İrəvanın Su-30 yalanı Bakı və Moskvaya təxribatdır
Baxılıb: 830 Tarix: 05-12-2018 14:48

Rusiya Ermənistana Su-30 təyyarələrini versə belə, bunların sayı çox olmayacaq.
Qanunvehedef.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
“100 milyon dollarlıq kreditə bu tip böyük sayda təyyarə almaq mümkün deyil. Digər tərəfdən, bu həm də satılacaq təyyarənin daxili, yoxsa eksport qiymətləri ilə Ermənistana veriləcəyi ilə bağlıdır”, – deyə o bildirib.
O, Moskvanın İrəvana maksimum 4-6 təyyarə tədarük edə biləcəyini və bunlardan ikisinin təlim təyyarəsi olacağını söyləyib.
Rusiyalı ekspert bu təyyarənin verilməsi ilə bağlı informasiyanı İrəvanın daha çox Rusiya ilə Azərbaycan arasında müəyyən qarşıdurma üçün istifadə etdiyini vurğulayıb:
“Hələlik yeni heç nə yoxdur. Erməni tərəfi əksər hallarda belə vəziyyətlərdə danışır, Rusiya isə susur. Hərdən İrəvan arzu etdiyini həqiqət kimi qələmə verir. Ermənistan Müdafiə Nazirliyinin Su-30-la bağlı bəyanatı da Moskvaya təzyiq cəhdidir. Digər tərəfdən, bu, həm də Bakıya qarşı aparılan bir növ psixoloji təsir cəhdidir. Yəni deyirlər ki, baxın, biz yeni müasir döyüş təyyarələri alacağıq. Belə cəhdlər Rusiya-Azərbaycan münasibətlərində disbalans yarada, iki ölkəni mübahisəyə məcbur edə bilər”.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistanla Rusiya arasında Su-30 qırıcılarının İrəvana verilməsiylə bağlı razılıq əldə edildiyini bildirib. O, bu qırıcıların Rusiyanın İrəvana təqdim etdiyi 100 milyon dollarlıq hərbi kredit çərçivəsində veriləcəyini söyləyib.
Xatırladaq ki, Su-30-ların qiyməti 50 milyon dollardır.
Ən çox oxunanlar
Son xəbərlər