Hadı Rəcəbli maaş artımından danışdı
Baxılıb: 800 Tarix: 19-06-2019 11:37
"Prezident İlham Əliyevin atdığı addımların mərkəzində vətəndaş dayanır. Bilirsiniz ki, dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bu artımı hər bir vətəndaş hiss edəcək".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri qeyd edib ki, artım 950 minədək vətəndaşı əhatə edəcək: "Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif maaşları üzrə orta əməkhaqqının 265 manatdan 367 manata çatacaq. Müəllimlərin, elmi işçilərin, hərbi qulluqçuların və digər strukturlarda təmsil olunanların əmək haqqı artdı. Prezident İlham Əliyev dəfələrlə 2019-cu ili "Sosial müdafiə ili" adlandırıb. Xatırlayırsınızsa, bu ilin əvvəlində minimum əməkhaqqının məbləği 130 manat idi. Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı ilə bu, 250 manat, başqa sözlə iki dəfə oldu. Azərbaycan hökumətinin atdığı addımların hər birində vətəndaş ön planda olur".
H.Rəcəbli bildirib ki, Milli Məclisdə bir sıra qanunlara dəyişiklik ediləcəyi gözlənilir: "Yəni, Prezidentin bundan sonra da bir sıra mühüm addımlar atacağı istisna deyil. Düşünürəm ki, bu cür müsbət addımlar ilin sonuna qədər vaxtaşırı atılacaq. Bütün bunlar vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edir. Qeyd etmək istəyirəm ki, pensiyaların da artımı gözlənilir. Beləliklə, Prezident İlham Əliyev xalqa verdiyi vədlərini yerinə yetirir".
Ən çox oxunanlar
Son xəbərlər