Hacıbala Abutalıbovun məktubu hələ yetişməyib: "Poçtla gəlir yəqin…"
Baxılıb: 999 Tarix: 27-11-2018 16:08
Baş nazirin müavini Hacıbala Abutalıbov yerli mediaya açıqlamasında bildirib ki, Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları növbəti ilədək davam edəcək:
"Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi 2 dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq".
H.Abutalıbov həmçinin qeyd edib ki, yaxın günlərdə ərazidə polis məntəqələri yaradılmalıdır:
"Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Səbail rayon Polis İdarəsinə mənim imzamla məktub göndərilib. Mənə elə gəlir ki, sabah, ya birisi gün polis məntəqəsi yaradacağıq. Kim ki, verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq və məsuliyyət daşıyacaq. Əgər insan öz həyatından çox malını sevirsə, o, insanlıqdan kənardır".
Səbail Rayon Təsərrüfatı Şöbəsinin müdiri Vüqar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, ilk olaraq sürüşmə ərazisinin böyüdülməsi üçün mütəxəssislər rəy verməli və hansı ərazini əhatə etməsini qeyd etməlidirlər:
"Həmin ərazinin xəritəsini də Ekologiya və Təbii Sərvətlər Nazirliyi işləyir. O xəritə işlənir, daha sonra Nazirlər Kabinetinə məktub göndərilir. Həmin məktubun əsasında isə bu işi səlahiyyətli təşkilat icra edir".
V.Məmmədov qeyd edib ki, hazırda sürüşmə zonasında əlavə polis məntəqələri yaradılmayıb:
"Polis məntəqələri qurmaq Daxili İşlər Nazirliyinin ixtiyarındadır. Orada daimi polis nəzarəti var, əlavə polis məntəqələri üçün isə rəsmi tapşırıq olmalıdır. Ola bilər ki, Hacıbala Abutalıbov bu barədə məktub göndərib, ancaq bugünkü tarixə gəlib çatmayıb. Poçtla gəlir, yəqin ki, 1-2 günə gələcək".
Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.
Həmçinin qeyd edək ki, hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Tapşırıqlara məhəl qoymayanlar isə villalarında yaşamaqda davam edirlər.
Ən çox oxunanlar
Son xəbərlər