Tiflisi qarışdıran ABŞ-ın baza arzusudur? - Vasadze
Baxılıb: 527 Tarix: 05-07-2019 12:50
Gürcüstanda aksiyaların ilk günlərində mitinq iştirakçıları parlamentin spikerinin istefasını tələb edirdilər. Spiker tezliklə istefasını açıqladı. Etirazçıların digər tələbləri: Daxili İşlər naziri Georgi Qaxariyanın istefası, aksiyalar zamanı saxlanılan aktivistlərin azad edilməsi, növbədənkənar parlament seçkilərinin elan edilməsi və seçkilərin proporsional sistemlə keçirilməsi. Seçkilər də təyin olundu, aksiyalar çərçivəsində saxlanılanlar azad edildi, hətta Qaxariya da istefaya getməyə hazır olduğunu açıqladı.
Belə olan halda nəyə görə Gürcüstandakı etiraz aksiyaları sakitləşmir? Qonşu ölkədə baş verənlərin arxasında əslində kimlər dayanır?
Gürcüstanın aparıcı politoloqlarından sayılan Gela Vasadze açıqlamasınmda bildirib ki, etirazçıların əsas tələbləri hələ də yerinə yetirilməyib.
“Nazir istefaya getməyə hazır olduğunu, lakin bunu aksiyalar dağılandan sonra edəcəyini açıqlayıb. İnsanlar isə Tiflisdə iyunun 20-dən 21-nə keçən gecə baş verənlərdə Qaxariyanın birbaşa olaraq siyasi məsuliyyət daşıdığını hesab edirlər. Etirazçılar Daxili İşlər nazirinin istefasını istəyir, hökumət isə bunu etmir, üstəlik bütün bunlardan əlavə “sağ ol” da deyir”, - Vasadze bildirib.
Vasadzenin fikrincə, yalnız Qaxariyanın təcili istefası etirazlara son qoya bilər:
“Əminliklə deyə bilərəm ki, Daxili İşlər naziri belə asanlıqla öz kreslosunu təhvil verməyəcək. O, yalnız istintaq günahını sübuta yetirəcəyi halda istefaya gedəcəyini açıqlamaqla bu fikri söyləməyə əsas verib. Hər şey isə bu qədər sadə deyil. Belə ki, polis və prokurorluq orqanlarındakı istintaq hakimiyyətə tabedir”.
Gürcüstandakı aksiyaların arxasında ABŞ-ın dayanmasına dair fikirlər də var. Məsələ burasındadır ki, Tiflis Anakliyanı turizm istiqaməti kimi istifadə etmək və bununla hər il milyardlar qazanmaq istəyir, Vaşinqton isə burada hərbi baza yaratmaq niyyətindədir.
Gürcü politoloq bu fikirlərlə razılaşmadığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstan həqiqətən Anakliyanı turizm istiqaməti kimi istifadə etmək istəyir və baza məsələsinin bura heç bir aidiyyəti yoxdur. ABŞ Qara dənizin logistik imkanlarından yararlanmaq istəyir, bunun üçün isə hərbi nəzarət lazımdır.
“Etirazların arxasında ABŞ dayanır? Heç də belə deyil. Etirazların arxasında hökumət və siyasi elita daxilindəki qruplar dayanır. Vəziyyətin ayıq başla qiymətləndirilməsi budur”, - ekspert bildirib.
Ən çox oxunanlar
Son xəbərlər