Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezident bu fərmanı ilə yeni mərhələ başlatdı

Baxılıb: 731     Tarix: 01-02-2019 15:44   

Yenicə müstəqilliyini qazanmış Azərbaycan dövləti ilk dövrlərində cəmiyyət həyatının bir sıra əsas sahələrində olduğu kimi, dövlət mülkiyyətinin idarə edilməsi sahəsində də qeyri-stabilliklərlə qarşılaşıb. Lakin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yürütdüyü müdrik siyasət nəticəsində iqtisadiyyatda əsaslı islahatların aparılmasının zəruriliyi irəli sürüldü və dövlət mülkiyyətinin idarə edilməsi həmin islahatların başlıca istiqamətlərindən biri kimi müəyyən edildi.
Mülkiyyət münasibətlərinin daha da təkmilləşdirilməsi və özəl sektorun davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident kimi fəaliyyəti dövründə daha geniş vüsət alıb, prosesin sürətlənməsi və dərinləşməsi istiqamətində bir çox qərarlar qəbul edilib.
Ötən dövr ərzində özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki Dövlət Proqramı, özəlləşdirmə ilə bağlı Qanun və 50-dən çox normativ-hüquqi sənəd hazırlanaraq qəbul edildi. İlkin mərhələdə ticarət və xidmət obyektlərinin özəlləşdirməsi ilə başlanan dövlətsizləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini, nəqliyyat və rabitə, tikinti, kimya və ağır maşınqayırma, metallurgiya və digər bu kimi mühüm sahələri əhatə etdi.
Ümumilikdə ötən 20 ildən artıq müddət ərzində mülkiyyət münasibətləri sahəsində aparılan uğurlu siyasət ölkə iqtisadiyyatına mühüm töhfələr verib. 2016-cı ilin 19 iyul tarixində cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı isə sözügedən sahədə yeni mərhələnin başlanğıcı oldu.
Hazırda iqtisadiyyatın digər sahələrində olduğu kimi, dövlət mülkiyyətinin idarə edilməsi sahəsində də qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə innovativ yeniliklərin tətbiqi geniş vüsət alıb. Yeniliklər, əsasən, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron kadastr uçotu, habelə torpaqlardan səmərəli istifadə olunması və mühafizəsi sahəsində tətbiq edilib və bu istiqamətdə işlər uğurla davam etməkdədir.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq edilən yeniliklərdən biri “Elektron hərrac” sisteminin vətəndaşların istifadəsinə verilməsidir. İlkin mərhələdə “Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışı” ilə fəaliyyətə başlayan bu sistem hazırda bütün növ əmlakların satışını özündə ehtiva edir. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Özəlləşdirmə prosesini investorların ünvanına gətirən “Elektron hərrac”ın ən böyük üstünlükləri: məkan məhfumunun aradan qaldırılması, vaxt itirmədən onlayn olaraq hərracın gedişində iştirak edilməsi, hərracın internet üzərindən qeydiyyatsız izlənmə imkanı, 60 saniyəyə əmlak sahibi olmaq imkanı, vaxta qənaət, eləcə də dünyanın istənilən nöqtəsindən hərraca qoşulmaq imkanının olmasıdır. Sistem eyni zamanda yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.
Mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində son dövrlər tətbiq edilən yeniliklərdən biri də “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidmətinin istifadəyə verilməsi olub. Artıq dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək üçün banklara getməyə ehtiyac yoxdur. Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilərlər. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.
İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının yaradılması da dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin, şəffaflığın artırılması, optimallığın təmin olunmasına xidmət göstərən ən mühüm yeniliklərdən biridir. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılıb, eyni zamanda elektron xidmətlər portalına inteqrasiya edilib. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq.
Bununla yanaşı, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı hesabatların təqdim edilməsi elektron qaydada həyata keçirilməyə başlanılıb. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.
Ölkəmizdə son dövrlər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində də bir sıra yeniliklərə imza atılıb. Bunlara vətəndaşın istəyindən asılı olaraq daşınmaz əmlaka dair çıxarışların elektron şəkildə verilməsi, “Kütləvi çıxarış” kampaniyaları və “Mobil ofislər”in fəaliyyətə başlaması, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində dövlət rüsumu və xidmət haqqlarını hesablamağa imkan verən “Əmlakın Qeydiyyatı Kalkulyatoru” və “Kadastr kalkulyatoru” kimi xidmətlərin istifadəyə verilməsi aiddir. Tətbiq edilən yeniliklərin əsas məqsədi prosedurların optimallaşdırılması, vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin edilməsi, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsindən ibarətdir.
Ölkənin ilk milli Naviqasiya Sistemi - “AzNav”-ın hazırlanıb istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları çərçivəsində hazırlanmış və istifadəyə verilmiş ən mühüm sosial yönümlü innovasiyalardan biridir. Belə ki, “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə hər bir şəxs və ya qurum istənilən vaxt seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Sistemin ən böyük üstünlüyü ölkənin bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malik olmasıdır. Eyni zamanda “AzNav” həm onlayn, həm də oflayn rejimdə işləmək imkanına malikdir.
Ölkəmizdə ilk rəsmi Ünvan Portalının (www.unvanportali.az) istifadəyə verilməsi də bu sahədə mühüm innovativ addımlardandır. Portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır. Sayt Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında yaradılıb, yeni və köhnə ünvanlar bu məkanda yerləşdirilib. Vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış məlumatları rəsmi, fasiləsiz və çevik qaydada Portaldan əldə edə bilirlər.
Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu (EUARDİN) prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir.
Torpaq idarəçiliyi sahəsində tətbiq edilən ən böyük yeniliklərdən biri isə Peyk Nəzarət Sisteminin qurulmasından ibarətdir. Sistemin tətbiqinin əsas məqsədi torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tikililərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir. Sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub-olmadığını müəyyənləşdirəcək.
Eyni zamanda, vizual və statistik analizlər toplanmaqla ölkədə torpaq sahələri daha sistemli istifadə olunacaq, torpaqların münbitliyi qorunacaq və rahatlıqla geobotanik tədqiqatların aparılması mümkün olacaq. Həmçinin sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcək.
Cari ilin yanvar ayının 3-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə əmlak idarəçiliyi sahəsində bütün xidmətlərin vahid bir məkanda göstərilməsini təmin edən Əmlak Xidmətləri Məkanının açılışı isə sözügedən sahədə dövlət siyasətinin uğurla aparıldığını bir daha nümayiş etdirdi. Bu Məkan vətəndaşlara göstərilən xidmətlərin daha müasir idarəetmə prinsiplərinə uyğun təşkil olunmasına imkan verir. Burada bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunmasına, vətəndaş məmnunluğunun artırılmasına, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsinə, xidmətlərin tam elektronlaşdırılmasına istiqamətlənib.
Göründüyü kimi, dövlət mülkiyyətinin idarə edilməsi sahəsində tətbiq olunan yeniliklər, sosial yönümlü innovasiyalar ölkəmizin davamlı inkişaf yolunda uğurla addımlamasında çox mühüm rol oynayır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər