Münhendə Əliyev-Paşinyan görüşü baş tuta bilərmi? – “Təşkilatçılar debatlarda maraqlı ola bilər...”
Baxılıb: 545 Tarix: 16-02-2023 14:13
Münhendə 17-19 fevral tarixlərində ənənəvi Təhlükəsizlik Konfransı
keçiriləcək. Bir çox liderin, yüksək rütbəli diplomatın və ekspertin qatıldığı tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin də iştirak edəcəyi gözlənilir. Tədbirdə Əliyev-Paşinyan arasında görüş keçirilə bilərmi?
Xatırladaq ki, ötən ilin noyabrında Praqda baş tutan dördtərəfli (İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron, Şarl Mişel) görüşdən sonra liderlər bir araya gəlməyib.
Politoloq Elxan Şahinoğlu bildirir ki, Nikol Paşinyan bu tribunadan istifadə edib Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istəyir. Onun sözlərinə görə, Azərbaycanın da tədbirdə yüksək səviyyədə təmsil olunacağı ehtimalı yüksəkdir: “Münhendə konfransla yanaşı müxtəlif mövzularla bağlı debatlar da keçirilir. Belə debatlardan biri Qarabağ mövzusuyla bağlı olmuşdu. İlham Əliyev və Nikol Paşinyan 2020-ci ilin fevralın 15-də debatda iştirak etdilər. Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Paşinyanın “Qarabağ Ermənistandır” şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Həmin debatdan 6 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi”.
Prezident İlham Əliyevin konfransda iştirakı təsdiqlənərsə, Nikol Paşinyanla Münhendə yenə debat keçirilə bilərmi?
Təhlilçi hesab edir ki, konfransın təşkilatçılarının belə bir debatda maraqlı olması mümkündür: “Belə bir debat olsa yenə gərgin keçəcək. Çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər”.
Ən çox oxunanlar
Son xəbərlər