7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Baxılıb: 656 Tarix: 19-06-2019 10:55
Paşinyan "Qarabağ klanı"nın onunla hesablaşmadığını düşünür və ona təzyiq edir, eyni zamanda ikincilər də baş nazirdən narazıdır. Ekspertlərin fikrincə, hazırda Paşinyan "Qarabağ klanı"ından güclüdür. Bildirilir ki, burada söhbət xalq dəstəyindən gedir. Ermənilər ötən il baş verən inqilabı qəbul etdilər. Paşinyan bu gücdən istifadə edərək, "Qarabağ klanı"na təzyiq edir. O, istənilən vaxt Qarabağa maliyyə dəstəyini kəsə bilər.
Qanunvehedef.az xəbər verir ki, publika.az-a danışan siyasi şərhçi, sabiq siyasi müşavir Qabil Hüseynlinin fikrincə Paşinyanla Qarabağ klanı arasında gərginlik hazırda pik həddindədir:
"Nikol Paşinyanla Qarabağ separatçıları arasındakı gərginlik Serj Sarkisyanın istefası ilə başlayıb. Daha sonra Robert Koçaryanın həbsə atılması etirazçıları daha da coşdurdu. Qarabağ separatçıları belə hesab edirlər ki, son dövrlərdə onların gördüyü işi Paşinyanın başına yığdığı minlərlə adam görə bilməyəcək. Guya onlar itirilmiş torpaqların böyük bir hissəsini geriyə qaytarıblar, yavaş-yavaş dünyada tanıtmaq istədikləri qondarma respublika qurublar. Üstəlik Ermənistanın dünyadakı nüfuzunu artıran məhz Qarabağdakı siyasilər olub. Onlar Paşinyana, sözün həqiqi mənasında, yuxarıdan aşağı baxırlar. İstər Sarkisyan, istər Koçaryan, istərsə də Saakyan. Bu adamlar özlərini olduqca təkəbbürlü aparır və belə hesab edirlər ki, son dövrlərdə Ermənistanın uğurlarında Paşinyanın payı yoxdur. Baş nazir sadəcə olaraq populizmlə məşğuldur. Yerli ermənilərlə Qarabağ erməniləri arasında yaranmış ziddiyyətlərdən istifadə edərək insanları küçəyə çıxara bilir və Sarkisyan qan tökülməsin deyə istefaya gedir".
Siyasi şərhçi qeyd edir ki, Qarabağ separatçıları üçün Paşinyan avtoritet deyil: "Buna görə də açıq şəkildə bildirirlər ki, onların geri çəkilməyə heç bir əsasları yoxdur. Müstəqil respublikadırlar və uzaq başı, Ermənistanla hər hansı müstəvidə əlaqə qurmaqdan da imtina edə bilərlər. Paşinyanı qorxutmaq üçün psixoloji təsir vasitələrindən belə istifadə edə bilirlər. Baş nazir isə onları ittiham edir ki, ondan qisas almaq üçün az qala, Azərbaycanla gizli danışıqlar aparırlar və Dağlıq Qarabağın kənarında işğal olunmuş əraziləri danışıqlar yolu ilə Azərbaycana təslim etmək niyyətindədirlər. Halbulki, reallıqda belə bir şey yoxdur. Bu Paşinyanın təxəyyülünün məhsuludur. Yeri gələndə, məsələn, Putinlə danışanda bu arqumentlərdən istifadə edir. Amma Paşinyan onu da yaxşı bilir ki, Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi həlledicidir. Elə baş nazir də, Ermənistanın hər bir vətəndaşı da yaxşı başa düşür ki, açıq şəkildə deyilməsə də, bu torpaqları Rusiya ələ keçirib və o, necə sərəncam versə, torpaqların taleyi də o cür olacaq. Hətta işğal olunmuş Azərbaycan topaqlarına rus qoşunlarının yenidən yerləşdirilməsi, Şuşanın özündə isə radiolokasiya sistemlərinin quraşdırılması haqqında planları var. Bir sözlə, çox qarışıq bir situasiya əmələ gəlib. Bu situasiyada Paşinyan bir il bundan əvvəl malik olduğu reytinqin xeyli hissəsini itirib. Rusiyanın müəyyən təzyiqi ucbatından bölgədə normal siyasət də həyata keçirə bilmir. Nə ictimai münasibətlərin yenidən qurulması istiqamətində addımlar ata bilir, nə Ermənistanda demokratik dəyərlərin oturuşmasını təmin edə bilir. Köhnə, SSRİ dövründən qalma siyasi sistem hələ də yaşamaqdadır. Həyata keçirilən təyinatlar da lazımi səmərəni verə bilmir".
Qabil Hüseynli bildirir ki, bu nöqteyi-nəzərdən Koçaryanın həbsxanadan buraxılması Paşinyanın nüfuzuna vurulan son zərbə oldu: "Hətta tərəfdarları arasında da onun nüfuzu ilə bağlı müəyyən tərəddüdlər var. Proseslər belə bir qarşıdurma şəraitində cərəyan edir. Bir zamanlar cəhd olundu ki, "Məxməri inqilabı" Xankəndinə də istiqamətləndirsinlər. Amma bu alınmadı. Rusiya imkan vermədi. Rəsmi Moskva başa saldı ki, bu torpaqlara rəhbərliyi o edir və burada kimsə istədiyi addımı ata bilməz. Elə o vaxtdan da Paşinyanın burnundan vurub geriyə qaytardılar. Qondarma Dağlıq Qarabağ Respublikası da başda prezidenti olmaqla, Ermənistandan tam asılı olmayan siyasətini yürütməyə davam edir. Bu siyasət mütəmadi olaraq bir-birinə ideoloji, siyasi atmacalarla müşayiət olunur. Bu atmacalar ortamı gərginləşdirsə də, hələ ciddi qarşıdurmalara gətirib çıxarmayıb. Arabir Azərbaycana qarşı müəyyən təhdid elementləri onları sakitləşdirir. Sonradan vəziyyət yenə də qızışır. Hər halda, sonda Vladimir Putinin əmr verməsi ilə hər şey öz yerinə otura bilər".
Ən çox oxunanlar
Son xəbərlər