çeşiddə pilotsuz aparatlar tətbiq etməsi və nəticədə yeni nəsil müharibə təcrübəsi ortaya qoyması dünyanın aparıcı ölkələrinin hərbi mütəxəssisləri tərəfindən öyrənilməkdədir.
Qanunvehedef.az Virtualaz.org-a istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı Azərbaycan Hərbi Hava Qüvvələri də quru qoşunlarının irəliləməsinə hava dəstəyi verərkən düşmən hədəflərinə yüksək dəqiqlikli raket və bomba zərbələri endirib. Məsələn, Azərbaycan HHQ-nin eskadrilya komandiri, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş polkovnik Zaur Nudirəliyev sovet Su-25 qırıcı-bombardmançısından düşmən hədəflərinə ilk dəfə lazerlə hədəfə yönləndirilən aviabomba ilə zərbələr endirməklə misilsiz təcrübə ortaya qoyub.
Eləcə də HHQ-nin Mi-17 vertolyotları düşmənə kifayət qədər uzaq məsafədən “SPİKE NLOS” raketləri ilə zərbələr endirib. Bu zərbələrin bəzilərinin görüntüləri sosial şəbəkələrdə yayılıb. Epizodlardan birində Azərbaycan pilotlarının düşmən tankına təxminən 15 kilometr məsafədən raket zərbəsi əks olunur. “SPİKE NLOS” raketi düşmən tankının açıq lyukundan içəri girir və təbii ki, onu darmadağın edir. Bu zərbə döyüş sursatının başlığında quraşdırılmış kamera ilə anbaan qeydə alınır və pilotlara ötürülür. Habelə yayılan kadrlarda düşmənin digər hərbi texnikasına və canlı qüvvəsinə də bu raketlərlə endirilmiş dəqiq zərbələr əks olunub.
Azərbaycan HHQ düşmən hədəflərinə onun hava hücumundan müdafiə sisteminin məsuliyyət zonasına daxil olmadan zərbə endirməyi 2016-cı ilin aprel döyüşlərinin təcrübəsinə əsasən mənimsəyiblər. Həmin döyüşlərdə düşmən mövqelərinə yaxın məsafədən zərbə endirən Mi-24 “Super Hind” vertolyotu vurulmuşdu. Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov açıqladı ki, Hərbi Hava Qüvvələrinin vertolyotları düşmənin hava hücumundan müdafiə sistemlərinin məsuliyyət zonasına daxil olmadan 50 kilometrə qədər məsafədən dəqiq raket zərbəsi endirmək qabiliyyətindədir.
Bu, Mi-17 vertolyotlarında “SPİKE NLOS” yüksək dəqiqlikli raketlərinin quraşdırılması sayəsində mümkün olmuşdu. Və Azərbaycan HHQ bu raketlərlə düşmənə ilk dəfə 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı zərbələr endirib. Ardınca 44 günlük müharibədə Azərbaycan ordusunun hücum vertolyotları bu təcrübəni geniş tətbiq edib və düşmənin hava hücumundan müdafiə komplekslərini, hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxarıb.
Ən çox oxunanlar
Son xəbərlər