Bolton Qarabağ açıqlaması ilə hansı mesajı verdi? – Şərh
Baxılıb: 595 Tarix: 19-06-2019 12:18
Azərbaycan və ABŞ arasında olan münasibətlər günü-gündən inkişaf edir. Bu, həm də Boltonun bölgəyə səfərindən sonra isinən ikitərəfli münasibətlərlə bağlıdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da baş tutacaq görüşü ilə bağlı qeyd edib. O vurğulayıb ki, Vaşinqtonda baş tutacaq görüş münaqişənin həllində böyük rol oynayacaq:
“Mən XİN rəhbərlərinin ABŞ-dakı görüşü ilə bağlı bir qədər fərqli mövqedəyəm. Bolton artıq sosial şəbəkədə də Azərbaycan və Ermənistan XİN başçılarını səbirsizliklə gözlədiyini yazıb. ABŞ “Əsrin müqaviləsi” imzalanandan sonra regionda daha çox iqtisadi sahələrdə aktiv idi. İndi isə Rusiya ilə davam edən geosiyasi qarşıdurma nəticəsində öz strategiyasının mühüm xətti olan Rusiyanın cənubunda da fəallaşmaqdadır. Baltikyanı ölkələr və Şərqi Avropadan sonra Qara dəniz vasitəsi ilə Cənubi Qafqaza istiqamətlənən ABŞ hər iki münaqişə tərəfi ilə ciddi söhbətlər edəcəkdir. Azərbaycan-ABŞ münasibətləri bu il ərzində yüksələn xətt üzrə inkişaf etməkdədir. Regionda son hadisələr Azərbaycanı Vaşinqtona daha da yaxınlaşmağa vadar edir. Buna görə də hesab edirəm ki, rəsmi Vaşinqton münaqişənin həlli üçün lazımi addımları atacaq”.
Politoloq Ermənistanın ABŞ-la olan münasibətindən də danışıb:
“Ermənistan-ABŞ münasibətlərində isə ciddi problemlər var. Guya qərbçi olan Paşinyan da bu münasibətləri düzəltmək iqtidarında deyil. Vaşinqton Rusiya ilə sıx əlaqədə olan heç bir ölkəyə maliyyə yardımı etmək istəmir. Təsadüfi deyil ki, düşmən ölkədəki seçkilərdən sonra da İrəvandan bir neçə dəfə yüksək heyətin Ağ Evə və Dövlət Departamentinə səfərləri onların qapı arxasında qalmaları ilə nəticələndi. Ermənilərə dəstək ən yaxşı halda Konqresdə davam edəcəkdir.
İş orasındadır ki, indi Vaşinqtonda oturan yəhudi lobbisinin əsas məqsədi İranı zəiflətməkdir. Ermənistan isə blokada məsələsini bəhanə gətirərək, İran ilə münasibətlərində əvvəlki kimi çirkli pulların yayılması, qanunsuz narkotik ticarəti, müəyyən silahların daşınması və s. davam etdirir. Səhv etmirəmsə, 2003-cü ildə “Vikiliks” də bu haqda məlumat yaymışdı. Ancaq ABŞ-dakı erməni lobbisinin səyi nəticəsində bütün bu illər ərzində ABŞ İrəvanı İran ilə münasibətlərinə görə heç vaxt sıxışdırmır”.
Ən çox oxunanlar
Son xəbərlər